• şənbə, 20 Aprel, 17:06
  • Baku Bakı 23°C

«Milli Şura deyilən bir qurum artıq yoxdur»

07.09.13 08:06 1451
«Milli Şura deyilən bir qurum artıq yoxdur»
Milli Şurada son günlər baş verən qurumdaxili gərginlik öz pik həddinə çatıb. Buna səbəb Rauf Arifoğlunun «Yeni Müsavat»da qələmə aldığı «Ermənilər Azərbaycan müxalifətinə hansı şansı verdi?» məqaləsindəki fikirləri olub. Müəllif yazısında Ermənistanın Gömrük İttifaqına qoşulmasından sonra Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri artıracağı ehtimalını və bunun da Milli Şuraya ikinci nəfəs gətirəcəyini iddia edib. Həmçinin müəllif yazının sonunda Milli Şuranın «gözlənilən» prosesə hazırlıqlı olmasını, bu məqsədlə ona daxil olan bir sıra təşkilatların – «El» hərəkatının, ACP, ALP-nin qurumdan kənarlaşdırılmasının vacibliyini vurğulayıb: «İçəridə ilk gündən konflikt yaradan EL hərəkatı, ACP, ALP kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır. Əks halda, yenə qısamüddətli şanslar deyişmələrin, dedi-qoduların içində batıb gedəcək».
«Azadlıq»dan gözlənilən zərbə
R.Arifoğlunun son fikir isə odun üstünə benzin atılması effektini verib. Yazıda yer almış fikirlərə «Azadlıq» qəzetinə verdikləri açıqlamalarla münasibət bildirən Milli Şurada toplaşan və əsasən adları sözügedən yazıda hallanan qurumların təmsilçiləri R.Arifoğlunu sərt tənqid edərək onu Milli Şuranı dağıtmaqda ittiham ediblər.
İlk olaraq qəzet ALP sədri Əvəz Temirxanın mövqeyini öyrənib. O isə öz növbəsində R.Arifoğlunun yazdıqlarını qeyri-ciddi adlandırıb və öz təxəyyülünün məhsulu olduğunu deyib: «Bu şəxs hər şeyə aqressiv yanaşır, hamını şantaj edir. Bu şəxs vaxtı ilə öz partiya daşlarının yaxınlarına şər atmaqdan belə çəkinməyib».
R.Arifolunuun məqaləsində adı qeyd olunan ACP-dən isə sədr Sülhəddin Əkbər məsələyə münasibət bildirib. O qeyd edib ki, yazı ilə bağlı geniş şərh verməyə ehtiyac yoxdur. «Ciddi adamlar Rauf Arifoğlunun yazılarına əhəmiyyət vermirlər. Bu, açıq-aşkar Milli Şuranı parçalamaq cəhdindən, təxribatdan başqa bir şey deyil», - deyə o, bildirib.
Bir neçə gündür ki, R.Arifoğlu ilə söz davasında olan Eldəniz Quliyev isə «Azadlığ»a «El» Hərəkatının mövqeyini bildirib. «El»in Ali Məclis sədri yazının Milli Şuraya zərbə vurmaq məqsədi daşıdığını vurğulayıb: “Son zamanlar həmin qəzetdə gedən və manşetə çıxarılan yazılar göstərir ki, Rauf Arifoğlu bir sifariş yerinə yetirir. Bu da demokratik düşərgənin yenicə yaranan birliyinə - Milli Şuraya zərbə vurmaqdır. Bu sözü kimsə deməli idi və mən bunu edirəm. Rauf Arifoğlu illərdir ki, məharətlə əsl niyyətini gizlətməyə nail olur».
«Şuşa» restoranında qapalı görüş
Söz yox ki, müxalifət düşərgəsində yeni bir qalmaqalı alovlandıran R.Arifoğlu da barəsində deyilənləri cavabsız qoymayıb. O, Facebook səhifəsində ittihamlara cavab verib: “Azadlıq” qəzeti bir cümləlik fikrimi konteksdən çıxarıb, 6 nəfər Milli Şura üzvündən buna münasibət alıb, adımı iki yerdə başlığa çıxarıb, məndən bir cümlə də münasibət öyrənməyib, cavab haqqı tanımayıb. Həmkarlarımı şiddətlə qınayıram. Qərəzin də bir əndazəsi olar. Nədi-nədi, mən yazımaşam ki, Rəsulzadə-Elçibəy yolunda olanlar Heydər Əliyevlə yol başlayan 3 liderin (Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət) son günlər Milli Şuraya tətbiq etdikləri sabotaj və anti-təbliğat kampaniyasının qarşılığında onlarla vidalaşma qətiyyəti göstərməyə hazır olmalıdırlar. Rəsul Quliyev vahid namizəd haqqında "heç bir şansı yoxdur", deyə bilər, EL Hərəkatı və ALP Cəmil Həsənlinin vahid namizəd kimi qatıldığı MŞ-nin ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, EL liderlərindən biri "Mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram" kimi bəyanat verə bilər; amma biz "bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem daha da böyüyəcək", yazanda, hədəf Rauf Arifoğlu olacaq? Niyə bu əməlləri töprədənlərdən sitat verilib, pislənilmir? Amma bütün devşirmələri danışdırıb, məni təhqir etdiriblər... Hazırda bütün münasibətlər seçkilərə qatılan vahid namizədə - Cəmil Həsənliyə olan münasibətlə tarazlanmalıdır. Biz onun yanında və dəstəyindəyik. Rəsul Quliyev yox! Biz Cəmil bəyə keyfiyyətli informasiya dəstəyi verir - EL hərəkatı onun vahid namizəd kimi ilk dəfə qatıldığı sessiyanı boykot edir, Şuşa restoranında alternativ toplantı çağırır və daxili qərar verir - İlqar Məmmədovu dəstəkləyəcəyik. Bu da səhərisi gün mətbuata çıxarılır. ALP də həmin gün sessiyanı boykot edir, qatılmır, mətbuata da məlumat gedir ki, buna səbəb iclasa sədrliyi Əli Kərimlinin etməsidir... Biz də bunları qınayan yazı yazırıq ki, axı, belələri sizin nəyinizə lazım! Və bir köşə yazısına görə onun müəllifinin də siyasətçilərin hədəfinə çıxarılması ancaq "Azadlıq"a xas hərəkətdir”.
Əvəz Temirxan “sakat”dır
“10 ildən artıqdır Əvəz Temirxanın böhtanları ilə üz-üzəyik. Hesab edirəm ki, onun hər yeri “sakat”dır. O cümlədən də başı. Bunu birmənalı şəkildə deyirəm”. Bu açıqlamanı APA-ya “Yeni Müsavat” qəzetinin baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlu ALP sədri Əvəz Temirxanın onun və qəzetin ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən deyib.
R. Arifoğlu ALP sədrinin qeyri-ciddi və bədbəxt adam olduğunu deyib: “Mənim ona deyəcəyimi tale özü deyib. Yanlış yerdədir. Qəzetin haqqında da “iqtidara işləyir, ora-bura işləyir” ittihamı deyəndə, bu bədbəxt başa düşmür ki, onun özü də, indi təmsil etdiyi Lalə Şövkət də bu iqtidarı quranlardan biri olub. Həm Lalə Şövkət, həm Rəsul Quliyev, həm də Eldar Namazov iqtidarın qurulmasında, formalaşmasında iştirak ediblər və Heydər Əliyevin ən yaxın silahdaşları olublar. Amma sonradan oradan qovulublar, düşərgəni tərk etmək məcburiyyətində qalıblar. Necə oranı zibilləmişdilərsə, indi də gəlib buranı zibilləyirlər və müxalifət düşərgəsini bir-birinə qatırlar. Sabotajla məşğuldurlar və hər üçünün hədəfi “Yeni Müsavat” qəzetidir”.
Rüstəm İbrahimbəyovun evində Cəmil Həsənlinin vaxtını alırlar
R. Arifoğlu artıq Mili Şura formatının iflasa uğradığını qeyd edib: “Milli Şura deyilən bir qurum artıq yoxdur. Hərə ağzını bir tərəfə çevirib, hamı küsülüdür, hərə bir bəhanə gətirir. Bu gün bütün proseslər prezidentliyə vahid namizəd Cəmil Həsənlinin seçki qərargahı formatında gedir. Milli Şura varsa, ALP haradadır? Mili Şura varsa, “EL” hərəkatının rəhbərliyi niyə bəyan edib ki, onlar İlqar Məmmədovu müdafiə edəcəklər? Bəs Milli Şuranın namizədi harada qaldı? Mili Şura varsa, niyə “EL” hərəkatının təmsilçiləri həmin gün gedib “Şuşa” restoranında iclas keçirirlər. Öz aralarında olan problemləri sessiya iştirak edəndən sonra həll edəydilər. Milli Şura formatı varsa, niyə bu gün Mili Şura və “EL” hərəkatı Rüstəm İbrahimbəyovun evində Cəmil Həsənlinin vaxtını alaraq, iclas keçirmək məcburiyyəti hiss edir? Yəni bu adamlar görmürlər ki, ölkə siyasətinə, müxalifətinə nə qədər böyük fəlakət, bəla və narahatlıq gətiriblər. Bunlar mənim üstümə gəlmək fürsətini əldən vermirlər. Barəmdə yeganə qara piar aparan “Azadlıq” qəzeti və AXCP-nin funksionerləri də bu məqamdan istifadə edib, müxalifətdən hakimiyyətə, hakimiyyətdən müxalifətə keçən, sima, qılıq, siyasi pasport dəyişdirən bu şəxslərin ünvanıma səsləndirdiyi bütün təhqirləri götürüb, mənə cavab haqqı da tanımadan, peşə qaydalarına riayət etmədən tirajlayırlar. Mən hamısına etiraz edirəm və bir daha bəyan edirəm ki, demokratik düşərgə “Yeni Müsavat” qəzetinə qarşı kampaniyanın mərkəzinə çevrilməkdədir. Bəzi QHT sədrləri, bəzi partiya funksionerləri artıq göstəriş verirlər ki, mən necə düşünməliyəm, mən necə yazmalıyam, mən indiki vəziyyətdə özümü necə aparmalıyam. 24 illik qəzetçilik təcrübəsi olan redaktora başa salırlar ki, o həyatını necə qurmalıdır. Bu, absurddur, söz, mətbuat azadlığının əlifbasına zidd olan bir prosesdir və qara piardır. Mən bunların hamısına etiraz edirəm”.
Onların qarnının ağrısı nədi?
Rauf Arifoğlu bütün bunlara rəğmən Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlini hamıdan yüksək səviyyədə dəstəklədiyini deyib: “İndi bu adamların qarnının ağrısı nədir, bunu başa düşə bilmirəm. Başa düşə bilmirəm ki, bu kampaniya Cəmil Həsənli üçündür və onun şəxsiyyəti üzərində gedirsə, Milli Şura aparatı iflic və sabotaj olursa, onlar mənim yazdıqlarımdan niyə narahatdırlar? Çünki, mən bunların sözdə, yaxud da üzdə dəstəklədikləri namizədi dəstəkləyir və onun kampaniyasına dəstək verirəm. Heç bir təmənna görmədən onun kampaniyasının yürüdülməsinə diqqət ayırıram. Bu cür qiymətli bir media qurumunu niyə vururlar? Bizi döndərmək istəyirlər? Cəmil Həsənliyə dəstək verən bir media qurumunu gözdən salmaqda məqsəd nədir? Nə zamandan Əvəz Temirxan və digərləri bunlar üçün bu qədər əziz oldu və mən bu anı necə oldu qaçırdım?”
Aydın şəkildə görmək mümkündür ki, Milli Şuradakı qüvvələrin parçalanmasında əsas rolu oynayanlardan biri də «Yeni müsavat»ı ittiham edən və onun baş redaktorunu hədəfə gətirən elə «Azadlıq» qəzetinin özüdür. Qəzet R.Arifoğlunun müxalifətinin ölü durumdan tərpədilməsinə, yenidən canlandırılmasına (reallığı nə qədər əks etdirib -etdirməməsindən asılı olmayaraq) hesablanmış, bəlkə də moral vermək naminə qələmə aldığı təhlil yazısında xırda və hər bir müxalifətçiyə məlum məsələni qabartmaqla Milli Şurada qarışıqlıq yaratmış olub.
Bütün bunlar bir daha onu göstərir ki, müxalif düşərgədə seçki günü yaxınlaşdıqca intriqalar dərinləşir, dağılma prosesi sürətlənir. Düşərgədə hər kəs bir-birini müxalifətin birliyinə zərbə vurmaqda ittiham edir. Halbuki, bir-birilə düşmən münasibətdə olan partiya və şəxslərin «birliy»inin bundan artıq olacağı da gözlənilən deyildi.
Onu da xatırladaq ki, R. Arifoğlu barəsində səsləndirilən ittihamlarla bağlı məhkəməyə müraciət edəcəyini də vurğulayıb: “Beyindən, ağıldan şikəst, demokratiya haqqında təsəvvürləri, kommunist təsəvvüründən yüksək olmayan bu insanların qəzetimin ünvanına böhtan atmasına dözməyəcəyəm. Lazım gəlsə, bu insanlar haqqında məhkəməyə də müraciət edəcəyəm. Çünki dediklərini sübut etməlidirlər. Etməsələr, məhkəməyə müraciət edib, tələb edəcəyəm ki, haqqımda səsləndirdikləri pozuculuq fəaliyyəti ilə bağlı ittihamları sübut etsinlər”.
Belə də olmalı idi…
Hələ Milli Şuranın yaradıldığı ilk gündən burada toplaşan qüvvələr bir-birini ittiham etməkdən çəkinmirdilər. Son dövrlər isə «El» hərəkatının, ALP-nin qurumun toplantılarına qatılmaması, narazılıqların hətta liderlər səviyyəsində müzakirə edilməsi, imzatoplama kampaniyasında AXCP və Müsavatın təşəbbüsü ələ alması, digər partiyaları oyundankənar vəziyyətə salması, hətta bir qədər də irəli gedərək onları gücsüzlükdə ittiham etməsi Milli Şuranın dağılmasının göstəricisidir. Artıq heç kəsə sirr deyil ki, Milli Şura Müsavat və AXCP-dən ibarət siyasi birliyə çevrilib.
İlk dövrlər AXCP və Müsavatın bu həmlələrinə KXCP-dən savayı digər təşkilatlar reaksiya verməməyi üstün tutsalar da, sonda vəziyyətin dözülməzliyi onların da səslərini qaldırmasına və KXCP-nin mövqeyini müdafiə etməsinə gətirib çıxardı.
Bütün bunlar müxalifətin siyasi birliyinin qeyri-mümkünlüyünü göstərən faktlardır. Siyasi qütbləşmənin dərinləşdiyi, liderlərin ambisiyalarının nəinki xalqın, hətta qrup, düşərgə maraqlarını üstələdiyi müxalifətin hansısa koalisiyada, blokda sonacan bir yerdə olacağı artıq absurd fikirdən başqa bir şey deyildir.
Hələ müxalifətdə ikən birlik nümayiş etdirə bilməyənlərin əgər hakimiyyətə gələcəkləri təqdirdə bir-birlərinə qarşı necə davranış sərgiləyəcəkləri sual doğurur.
Proseslərin bu istiqamətdə getməsi müqabilində ittihamlara cavab olaraq aparıcı müxalif KİV-lərindən olan «Yeni müsavat»ın seçki kampaniyası dövründə Milli Şuranın namizədinin təbliğindən imtina etməsinin də şahidi ola bilərik. Bu isə Milli Şuraya ağır itki deməkdir.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər