• cümə axşamı, 25 aprel, 12:09
  • Baku Bakı 23°C

“Milli Şura keçmiş Xalq Cəbhəsinin “restavrasiyası”dır”

01.11.13 09:33 1872
“Milli Şura keçmiş Xalq Cəbhəsinin “restavrasiyası”dır”
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası və onların namizədi prezident seçkilərində məğlub olduqdan sonra bu qurumdan istefalar başlayıb. Son olaraq daha 9 müxalifət təmsilçisi təşkilatın sıralarını tərk edib. Şuranın hazırkı təmsilçiləri bunu “daxili təmizləmə” kimi qələmə versələr də, parçalanma göz qabağındadır. Milli Şuradakı istefalar, “EL” Hərəkatının aqibəti, Eldəniz Quliyevin ittihamları və digər bu kimi məsələlərlə bağlı “Kaspi”nin suallarını “EL Hərəkatı” İctimai Birliyinin sədri Əflan İbrahimov cavablandırır.
- Əflan müəllim, “EL Hərəkatı” İctimai Birliyində təşkilatlanma məsələsi nə yerdədir? Son olaraq hansı işlər görülüb?
- Mən mətbuata açıqlamamda da qeyd etmişdim ki, oktyabr ayının 9-a kimi təşkilatlanma işlərimizə yekun vurub, seçki prosesində hörmətli prezidentimiz İlham Əliyevə dəstək verəcəyik. Bu məqsədlə Mərkəzi Seçki Komissiyasından 93 nəfər müşahidəçimiz qeydiyyatdan keçdi. Təxminən 500-ə yaxın tərəfdaşımız isə dairə və məntəqə seçki komissiyalarında nümayəndəmiz kimi iştirak etdi. Seçkinin yekununda isə mətbuat konfransı keçirərək, gördüyümüz işlər barədə ictimaiyyətə məlumat verdik. Konfransda bütün rayonlardan olan nümayəndələrimiz də iştirak edirdi. Onlar seçki prosesində müşahidəçilik missiyasını necə həyata keçirmələri barədə fikirlərini bölüşdülər. İndinin özündə isə bizim ofisimizə hər gün 30-50 nəfər tərəfdaşımız yığışır. “El Hərəkatı”nın Qaradağ, Xızı, Siyəzən, Qobustan, Şamaxı və sair rayon təşkilat sədrləri də bu görüşlərə qatılırlar. Bir sözlə, sıralarımızı daha da genişləndirir, təşkilatımıza üzv olanlara amalımızı, məqsədimizi çatdırırıq. Artıq belə qənaətə gəlmişik ki, yaxın gələcəkdə “El Hərəkatı” İctimai Birliyi öz fəaliyyətini “El Hərəkatı” Partiyası olaraq davam etdirsin. Yəni eyni adlı siyasi təşkilat, partiya yaratmaq niyyətindəyik. Hazırda 30-a yaxın rayonda yerli təşkilatımız formalaşıb. Bu günlərdə isə nümayəndəmiz Yevlax, Şirvan şəhərlərinə gedib. İstəyirəm ki, həmin şəhərlərdə də böyük təşkilatlanma işləri aparaq. Ən böyük təşkilatımız Mingəçevir şəhərindədir. Şirvan torpağı, Bakı camaatı birmənalı olaraq məni, təşkilatımı dəstəkləyir. Təxminən 40-50 rayonda yerli təşkilatımızı yaradandan sonra müvafiq sənədləşmə işi görəcək, rayonlarda təsis konfransları keçirəcəyik. Bunun ardınca isə təsis konfranslarının protokollarını yığıb Şamaxıda ümumi qurultay keçirməyi planlaşdırırıq.
- Radikal müxalifətin birliyi kimi təqdim edilən Milli Şuradan bu yaxınlarda daha 9 nəfər uzaqlaşıb. Bir zamanlar sizin də təmsil olunduğunuz bu qurumda baş verən son hadisələri necə qiymətləndirirsiniz?
- Hələ seçkidən əvvəl Milli Şuranın dağılacağını, bu qurumdan ayrılmalar olacağını bildirmişdim. Çünki burada müxtəlif amallara xidmət edən adamlar toplaşıb. Oradakı liderlər 20 ildir müxalifətdədirlər və bir-birini həzm edə bilmirlər. Milli Şura keçmiş Xalq Cəbhəsinin “restavrasiyası”dır. Baxın görün, orada nə bir Heydər Əliyevçi, nə Ayaz Mütəllibovçu, nə də Əbdürrəhman Vəzirovçu var. Eləcə də, orada İlyas İsmayılovun, Qüdrət Həsənquliyevin, yaxud da İqbal Ağazadənin nümayəndəsi yoxdur. Hamısı keçmiş Cəbhədən uzaqlaşdırılanlar, eks-prezident Əbülfəz Əliyevin qoyub getdiyi komanda üzvləridir. Mən Milli Şuranın bir sıra üzvləri ilə söhbətimdə onlara bu həqiqəti söylədim. Milli Şuranın başında dayanan Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında deyib ki, mən Azərbaycana gəlmirəm. Bundan başqa, deyir ki, Milli Şuradakıları bir butulkaya yığıb okeana atacam və sair. Dünən də Rüstəmin axırıncı müsahibəsinə baxdım. Deyib ki, dövlətlə, iqtidarla dialoqa getmək lazımdır. Bunun hamısı nədən əmələ gəlir? Bu onunla əlaqədardır ki, Milli Şurada Əli Kərimli, İsa Qəmbər kimi çürük qəlbli, vətənə, dövlətçiliyimizə xəyanətkar mövqe sərgiləyən partiyalara rəhbərlik edən adamlar var. Onların yalnız bir marağı var – hakimiyyətə gəlmək. Bütün bu kimi səbəblər Milli Şuradan tədricən qopmalarla nəticələnir. Karl Marksın belə bir sözü vardı – kapitalizmin sonu çürük imperializmdir. Bunların başında duran Cəmil Həsənli 20 ildən yuxarı Əli Kərimovun müavini, Əbülfəz Elçibəyin köməkçisi olub. 1990-cı illərin əvvəlini, AXC-Müsavat cütlüyünün hakimiyyətini yaxşı xatırlayan xalq bunlara yenidən inanmaq istəmir. Hamı baxıb görür ki, Lalə Şövkət, Rəsul Quliyev Milli Şuradan getdi. Məndə olan məlumata görə, bu yaxınlarda Mirmahmud Mirəlioğlunun komandası da Milli Şuradan ayrılacaq. Belə olan halda, camaatın onlara inamı itir. Digər tərəfdən, Milli Şuranın bir sıra üzvləri gördülər ki, hörmətli prezidentimiz 85 faizə yaxın səs topladı. Onlar bir anlıq da olsa düşündülər ki, deməli, müxalifət liderlərinin söylədiyinin əksinə olaraq, xalq İlham Əliyevi, onun siyasətini dəstəkləyir. Bu səbəbdən Milli Şuradan, radikalların yanından ayrıldılar.
- “EL” hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev mətbuata açıqlamasında “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunu hədəfə alıb, onu müxalifətə xəyanətdə ittiham edib. Sizcə, müxalifətdə təmsil olunan bu şəxslər arasındakı narazılıq nədən qaynaqlanır?
- Rauf Arifoğlu əvvəlcədən Milli Şuraya qoşulmadı. Onun Milli Şuranı tənqid edən hər hansı fikrini əsas götürənlər baş redaktoru satqınlıqda günahlandırırlar. Amma gəlin görək, bu ittihamı səsləndirənlərin özləri nə dərəcədə təmizdirlər? Eldəniz Quliyevlə mən çox yaxın olmuşam. O, İran tərəfindən maliyyələşmiş adamdır. Nardaranda müəyyən adamları ələ alıb. Onlar vasitəsilə İrandan hər həftə dəstək alır. On gündən bir Lənkərandadır. Bu kimi faktları nəzərə alsaq, deməli Eldəniz Quliyevin özü Rauf Arifoğlunun üstünə şər-böhtan atır. Bunda da məqsəd odur ki, özü yaddan çıxsın. Mən Milli Şura haqqında Rauf Arifoğlunun söylədiklərini doğru sayıram. O, bilirdi hadisələrin nə ilə nəticələnəcəyini. Yadımdadır, Arif Hacılı da müəyyən vaxt Milli Şuraya qoşulmaq istəmədi. Çünki Arif də, Rauf da, Mehman Cavadoğlu da bilir ki, bunlar hamısı səhv fikirdədirlər, bu yol düzgün yol deyil. Eldəniz özü bir neçə yerə işləyən adamdır. Məlumdur ki, casus heç vaxt casusu sevməz, onunla mübarizə aparar. Eldənizə pul ver, sənin üçün nə cür istəsən hərəkət eləsin. Eldənizi mən belə tanıyıram.
- Yeri gəlmişkən, sizin mürcaiətinizin sonu nə ilə nəticələndi? Baş Prokurorluq bununla bağlı hansı işləri gördü?
- Mətbuat üzərindən öyrəndim ki, baş prokuror Zakir Qaralov mənim bəyanatımla əlaqədar işlərin davam etdiyini söyləyib. Yəni hələ işimiz bitməyib. Elə bilməsinlər ki, bu istintaq dayandırılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdan da soruşmuşam. O da deyib ki, faktlar hamısı bir-bir araşdırılır, adları çəkilən şəxslərin hamısı dindirilib, izahatları alınıb. Bununla bərabər, mənim söylədiyim faktların 80-90 faizinin öz təsdiqini tapdığını da qeyd etdi.
- Milli Şuranın gələcəkdə partiyaya çevrilmə ehtimalına necə baxırsınız?
- Bu, mümkün olan şey deyil. Əli Kərimli, eləcə də oradakı digər liderlər müəyyən adamlar tərəfindən maliyyələşdirilirlər. Bu adamlar istəyər ki, o maliyyə dəstəyi kəsilsin? Heç bunlar istəyər ki, bu maliyyə dəstəyi əllərindən çıxsın, kiminsə əlinə keçsin? Bu, qeyri-mümkündür. Birinciliyi görən adam heç vaxt müavin olmaq, köməkçi olmaq arzusu ilə yaşamır və bunu qəbul etmir. Milli Şuradakı liderlərdən Əli Kərimli ilə İsa Qəmbər hər zaman ana müxalifət olmaq üstündə bir-birinə qənim kəsiliblər. İndi onlar bunu kiməsə güzəşt getməzlər axı.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər