• cümə, 19 Aprel, 02:32
  • Baku Bakı 18°C

Milli Qəhrəman Albert Aqarunovun qardaşı: “Biz fəxr edirik ki, Azərbaycan xalqı Alberti unutmur”

12.09.17 18:28 1060
Milli Qəhrəman Albert Aqarunovun qardaşı: “Biz fəxr edirik ki, Azərbaycan xalqı Alberti unutmur”
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinə ilk rəsmi səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ailəsi ilə, qəhrəmanın qardaşı Rantik Aqarunovla görüşüb.
AZƏRTACxəbər verir ki, Zakir Həsənov görüşdə çıxış edib. Nazir deyib: "Albert Aqarunov iki qardaş xalqın əsl qəhrəmanıdır, biz onun rəşadətini və igidliyini heç vaxt unutmayacağıq. 1991-ci il oktyabrın 9-da Azərbaycan Milli Ordusu yaradıldı və Albert könüllü olaraq bu orduda xidmət etməyə başladı. Albert Aqarunovun doğma Vətən torpağını necə fədakarcasına və qəhrəmanlıqla qorumasını xatırlayırıq. 1992-ci il ayın 8-də o, Şuşa ətrafında sonuncu döyüşə getdi. Az sonra Aqarunovun heyəti düşmənin ikinci tankını vurdu. Aqarunov mövqeyi dəyişərkən öz tankının düz qabağında həlak olmuş alay yoldaşlarının cəsədlərini gördü. Həmin anda o, nə özü haqqında fikirləşirdi, nə də bu addımın ona necə baha başa gələ biləcəyini düşünürdü. O, yalnız Ermənistan tərəfindən başlanmış müharibənin qurbanları olan belə gənclər və öldürülmüş oğullarının heç olmasa cəsədlərini almaq istəyən analar haqqında fikirləşirdi. Albert həlak olanların yanına qədər qaçaraq onları döyüş meydanından çıxarmağa başladı və elə həmin anda özü erməni snayperinin gülləsinə tuş gəldi. Albert onu öz doğma oğlu kimi böyüdüb boya-başa çatdırmış Azərbaycanı çox sevirdi. 23 yaşlı Albert qısa, lakin şərəfli və igid həyat sürdü. Azərbaycanda onu sevirlər və xatirəsini həmişə ehtiramla yad edirlər. O, əsl qəhrəman, xalqımızın rəşadət nümunəsidir. Biz onun xatirəsini həmişə hörmətlə yad edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq”.
Azərbaycanın Milli Qəhrəmanının qardaşı Rantik Aqarunov Albert Aqarunovun xatirəsinə və onun ailəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. Rantik Aqarunov deyib: "Mən hər il Albertin doğum günündə Bakıya gəlirəm və görürəm ki, Azərbaycan xalqı mənim qardaşımı unutmur. O, gənc nəsil üçün qürur obyekti və nümunə kimi qalır. Bu yaxınlarda Bakıda Albertin oxuduğu məktəbdə ona abidə qoyulub. Çox şadam ki, bu gün mənim qardaşım Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq rəmzlərindən biridir. Biz fəxr edirik ki, Azərbaycan xalqı və Azərbaycan ordusu Alberti unutmur. 2016-cı ilin aprel ayında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində başlanmış qısamüddətli müharibə dövründə biz Azərbaycan üçün çox həyəcan keçirirdik. Biz, əslən Azərbaycandan olanlar Azərbaycanın haqq işini müdafiə etmək üçün batalyon yaradaraq könüllülər kimi orduya getməyə hazır idik, axı mənim qardaşımın məzarı bu ölkənin torpağındadır. Lakin biz Azərbaycan ordusunun erməni təxribatının qarşısını almaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasının, separatçıları geri çəkilməyə məcbur edərək Azərbaycanın işğal olunmuş torpaqlarının bir hissəsini xilas etməsinin şahidi olduq. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Bu ordu öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi və biz buna görə çox fəxr edirik!”
Görüşün iştirakçısı – İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycanın müdafiə nazirinə Albert Aqarunovun ailəsi ilə görüşdüyünə görə təşəkkür edib və Azərbaycan müdafiə nazirinin İsrailə ilk rəsmi səfərinin tarixi əhəmiyyətini qeyd edib. İsrailli ekspert deyib: "Sizin bu səfəriniz bir daha nümayiş etdirir ki, iki dövlət arasında siyasi-diplomatik dialoq, bir sıra istiqamətlər üzrə əməkdaşlıq ən yüksək etimad səviyyəsindədir. İsrail dövləti 25 il bundan əvvəl Cənubi Qafqazda strateji seçim edib. Bu seçim Azərbaycana düşdü və bütün göstəricilər üzrə birmənalı olaraq düzgün seçimdir. Biz, əslən Azərbaycandan olan, hazırda İsraildə yaşayanlar ölkələrimizin strateji tərəfdaşlığı faktına görə qürur duyuruq. Heç kəs üçün gizli deyil ki, həm Azərbaycan, həm də İsrail mürəkkəb geosiyasi regionda yerləşir və bu iki dövlət arasında əməkdaşlıq qarşılıqlı faydalı olmaqla onun böyük gələcəyi var. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir. Bu, birmənalı şəkildə belədir və burada presedentlər yoxdur. Heç bir ölkə onun işğal olunmasına dözməyəcək və Azərbaycan da istisna deyil. Mənim fikrimcə, bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi olduqca vacib və zəruridir. İsrail həmişə və hər yerdə Azərbaycanın yanında duracaq”.

banner

Oxşar Xəbərlər