• cümə, 29 Mart, 19:27
  • Baku Bakı 14°C

Milli Şura ideyasının müsbət nəticə verəcəyinə inanmıram

08.05.13 09:20 1688
Milli Şura ideyasının müsbət nəticə verəcəyinə inanmıram
“Bizim əsas missiyalarımızdan biri də ölkədə demokratik seçkilər uğrunda bütün mümkün olan vasitələrdən istifadə etməklə mübarizə aparmaqdır. O cümlədən də seçki prosesində mesajlarımızı çatdırmaq fikrindəyik”. Bu fikri “Kaspi”yə açıqlamasında Azadlıq Partiyasının sədri, prezidentliyə namizəd Əhməd Oruc bildirib.
O, rəhbərlik etdiyi siyasi təşkilatın seçki öncəsi müxalifətin hər hansı birlik və təşkilatı ilə əməkdaşlıq etmə ehtimalına da toxunub: “Seçkilərdə namizəd ətrafında hansısa qüvvələrin toplanmasına cəhd edəcəyik. Amma bunun geniş şəkildə təbliğatının aparılması üçün bizim maliyyə resursumuz yoxdur. Vahid namizədin dəstəklənməsi, koalisiya və sair məsələlər barədə zamanı gəlincə, qərar qəbul edəcəyik”.
Müxalifət liderlərinin uzun müddətdir Milli Şura adlı yeni təsisatın yaradılması ilə bağlı çalışmalarına diqqət çəkən Ə.Oruc bu günə kimi ortada hər hansı nəticənin olmamasının səbəbindən də söhbət açıb: “Hakimiyyəti avtoritarlıqda günahlandıran bəzi müxalifət liderləri özləri daxili mübarizədə belə bir metoddan yararlanırlar. Onlar demokratik kəsim adından müəyyənləşdirirlər ki, Milli Şura olmalıdır. Mili Şuranın tərkibi bu adamlardan ibarət olmalıdır və s. Bu yanaşmanın özü məntiqə zidd, anormaldır. Mahiyyətcə heç bir legitimliyi olmayan bir yanaşmadır. Üstəgəl, bu ideyanı 20 ildir Azərbaycan siyasi səhnəsində demokratik qüvvələrin zəifləməsinə səbəb olanlar səsləndirirlər, həmçinin cəmiyyətin böyük bir hissəsində bunların uğur qazana biləcəyinə inam azdır. Ona görə də Milli Şura ideyasının müsbət nəticə verəcəyinə inam yoxdur. Konkret Rüstəm İbrahimbəyova gəldikdə, o, prosesləri dərindən bilməyən, siyasətdən bir qədər kənar adamdır. Onun da bu xarakterindən, vəziyyətindən uzun illər müxtəlif yollarla ana müxalifət missiyasını həyata keçirmiş ayrı-ayrı şəxslər istifadə etməyə çalışırlar”.
Eldar Namazov və Rüstəm İbrahimbəyovun Rusiyanın diqtəsi ilə addımlar atmasına münasibət bildirən partiya sədri vurğulayıb ki, bəzi siyasilər ictimai rəydə aktiv qalmaq, ömürlərinin sonuna kimi müxalifət qismində görünmək üçün bir sıra ölkələrlə geniş əlaqələrinin olduğu görüntüsünü yaradırlar: “Uzun illər Azərbaycanda belə bir rəy formalaşıb ki, hakimiyyətə kimin gəlməsini ölkə cəmiyyətindən daha çox beynəlxalq güclər müəyyənləşdirir. Açığı, indi də belə bir rəy var. Yəni, namizədlərdən söhbət düşəndə, onların arxasında kimlərin dayandığı kriteriyası daha çox müzakirə edilir. Bu baxımdan bəziləri Azərbaycanda bu rəyi əsas götürərək, arxasında böyük güclər olmasa belə, özlərini məqsədli şəkildə hansısa gücə, qüvvəyə, ölkəyə bağlı kimi qələmə verirlər. Konkret bir şəxs cılız görünməsinə rəğmən, özünü Amerikaya, Rusiyaya bağlı biri kimi göstərsə, Azərbaycan cəmiyyətində onun hakimiyyətə gələ biləcəyinə inananların sayı artır. Məncə, bu fenomen Azərbaycanda bəzi siyasilər tərəfindən ciddi şəkildə istifadə olunur. Milli Şura ilə bağlı proseslərdə də yenə həmin məsələdən istifadə olunur. Məncə, Rusiyanın Azərbaycanla bağlı mövqeləri aydındır. Onlar Azərbaycanı Vahid Gömrük İttifaqına, Avrasiya Birliyinə qatmaq istəyirlər. Bununla da SSRİ-ni tədricən başqa bir adla dirçəltməyi planlaşdırırlar. Ölkəmizə olan təzyiqlər də bundan irəli gəlir. Azərbaycanda kimlərinsə bu məsələdən istifadə eləməsi də başa düşüləndir. Bunlar o adamlardılar ki, Avropadan rəngli inqilablar gələndə holland, “Ərəb baharı” gələndə yaşıl paltarlar geyindilər, indi isə Rusiyanın regionda ağ ayı kimi qızışdığını nəzərə alıb qırmızı libasa bürünüblər. Yəni ayrı-ayrı donda, cilddə olsalar da, eyni adamlardırlar. İctimai rəydə aktiv qalmaq, ömürlərinin sonuna kimi müxalifət qismində görünmək missiyalarını həyata keçirirlər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər