• cümə axşamı, 28 mart, 14:31
  • Baku Bakı 16°C

Milli musiqimizə arxadan zərbə

29.01.20 11:00 4545
Milli musiqimizə arxadan zərbə
Hind ritmlərinin musiqilərdə, teatrlarda meydan sulaması tənqidlə qarşılanır

Musiqi zövqü insanın təhsilindən, tərbiyəsindən, dünyagörüşündən, mühitindən asılıdır. Musiqi digər sənətlərlə təmasda olduqda, sənətin gücünü daha da artırmış olur. Son bir neçə ildə meyxana və ara mahnılarımızda hind ritmləri özünü qabarıq şəkildə göstərir. Səbəb isə bu ritmlərin internetdə gündəm olması və daha çox izlənilməsidir. Son illərdə hind ritmləri teatrlarımıza da ayaq açıb. Belə ki, daha çox uşaq tamaşalarında istifadə edilən bu ladlar onların zövqünün formalaşmasına birbaşa təsir edir. Ekspertlər isə hesab edir ki, tamaşalarda hind ritmləri yolverilməzdir, yalnız bir halda mümkündür...

"Milli musiqilərimiz unudulmaq təhlükəsi ilə üz-üzə qalır”
Xalq artisti Firudin Məhərrəmov bizimlə söhbətində hind ritmlərindən daha çox komediya janrında istifadə olunduğunu vurğuladı: "Hind ritmlərindən təkcə tamaşalarda deyil, incəsənətin başqa növlərində də istifadə etmək düzgün deyil. Bu, bir növ Azərbaycan milli musiqilərinə arxadan zərbədir. İnsanların zövqü korlanır, qədim tarixə malik olan milli musiqilərimiz unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Mən bacardığım qədər bu musiqilərdən istifadə etmirəm. Biri var, musiqinin özünü tam olaraq istifadə edirsən, biri də var ki, onun ladlarını verib musiqini təqlid edirsən”.
Xalq artisti qeyd edir ki, tamaşada musiqinin ümdə rolu var: "Hazırda Akademik Musiqili Teatrda Pərviz Seyidlinin "İstintaq” əsəri üzərində çalışıram. Bu tamaşada musiqini fonoqramla da vermək mümkündür. Bir də var ki, bəstəkarla çalışasan və tamaşa zamanı musiqi ifa oluna, bunun yeri tamam ayrı olur. Musiqinin öz təsir gücü var ki, bu da tamaşanı daha baxımlı edir. Burda rejissorun da üzərinə böyük iş düşür. Belə ki, o qədər peşəkar seçim olmalıdır ki, başqa bir lad oraya daxil olmasın. Peşəkar bəstəkar tamaşada mövzuya uyğun mahnı bəstələyir və bu da tamaşanı daha baxımlı edir”.

"İnsana nəyi təbliğ edirsənsə, o istiqamətdə formalaşır”
Xalq artisti Faiq Sücəddinov öz milli mədəniyyətimizə və musiqimizə söykənməyi məsləhət görür: "İstər tamaşada, istərsə də televiziyalarımızda milli musiqilərimizdən istifadə edilməlidir. Düşmənlərimiz bizim musiqimizi mənimsədiyi bir vaxtda, biz nə üçün teatrlarımızda hind ritmlərinə müraciət etməliyik? Buna heç bir ehtiyac görmürəm. Kiminsə musiqisini biz niyə uşaqlarımıza təbliğ etməliyik? Heç hindistanlılar da istəməz ki, Azərbaycan musiqisi onun ölkəsində fironluq etsin. Burda teatr direktorlarımızın və kanal rəhbərlərimizin üzərinə böyük yük düşür. Milli musiqimizi qorumaq hər bir vətəndaşın borcudur. Gəlin öz musiqimizə sahib çıxaq. Təbii ki, tamaşalarda yad musiqilər olmalıdır, ancaq bu dərəcədə deyil. Azərbaycan teatrında niyə hind musiqiləri at oynatmalıdır? Bu, bizim musiqilərimizə də hörmətsizlikdir. Hər xalqın öz folkloru, öz kökü var. Dünya musiqi aləmində hər hansı musiqi səslənəndə, bunun hansı ölkəyə xas olduğunu ayırd etmək heç də çətin deyil. Ola bilər ki, hind ritmlərini dinləyib, xoşlana bilərik. Ancaq insan bir fərd olaraq öz musiqisinə köklənməlidir. Musiqimizin dəyişikliyə uğramasının qarşısını almaq üçün belə mahnılardan imtina etməli və öz musiqimizi qorumalıyıq. İnsana nəyi təbliğ edirsənsə, o istiqamətdə formalaşır. Çox az iradəli insanlar var ki, dinlədiyi musiqini, zövqünü qoruyub saxlayır”.

"Hind musiqisi kommersiya məqsədi ilə hazırlanan tamaşalarda üstünlük təsir edir”
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar artist Qurban Məsimov deyir ki, belə hallar yalnız kommersiya məqsədi ilə hazırlanan tamaşalarda özünü göstərir: "Hind ritmləri Şərq musiqisi olduğu üçün bizə doğma görünür. Bir çox hallarda bayağı hesab etdiyimiz mahnılarda da hind melodiya və ritmlərindən istifadə edirlər. Həmin mahnılar sonradan sevilən mahnılara çevrilir. Əgər nümayiş olunan tamaşanın janrı komediyadırsa, müəyyən səhnələrdə emosional halı ifadə etmək üçün gülünc görünsün deyə, məhəbbət səhnələrində hind musiqilərindən istifadə edirlər. Kəskin, emosional, faciə anında müəyyən hind melodiyalarından istifadə olunur. Xoşbəxt sonluqda isə hind filmlərində olduğu kimi, şən bir musiqi verilir və hər kəs sinxron rəqs edir. Teatrlarda hind musiqilərindən yalnız bu nüanslarda istifadə edirlər. Əgər tamaşada bütün dünya xalqlarının musiqisi istifadə edilirsə, bu, normal ola bilər. Hər bir tamaşada zaman və məkan amili nəzərə alınmalıdır. Emosional halı ifadə etmək üçün musiqi və dünya xalqlarının mahnılarından istifadə oluna bilir. Hətta hansı musiqi alətində ifa olunması da vacibdir. Təbii ki, bütün bunlar tamaşalarda musiqi tərtibatı ilə bağlıdır. Digər halda isə, tamaşanın bəstəkarı varsa, bütün məsələlər rejissor, bəstəkar arasında fikir mübadilələri ilə həll olunur. Bütövlükdə hind musiqisi müasir dövrdə kommersiya məqsədi ilə hazırlanan tamaşalarda üstünlük təşkil edir”.
Əməkdar artist hind musiqisinin tamaşaçı ilə ünsiyyət yaratmaqdan ötrü hazırlandığını, xüsusən də 40 yaşdan yuxarı tamaşaçılar üçün rahat bir açar olduğunu qeyd edir: "Hind musiqisi səhnədə səslənən kimi, 40 yaşdan yuxarı olan tamaşaçılar artıq tamamilə dəyişməyə başlayır. Səslənən musiqi onlar üçün doğma olur. Və bu daha çox tamaşaçını ələ almaq məqsədi ilə istifadə edilir”.

"Biz nə o yanlığıq, nə də bu yanlıq”
Rejissor Namiq Ağayev hind ritmləri ilə hazırlanan tamaşaları şou adlandırdı: "Tamaşanın keyfiyyətli olması üçün musiqinin yeri və rolu misilsizdir. Mən Türkiyədə hazırladığım 10 tamaşanın 9-da canlı musiqidən istifadə etmişdim, həmin tamaşalarda fonoqram yox idi. Ancaq bu da çox böyük əziyyət tələb edirdi. İndi canlı musiqidən istifadə etmək problemə çevrilib. Elə bir lüksümüz də yoxdur. Ona görə də musiqini hazır şəkildə tapmağa məcburuq. Musiqi teatrın əsas faktorudur və vacib şərtlərdən biridir. Əvvəllər fonoqram deyilən bir şey yox idi, teatrlarda canlı orkestrlərdən istifadə edirdilər. Hətta dramatik teatrlarda da. Musiqi tamaşanın strukturunu təşkil edəndə, strukturun bir hissəsi olanda, daha gözəl alınır. Musiqi teatrda funksional əhəmiyyət daşıyır. Əvvəllər teatrda musiqilər canlı ifa olunurdu. Tamaşanın skeletini musiqi təşkil edirdi. Daha sonra "xaltura” etdik, işimizi asanlaşdırdıq və bundan da sui-istifadə etdik. Hər hansı bir şeydə ifrata varmaq olmaz. Musiqisiz tamaşa hazırlamaq mümkün deyil. Danılmaz faktdır ki, bizim xalqımız hindlilərə meyllidir. Hətta sovet dövründə onların kinolarından ötrü "sino” gedirdik. Hind qəhrəmanlarının adlarını uşaqlarımıza qoyurduq. Bizim gündəlik musiqilərdə hind ritmlərinin çoxluq təşkil etdiyinin şahidiyik. Bunun teatra ayaq açmasına da təəccüblənməməliyik. Axı zəmini biz özümüz yaratmışıq. Biz gündəlik olaraq avtobus dayanacaqlarında, ictimai nəqliyyatda hind ritmli öz meyxanalarımızı dinləyirik. Hindistanlıların özü oxuyanda canını qoyur, bizdə isə orta səviyyəli boğazlar edirlər, heç düzgün də oxumurlar. Biz nə o yanlığıq, nə də bu yanlıq. Belə olduğu halda da ara musiqiçilərimiz özlərini gülünc vəziyyətə qoyurlar”.

"Biz uşaqların musiqi zövqünün yetişməsində məsuliyyət daşıyırıq”
Bakı Uşaq və Gənclər Teatrının rejissoru, aktrisası İlhamə Əhmədova bildirir ki, musiqi tamaşada uşaqların zövqünə birbaşa olaraq təsir edir: "Mən heç zaman razı olmaram ki, bizim tamaşalarda hind musiqilərindən istifadə olunsun. Hind musiqilərindən o zaman istifadə edərəm ki, hind əsərinə, hind nağılına müraciət etmiş olaram. Bu musiqilər uşaqların zövqünə mənfi təsir göstərir. Ondansa, daha keyfiyyətli, gözəl bəstəkar mahnılarımıza müraciət etmək olar. Uşaqlar üçün hazırlanan tamaşada onların ruhunu oxşayan, zövqünə birbaşa təsir edin musiqilərə müraciət edilməlidir. Bizim o qədər gözəl musiqilərimiz var ki... Uşaqlar üçün xarici klassik musiqilər kifayət qədərdir. Rejissorlarımız da onlardan istifadə etsələr, daha yaxşı olar, nəinki hind ritmləri ilə uşaqlarımızın və gələcəyimizin zövqünü korlamaq. Nə olsun ki, o mahnılar müəyyən insanlar tərəfindən sevilir. Mən o mahnılara trend deməzdim. Bu mahnılar müəyyən yaş həddi olan gənclər arasında trend ola bilər. Ancaq hind ritmləri teatra gəlib çıxacaq dərəcədə trend ola bilməz. Biz uşaqların musiqi zövqünün yetişməsində məsuliyyət daşıyırıq. Onları maarifləndirməkdənsə, bunun zərərli olduğunu təbliğ etməkdənsə, onları korlayırıq”.
İlhamə xanım deyir ki, tamaşada musiqinin rolu çox böyükdür: "Biz aktyoru musiqinin kölgəsində qoymamalıyıq. Aktyor və material musiqinin arxasında qalmamalıdır, balans olmalıdır. Musiqi hazırlayacağımız tamaşaya uyğun olmalı, bir-birini kölgədə qoymamalıdır”.
Ekspertlərin də dediyi kimi, hər şey ritmdən başlayır. Musiqilərimizdə əcnəbilik, yadlıq baş alıb getsə də, bunun peşəkar teatrlara sirayət etməsi gülünc haldır. Ekspertlər hesab edir ki, bugünkü gənclərin, yeniyetmələrin beyninə həkk olunan, bizim milli musiqilərə yad olan həmin ritmlər bir neçə ildən sonra onlara milli təsiri bağışlayacaq. Sabah beynəlxalq arenada həmin musiqini bizim musiqi kimi təqdim edəndə, bu çox böyük mübahisələrə səbəb olacaq. Haqlı şəkildə bildiriləcək ki, gənclərimizin səsləndirdiyi Azərbaycan musiqisi deyil.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər