• şənbə, 20 Aprel, 01:18
  • Baku Bakı 15°C

“Milli Şura bir partiya kimi idarə oluna bilməz”

06.05.16 11:26 1362
“Milli Şura bir partiya kimi idarə oluna bilməz”
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurasında daha bir qalmaqal baş verib. Alternativ fikrə, müstəqil düşüncəyə qarşı hər zaman dözümsüzlüyü ilə seçilənlər qurum bu dəfə yazıçı publisist Mehriban Vəzir ilə yollarını ayırıb. Belə ki, Milli Şuranın Koordinasiya Mərkəzinin dünən keçirilən iclasında M.Vəzirin qurumdan çıxarılması barədə qərar qəbul olunub. Buna əsas kimi isə xanım yazıçının Milli Şuranın əsasnaməsinə zidd fəaliyyəti göstərilib. Beləliklə də 2013-cü ilin prezident seçkiləri öncəsi xarici dövlətlərin məsləhəti və maliyyəsi ilə yaradılan, hazırda isə AXCP sədri Əli Kərimlinin təsiri altında fəaliyyət göstərən Milli Şuranın sırası bir qədər də seyrəlib. Koordinasiya Mərkəzində barəsində qəbul edilən qərarla bağlı "Kaspi”yə açıqlama verən Mehriban Vəzir bu məsələnin kökünün olduğunu bildirib. Qeyd edib ki, aprelin 30-da Mədən Sənayesində Şəffaflıq Hərəkatı Koalisiyasının ümumi yığıncağı keçirilib və bu ümumi yığıncaqda koalisiyanın şurası və monitorinq qrupu seçilib. Yazıçı publisist deyib ki, bu seçkilərdən bir gün sonra elektron poçtuna məktub gəlib və hər şey də bu məktubun məzmunu ilə tanış olandan sonra baş verib: "Seçkilərin nəticəsi bir az düşündürücü idi. Çünki sahə üzrə mütəxəssislər bir tərəfdə qaldı, amma mütəxəssis olmayan, bu prosesdə iştirak etməyən adamlar çox yüksək səs aldılar. Lakin seçki demokratik keçirildiyindən həmin vaxt biz buna heç bir etiraz etmədik, seçkinin nəticələrini tanıdıq. Bununla da hər şey yekunlaşdı. Lakin həmin günün səhəri öz elektron poçtumda bir məktuba rast gəldim. Bu, mənim üzv olduğum Milli Şuranın şəbəkəsinə Oqtay Güləliyevin yazdığı məktub idi. O, məktubla Milli Şuranın rəhbərliyinə raport verirdi ki, biz dünənki yığıncaqda böyük qələbə əldə etdik, hökumətin planlarını darmadağın etdik və s. Orada qeyd olunurdu ki, şuranın 50+1-i, monitorinq qrupunun isə 3-də ikisi artıq bizimdir, biz hökumətin koalisiyanı QHT-yə çevirməsinin qarşısını aldıq, Milli Şuraya bu işdə verdiyi dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Mən Milli Şuranın şəbəkəsində olan bu məktubu üzvü olduğum koalisiyanın şəbəkəsinə qoydum və Əliməmməd Nuriyevdən izahat istədim ki, bu, nə məsələdir? İstədim ki, buna aydınlıq gətirilsin. Eyni zamanda şuranın 50+1-nin kimlərdən ibarət olduğunu, şuranın indi hansı siyasi qüvvənin nəzarətinə keçdiyini, şuraya keçirilən seçkidə Milli Şuranın hansı rolunun olduğunu və sairi soruşdum, izahat tələb etdim. Bununla bağlı sosial şəbəkədə çox geniş müzakirələr getdi. Bu addımımla mən yalan raporta, Milli Şuranın rəhbərliyinin aldadılmasına etiraz etmişdim. Lakin bütün bunların izahını vermək əvəzinə, Milli Şuranın Koordinasiya Mərkəzi məndən də izahat istəmək əvəzinə, barəmdə belə bir qərar verdi”.
M.Vəzir bir ilə yaxındır Milli Şuranın toplantılarında iştirak etmədiyini də diqqətə çatdırıb. Deyib ki, bunun da özəl səbəbi var: "Bir müddət öncə mən "Yeni Musavat” qəzetinə müsahibə vermişdim. Milli Şurada bu məsələni müzakirəyə çıxarmışdılar ki, nə üçün Mehriban Vəzir bizim düşmənçilik münasibətlərində olduğumuz qəzetə müsahibə verib. Həmin vaxt buna etiraz etmişdim ki, Milli Şura bir partiya kimi idarə oluna bilməz və bu qurum tamamilə başqa bir platformada yaranıb. Həmçinin qeyd etmişdim ki, istədiyim qəzetə müsahibə verməkdə azadam və sizin düşmənçiliklərinizi paylaşmaq niyyətim yoxdur. Hətta fikirlərimi təhrif etməyəcəkləri halda, lazım gələrsə hökumət qəzetlərinə də müsahibə verməyə hazır olduğumu söyləmişdim. Ümumiyyətlə, mediaya onlar kimi yanaşmadığımı, tamamilə fərqli baxışımın olduğunu vurğulamışdım. Siyasi şəxs olmadığımı, siyasi mənsubiyyətimin olmadığını da onların diqqətinə çatdırmışdım. Mən sadəcə, fəaliyyətdə olan siyasi çevrələrdə ictimai sima kimi iştirak etdiyimi, onların qaydalarını bölüşmədiyimi də bildirmişdim. Bu mövzuda mübahisəmiz çıxmışdı o zaman. Amma həmin vaxt onlar da, mən də çox dərinə getmədik. Bu hadisədən sonra Milli Şuranın toplantılarında iştirak etmədim”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər