• cümə, 29 Mart, 04:59
  • Baku Bakı 7°C

Milli Radioda “Xəbərlər”

13.10.16 15:01 2572
Milli Radioda “Xəbərlər”
Radio kütləvi informasiya vasitələri içərisində xüsusi rola malikdir. Bu gün də informasiya təminatçısı rolunda çıxış edən radio öz varisləri (televiziya, internet mediası) sırasında yenə də öz spesifik xüsusiyyətlərinə görə öndə gedir. Çünki simsiz, naqilsiz, elektromaqnit dalğalarının köməyi ilə geniş yayıma malikdir və istənilən an ona qulas asmaq və səsini eşitmək mümkündür. İnsanın ən böyük tələbatından biri də informasiya istəyidir. İnsan övladı hər şey haqqında maraqlanır. Yerin, göyün, kainatın elmi aspektdən açılışından tutmuş, siyasi aləmdə baş verən ən xırda nüanslara qədər hər şeydən hali olmaq barədə düşünür. Ona görə də radio kütləviləşən kimi insana təsir, şüuruna təlqinedici vasitə kimi inkişaf etməyə başlayır və çoxşaxəli yaradıcılıq sferasına çevrilir.
Radioya bugünün özündə də təzə xəbər, informasiya almaq istəyi ilə qulas asılır.Ölkəmiz sovetlərdən ayrıldıqdan sonra zövqlərin dəyişməsi ilə radionun siyasi məqsədlər üçün istifadəsinə demək olar ki, son qoyuldu, daha çox mədəniyyətin bir parçasına çevrilməyə başladı. Buna baxmayaraq, yenə də informasiya yönümlü olması nəzərə alınaraq dünya təcrübəsinə əsasən müasir radiojurnalistikada hər iki sahənin bərabər, paralel aparılması məqsədəuyğun hesab edilir. "İnformasiya+musiqi” formatının tətbiqi dinləyiciyə həm xəbər verir və həm də musiqi zövqü aşılayır. 90 yaşlı Azərbaycan Radiosu da bu formata köklənərək hər saatın tamamında auditoriyaya qısa xəbər buraxılışı təqdim edir…
Bu il noyabrın 6-da Azərbaycan Milli Radiosunun, ölkədə ilk efirin yaranışının 90 illik yubileyi qeyd olunacaq. 90 il ərzində radio Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük rol oynayıb. Yubiley öncəsi mili radionun "Xəbərlər” xidmətinin tarixinə və bugününə nəzər salmaq yerinə düşər…
1926-cı il noyabrın 6-da Bakıda radio fəaliyyətə başlayandan sonra ölkədə işıq üzü görən qəzetlərin baş məqalələri xəbər əvəzinə oxunurdu. Bu minvalla bir neçə il radio xəbərin ilk ünvanı kimi yox, qəzetlərə istinadən xəbər yayımlayırdı. Ona görə də çoxları haqlı olaraq radionun 90 yaşı ilə "Xəbərlər” xidmətinin yaşını eyniləşdirirlər. Radionun ilk ictimai-siyasi və informasiya verilişi dövri mətbuatın güzgüsü olan "Radioqəzet” idi. Ədəbi, ictimai-siyasi mövzuda verilişlər, radio qəzeti, son xəbərlər, gündəlik meteoroloji məlumatlarQubad Qasımovun rəhbərlik etdiyi qrup tərəfindən işlənirdi. 1932-ci ilədək radioda qəzet materialları oxunurdu. Oktyabr ayında İnformasiya redaksiyası yaradıldı və "Son xəbərlər” proqramı efirə çıxdı. 1954-cü ildən radioda maqnit lentinin tətbiqindən sonra "Son xəbərlər”də yaradıcılıq meyllərinin gücləndiyi, xüsusən operativlik, canlı reportajların artımı müşahidə olundu.
1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun «Araz» xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. 1966-cı il iyulun 13-dən "Son xəbərlər”in axşam buraxılışı efirdə "Günün səsi”ilə əvəzləndi...
"Araz” radiosunun fəaliyyətinin genişlənməsi ilə informasiya yönümlü verilişlərin sayında artım hiss olundu. İctimai-siyasi proqramlar çoxalmağa başladı. Ancaq "Xəbərlər” proqramını ta əvvəldən bugünə kimi üstələyən, müasir dövrdə də onunla rəqabətə tab gətirən ikinci bir redaksiya xidməti hələ ki yoxdur.
Bunun da bir sıra özəllikləri var. Birincisi, insanların böyük əksəriyyəti radiodan yeni informasiya eşitmək arzusunda olduğundan bu meyara əvvəldən indiyə kimi güclü fikir verilir. Dövrün hər bir dönəmində baş verənlər maraq kəsb etdiyindən hadisələrin inkişafının axarına güclü ümumxalq marağı nəzərə alınaraq xəbərin əhatə dairəsi genişlənir. İkincisi, dünyada elmin, tərəqqinin inkişafı, bütün sahələrdəki irəliləyişlər xəbərin mövzu və məzmun cəhətdən orijinal olmasını təmin edir. O vaxt, bu vaxt xəbər həmişə təzə olur, öz məzmun etibarı ilə dinləyiciyə nə isə yenilik verir. 50 il qabaq eşidilən xəbər necə maraq kəsb edirdisə, müasir dövrdə də hər səslənən xəbər aktuallığı ilə seçilir.
"Xəbərlər” xidməti müxtəlif dövrlərdə, İkinci Dünya müharibəsi illərində insanları radiodan asılı saldığı kimi, sonrakı illərdə də - Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrlərdə, 20 Yanvar hadisələri zamanı da, eləcə də 2016-cı il aprel ayının əvvəllərində Qarabağda baş verənləri öyrənmək üçün, bir sözlə, ayrı-ayrı dönəmlərdə insanların informasiya almaq istədiyi ən real ümid nöqtəsidir. Məhz ona görə də radiojurnalistikanın inkişafı, təşəkkülü "Xəbərlər” xidmətinin daha geniş müstəvidə fəaliyyəti ilə genişlənməyə başladı. Radiodakı veirlişlərin əksəriyyəti xəbərlərin mövzu rəngarənliyindən qaynaqlandı. Efirdən eşidilən hər hansı bir mövzunu genişləndirmək, haqqında bolluca bəhs etmək, diskussiya, geniş polemika açmaq kifayətdir ki, yeni proqramların çoxalmasına səbəb olsun.
1968-ci ildə radionun "Xəbərlər” redaksiyası hər gün birinci proqramla və "Araz” proqramı ilə 24 dəfə efirə çıxırdı.
Baş redaktor Hacı Hacıyevin rəhbərlik etdiyi kollektiv, Valid Sənani, Bəhram Rəcəbov, Altay Zahidov, Firuz Əhmədli və sonrakı illər digər əməkdaşlar, Qalib Hidayətli, İlyas Adıgözəlli, Hidayət Səfərli və digər reportyorlar gündəlik xəbər toplanışında operativlik nümayiş etdirirdilər.
Qarabağ faciəmiz başlayandan, ermənilərin torpaqlarımıza əli uzanandan sonra "Xəbərlər” redaksiyasının kollektivi daha da operativlik nümayiş etdirərək haqqın, ədalətin dünya ictimaiyyətinə bəlli olması üçün daha əzmkar mübarizə aparmağa başlayır. Önəmli bir tarixi gündə, 1989-cu il may ayının 28-də Azərbaycan radiosunda "Səhər” informasiya proqramı hazırlanır. Sovet təsirindən qurtulan, uzun durğunluq illərindən sıxılan təcrübəli radiojurnalistlər müstəqillik illərinin astanasında həsrətində olduqları sərbəst fikir söyləmək fürsətini çoxdan gözləyirmiş kimi, hadisələrə müxtəlif rakurslardan baxır, fərqli aspektlərdən yanaşır, publisistik təhlildən keçirirdilər. Həmin illər televiziyanın deyə bilmədiyini radio çox asanlıqla deyir və xalqın bir nömrəli informasiya mənbəyi rolunda çıxış edirdi. Bu yeganə radio verilişindən bir saat müddətində yayımlanan xəbərlər, şərhlər, siyasi analitik çıxışlar dinləyici üçün ona görə maraqlı idi ki, qarışıq situasiyadan (dünyada erməni lobbisinin Azərbaycan əleyhinə çıxışları, SSRİ-nin başçısı Qorbaçovun ermənilərə havadar çıxması, xalqımıza qarşı məkrli niyyətlər, Qarabağda müharibənin başlanması və s.) narahatlıq keçirən xalq ziyalı mövqeyini bilmək üçün efirə diqqət kəsilmişdi. "Səhər” informasiya proqramı radiojurnalistikanın yeni nəfəsi, müstəqillik dövrünün ilk radiopublisistikası və Azərbaycanın efir tarixində ilk dönüş nöqtəsi idi. Verilişdə informasiya-analitik təhlillər verilir və həm də dinləyicinin usanmaması üçün arada musiqi nömrələri səslənir, bir sözlə, təbliğat məqsədi güdən informasiyanın şüurlara yeridilməsindən ötrü yeni jurnalist sənətkarlığının məziyyətləri ortaya çxır. "Səhər”in yaradıcı heyəti arasında Heydər Zeynaloğlunun, Zərxanım Əhmədlinin, Qulu Kəngərlinin, İttifaq Mirzəbəylinin, Reyhan Rüstəmlinin, Ələmdar Quluzadənin, Akif Cabbarlının, Asəf Məhərrəmovun, Tofiq Eləzoğlunun, daha sonralar kollektivin sıralarına qoşulan Kəmalə Mikayılzadənin, Səyavuş Hüseynlinin, Rövşən Sabiroğlunun, Mübariz Süleymanlının, Şəlalə Məhyəddinqızının, Şərəf Cəlilinin, Nəriman Salmanoğlunun və s. neçə-neçə yaradıcı insanın adını çəkmək olar.
Daha sonra "Araz” dalğasında efirə vəsiqə alan "Gün keçdi” informasiya proqramında gün ərzində baş verən ən son olaylar dinləyicilərə təqdim edilirdi. Proqramın zəngin informasiya ilə təminatında Rafiq Bədəlovun, Əşrəf Hümbətovun, Sülhiyyə Musaqızının və s. redaktorların adlarını çəkə bilərik.
İndiki dövrdə, özəl və internet radiolarının sayının artdığı bir zamanda da Azərbaycan radiosu yeganə informasiya mənbəyidir ki, onunla rəqabətə girəcək, müqayisə ediləcək hələlik heç bir alternativ efir mövcud deyil. Çünki Milli Radioda 90 ilik bir təcrübə var və "Xəbərlər” redaksiyasının əməkdaşları öz sələflərinin fəaliyyətindən nümunə götürərək o məktəbdən bəhrələnirlər. Radionun düşünülmüş informasiya siyasətinin əsasını düzgün dərk edərək xalqa gərəkli olanı, lazımi məlumatları təqdim edirlər.
Müstəqil Azərbaycanımızda gedən gənclər siyasəti, gəncliyin potensial gücünə arxalanmaq elə radioda da öz bəhrəsini verməkdədir. Ana radionun fəaliyyətini tənzimləmək, yaradıcılıq ampluasını genişləndirmək gənc və peşəkar kadrlardan birinə həvalə edilib. Azərbaycan radiosunun hazırkı rəhbəri, radio üzrə sədr müavini Rəşad Nəsirov bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərdən biridir. 90 yaşlı radionun "Xəbərlər” xidmətinə də savadlı gənclərimizdən biri rəhbərlik edir. Zaur Rzayevə göstərilən bu etimad gənclərimizə olan böyük inamdan qaynaqlanır.
Radioda "Xəbərlər” redaksiyasının səmərəli fəaliyyəti üçün əməkdaşlara bütün lazımi şərait yaradılıb. Bu gün Azərbaycan radiosu dünyanın istənilən nöqtəsi ilə qısa bir zaman kəsiyində əlaqə yaradaraq informasiya əldə etmək və ötürmək imkanına malikdir. Dövlət televiziyasının xəbər heyətinə daxil olan məlumat radioya da eyni vaxtda ötürülür və bəzən televiziyadan da öncə səslənir, hər saatın tamamımda xüsusi buraxılışlarda tədim olunur. Milli Radioda rəqəmsal texnologiyanın tətbiqi, əldə edilən operativ məlumatların audioformata salınması üçün yaradılan şərait xəbər əməkdaşlarının öz peşəsinin öhdəsindən məharətlə gəlməsinə səbəb olur. "Xəbərlər” redaksiyasında Tofiq Elləzoğlunun, Səyavuş Hüseynlinin, Rövşən Sabiroğlunun, Elnurə Hüseynovanın, Mübariz Süleymanlının, Şəlalə Məhyəddinqızının növbəli iş rejimində həvəslə çalışması, hər xəbəri diqqətlə incələməsi, üzərində işləməsi, bir sözlə, redaksiyasının fasiləsiz fəaliyyəti onların məsuliyyətini birə-beş artırır. Ona görə də Milli Radioda səslənən xəbər öz keyfiyyəti və məzmunu ilə seçilir. "Xəbərlər” redaksiyası gün ərzində 18 dəfə efirə buraxılış təqdim edir. Bunların içərisində idman xəbərlərinin də xüsusi çəkisi var. Vaqif Ağayev, İlkin Babayev və Fərid Məmmədov bu sahədə baş verən ən son yenilikləri operativ şəkildə işıqlandırmağa çalışırlar.
Bu gün Milli Radioda "Xəbərlər” redaksiyasının təqdimatında səslənən beynəlxalq icmal, qocaman jurnalist, siyasi icmalçı Yasin Qaraməmmədlinin apardığı "Dünya bu gün” icmalı auditoriyada reytinq qazanan verilişlər sırasındadır. Veriliş 50 ildən artıqdır ki efirdədir və dünyada cərəyan edən siyasi hadisələrə nəzər salınır. Yasin müəllim əzəl gündən indiyə kimi efirdə canlı çıxış edir.
"Xəbərlər” redaksiyasının özgə dillərdə buraxılışları da ölkəmizin tolerant imicindən xəbər verir. Rus dilində yayımlanan buraxılışlar da operativ informasiya ilə zəngin olur.
Xəbərin təqdim olunması da Azərbaycan Radiosunda özəlliyi ilə seçilir. Çünki burada peşəkar diktor heyəti çalışır. Azərbaycan dilinin qorunması və düzgün tələffüzü baxımından, bədii üsluba ciddi fikir verildiyindən Ana Radioda xəbər oxunuşuna həssas yanaşılır. Radioda aparıcının səhvi bağışlanmır. İllərlə məşq edəndən sonra onlara mikrofon önündə əyləşmək nəsib olur. Bu ənənə də ta əvvəldən belə başlayıb. Xəbərin məzmununu çatdıra bilən, onu düzgün və rəvan oxuyan diktorlar efirə buraxılır. Bu gün Azərbaycan Radiosunun xəbər aparıcılarından mükəmməl radiofonik səs tələb olunur. Baş diktor Ofelya Sabirqızı, illərin təcrübəsinə yiyələnmiş əməkdar artistlər Sevil Hüseynli, İradə Ələkbərqızı, təcrübəli diktorlar Sevinc Babazadə, Kəmalə Zeynalzadə, Məmmədbağır Eyvazov, Məhərrəm Abdullayev, Nigar Mirzəyeva kimi gənclər Millli Radionun peşəkar simalarıdır.
Ana Radionun xəbər kollektivi, redaktor heyəti və diktorları çalışır ki, xalqa vicdanla xidmət göstərsin. Auditoriyanı operativ informasiya ilə təmin edə bilsin. Xalqımızın illərlə gözlədiyi, həsrətində olduğu Qarabağın ermənilərdən azad olunması xəbərini səsləndirsin. Bu xəbəri işləmək və onu təqdim etmək isə hər bir radio əməkdaşının arzusudur. Məhz həmin günü, Qələbə xəbərinin də Milli Radiodan səslənməsini Allah elimizə, Azərbaycanımıza nəsib etsin. Hələlik isə 90 yaşın mübarək, Azərbaycan Radiosu!
Şəlalə Məhyəddinqızı,
Azərbaycan Milli Radiosunun böyük redaktoru
banner

Oxşar Xəbərlər