• cümə, 29 Mart, 10:48
  • Baku Bakı 5°C

“Milli Şura gözləntiləri doğrultmadı”

03.04.14 10:30 1770
“Milli Şura gözləntiləri doğrultmadı”
Milli Şuranın bəyannaməsində bir aydan gec olmayaraq qurumun sessiyasının çağırılması nəzərdə tutulsa da, özlərini demokratik qüvvələr adlandıranlar son sessiyanı xeyli gecikdirdilər. Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahındakı məlum hadisədən sonra Şura üzvləri sessiyanın keçirilməməsini yer problemi ilə əlaqələndirdilər. Hətta Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı sessiya iştirakçılarını qəbul edəcək 80 nəfərlik məkan olmadığını bildirdi. Amma indiyə qədər keçirilən sessiyalarda bu sayda adamın toplaşmamağı VHP funksionerinin arqumentlərinin əsassız olduğunu ortaya qoydu. Bunun ardınca Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və Milli Şura sədri Cəmil Həsənli qurumun bir sıra üzvlərinin bayramla əlaqədar Bakıda olmadığını qeyd edərək, sessiyanın gecikməsini bununla əlaqələndirdilər.
Nəhayət, ötən həftə KXCP-nin qərargahında Milli Şuranın növbəti sessiyası keçirildi. Qurumun 88 üzvündən, cəmi 38 nəfərinin qatıldığı sessiyada ölkədəki ictimai-siyasi durum, qərarların icra vəziyyəti və cari məsələlər ətrafında müzakirələr aparıldı. Milli Şuranın son sessiyası, burada müzakirə olunan məsələlər, üzvlərin sessiyalara gəlməməsinin səbəbləri və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını AXCP sədrinin müavini, Milli Şura üzvü Razi Nurullayev cavablandırır.
- Razi bəy, Milli Şuranın sessiyasının gecikməsi, qurum üzvlərinin bu toplantılara gəlməməsi əslində nə ilə əlaqədardır?

- Milli Şura hər dəfə gündəliyinə bu və ya digər məsələləri müzakirə üçün çıxarır. Həmin məsələlər də qurumun Koordinasiya Şurasında müzakirə olunur, qərar qəbul ediləndən sonra həll edilir. Şuranın sessiyasının gecikməsinə səbəb də məhz gündəliyə çıxarılan məsələlərin vaxtında razılaşdırılmaması olub.
- Bəzi Milli Şura üzvləri sessiyanın gecikməsini iştirakçıları qəbul edəcək 80 nəfərlik yerin olmaması ilə əlaqələndirirdilər. Amma son sessiyada qurumun 88 üzvündən cəmi 38 nəfər iştirak edirdi...

- Milli Şura üzvlərinə sessiyanın keçirilməsi barədə xəbər SMS vasitəsilə göndərilir. Yəqin ki, bir çoxları həmin SMS-i vaxtında oxumayıblar və ona görə də sessiyanın keçiriləcəyindən xəbərsiz olublar. Yaxud da sessiya keçirilən vaxt ölkədə olmayıblar. Təbii ki, bu da sessiyaya cəmi 38 nəfərin gəlməsinə səbəb ola bilməzdi. Hesab edirəm ki, hazırda cəmiyyətin özündə də bir süstlük var, aktivlik zəifdir. Cəmiyyətdəki süstlük və zəiflik Milli Şura üzvlərinə də təsir edib.
- Milli Şuranın sessiyasında üzvlərin yarıdan çoxu iştirak etməsə belə, bu, mühüm qərarlar qəbul etmək üçün yetərlidirmi?

- Milli Şura hər hansı qərar qəbul edirsə və bu zaman çoxluq tələb olunursa, o zaman üzvlərin böyük əksəriyyətinin iştirakı vacibdir. Lakin ümumi müzakirələr üçün çoxluğun iştirakı tələb olunmur. Məsələn, qərar layihəsi qəbul olunur və səsvermə keçirilirsə, bu zaman üzvlərin hamısı sessiyada iştirak etməlidir. Martın 29-da keçirilən sessiyada isə hər hansı qərar layihəsi müzakirə olunmayıb, səsvermə keçirilməyib. Ona görə də üzvlərdən 38 nəfərinin iştirakı ilə də sessiya baş tutub, hər hansı problem yaşanmayıb.
- Milli Şuranın yeni əsasnaməsi qəbul ediləndən bu yana nəsə dəyişibmi, qurumun fəaliyyətində hər hansı irəliləyiş varmı?

- Açığı, Milli Şuranın yeni əsasnaməsinin qəbulu zamanı səhhətimdəki problemlərlə əlaqədar olaraq, proseslərdə iştirak edə bilməmişdim. Amma mənə elə gəlir ki, hər hansı sənədin qəbulu ilə ciddi, praktik nəticənin ortaya qoyulması mümkün deyil. Sənəd nizamnamə və reqlament üçündür.
- Bəs, seçkidən sonra Milli Şuranın bu duruma düşməsini nə ilə əlaqələndirirsiniz?

- Milli Şura qarşısına qoyduğu bütün məqsədlərə tam çata bilmədi. Həm Milli Şuranın özünün, həm də insanların Milli Şuradan gözləntiləri çox idi. 2013-cü ilin prezident seçkilərindən sonra bu gözləntilər özünü doğrultmadı. Bu da müəyyən bir süstlük yaratdı. Ardınca Milli Şurada məlum intriqalar yaşandı, bir neçə siyasi təşkilat, o cümlədən Müsavat Partiyası qurumdan ayrıldı. Bir neçə ay bu çəkişmələrə sərf olundu. Sonda da belə bir vəziyyət yarandı. Amma indi Milli Şura yeni bir dövrünü yaşayır, yeni nəfəslə fəaliyyət göstərməyə çalışır. Artıq müsbət göstəricilərimiz də var. Bu da ondan ibarətdir ki, hazırda qərarların qəbulunda müzakirələr zamanı insanlar bir-birini dinləyə bilir, konsensus alınır və Milli Şuranın iclaslarında ciddi narazılıqlar ortaya gəlmir. Bu və ya digər şəkildə bütün baxış bucaqları eynidir. Amma elə dəyərlər var ki, onların müzakirəsi mümkün deyil. Buna misal olaraq, müxalifətin birliyini, demokratik çağırışları, insan hüquqları məsələlərini, vahid liderin seçilməsini, Milli Şuranın Nizamnaməsindən irəli gələn müddəaları göstərmək olar. Hamı buna tabe olmalı, kənara çıxmamalıdır. Təbii ki, kənara çıxmalar olanda intriqalar, münaqişələr yaranır. Bu da hər bir hərəkatın fəaliyyətinə təsir edə bilər.
- Siz mətbuata açıqlamanızda bildirmisiniz ki, insanların 2013-cü il seçkilərində Milli Şuradan gözləntiləri özünü doğrultmadı. Bunu nəyə əsasən söyləyirsiniz?

- Milli Şura 2013-cü ilin iyun ayında yaranan zaman nəinki Azərbaycan insanı, eləcə də ölkəmizdən kənarda yaşayan azərbaycanlılar elə düşünürdülər ki, bu platformada birləşən müxalifət ciddi rəqabət yaradıb seçkilərdə qalib gələcək. Bunun üçün beynəlxalq şəraitin də uyğun olduğu söylənilirdi. O dövrdə Rusiyanın Azərbaycana təzyiq vasitələri var idi. Üstəlik, Milli Şuraya kinorejissor Rüstəm İbrahimbəyov sədrlik edirdi. Bütün bunlardan qaynaqlanan bir ortam yaranmışdı. Bir çox insanlar düşünürdü ki, artıq beynəlxalq aləm Azərbaycan iqtidarı ilə işləmək istəmir. Bunu nəzərə alaraq, bəziləri müxalifətin birləşməsinin qabağında dayanmağın qeyri-mümkün olacağını da bildirirdilər. Üçüncü qisim isə düşünürdü ki, dünyadakı inqilablardan sonra artıq insanlarda oyanma prosesi gedir, insanlar kütləvi şəkildə öz iradələrini ortaya qoyacaqlar və sair. Təbii ki, bütün bunların heç biri özünü doğrultmadı.
- İndi çoxları Milli Şura dedikdə göz önünə ancaq AXCP-ni gətirirlər. Belə olan halda, bu təşkilatın saxlanmasına nə ehtiyac var?

- Milli Şurada yalnız AXCP təmsil olunmur. Orada kifayət qədər siyasi partiyalar, QHT-lər, fərdlər, müstəqil ekspertlər, politoloqlar da var. Bu baxımdan, Milli Şuranı tək AXCP-nin adına bağlamaq düzgün deyil. Sadəcə, orada AXCP bir qədər çox fəallıq göstərir, mediada daha çox işıqlandırılır. O baxımdan belə bir təəssürat yaranır ki, Milli Şura tək AXCP-dən ibarətdir. Əslində isə belə deyil.
- Yaxın gələcəkdə digər müxalifət partiyalarının Milli Şura ilə əməkdaşlığı mümkündürmü?

- Hər bir siyasi birlik həmişə digər siyasi təşkilatlarla əməkdaşlıq etmək, daha çox güclənmək istəyir. Bu da gələcək proseslərdən və həmin qüvvələrin ortaya qoyacağı konsepsiyadan asılıdır ki, Milli Şura ilə gələcəkdə belə bir əməkdaşlıq olub-olmasın. Hesab edirəm ki, Milli Şura bundan sonra daha konservativ mövqe sərgiləyəcək. Çünki tam məqsədi, vəzifəsi aydın olan insanlar, təşkilatlar qoşularsa və ümid yaransa ki, onlar bundan sonra hər hansı problem yaratmayacaqlar, o zaman əməkdaşlıq üçün çətinlik özünü göstərməyəcək. Əfsuslar olsun ki, bəzən təşkilatlar tez qərar verir və nəyinsə eyforiyasına qapılırlar. Fikrimcə, müəyyən problemlərə, intriqalara yol açmamaq üçün Milli Şura bundan sonra öz hərəkətlərində və qərarlarında daha konservativ, şəffaf fəaliyyət göstərmək istəyəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər