• cümə, 19 Aprel, 03:21
  • Baku Bakı 18°C

Milli mətbuatşünaslığın təşəkkülü və inkişafı

14.05.19 11:00 1205
Milli mətbuatşünaslığın təşəkkülü və inkişafı
Predmetsiz elm yoxdur. Dünyada olduğu kimi, ölkəmizdə də elmşünaslıq, tarixşünaslıq, mətnşünaslıq, ədəbiyyatşünaslıq, musiqişünaslıq adlı elm yaranmış, inkişaf etmiş və etməkdədir. Bunların hər birinin özünəməxsus predmeti və tədqiqat obyekti var. Keçmiş yüzilliklərdə işıqlı zəkaların yaratmış olduqları yazılı abidələrin mətnləri üzərində aparılan kompleks araşdırmalar nəticəsində meydana gəlmiş, filologiyanın ən mühüm və geniş vüsət tapmış müstəqil elm sahələrindən biri də mətnşünaslıqdır. Uzun illər elmi-praktik fəaliyyət sahəsi kimi mövcud olan mətnşünaslıq inkişaf yolu keçərək zənginləşmiş və nəticədə bir elmi kimi formalaşaraq, nəzəri əsasları, metodologiyası yaradılmışdı.

Mətnşünas alim Kamandar Şərifli yazır: "Azərbaycanda mətnşünaslıq XIX əsrin II yarısından etibarən bir elm sahəsi kimi formalaşmağa başlasa da, onun qaynaqları keçmiş yüzilliklərin dərin qatları ilə bağlıdır”. Mətbuatşünas, mətnşünas alim Əziz Mirəhmədov "Azərbaycan mətnşünaslığının vəziyyəti və inkişaf perspektivləri - Azərbaycan mətnşünaslığı məsələləri” adlı əsərində mətnşünaslıq elminin tarixi kökləri, inkişaf yolları, nəzəri problemləri, metodologiyası ilə yanaşı, Azərbaycan ədəbi-tənqidi fikir tarixinin öyrənilməsində əvəzsiz rol oynadığını da qeyd edib.
Ədəbi prosesin tarixini, inkişaf yollarını, ədəbi mühiti səciyyələndirən ictimai-siyasi şəraiti və bu şəraiti doğuran siyasi, tarixi hadisələrin öyrənilməsində mətnşünaslıqla, ədəbiyyatşünaslıqla yanaşı, tarixşünaslıq elmi də mühüm rol oynayır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) də Azərbaycan tarixşünaslığını əks etdirən bir neçə əsər çap olunub. Adilxan Ziyadxanovun "Azərbaycan”, Məhəmməd Əmin Rəsulzadənin "Qafqaz Türkləri”, "Azərbaycan Cümhuriyyətinin təşəkkülü”, "İran türkləri” əsərləri Azərbaycan tarixşünaslığının öyrənilməsi üçün dəyərli mənbələrdəndir.
1920-ci ilin aprel işğalından sonra Azərbaycan tarixi yalnız marksizm-leninizm ideologiyasına uyğun tədqiq və təbliğ edilərək "SSRİ xalqları tarixşünaslığı” kursunun nəzdində tədris edilsə də Y.Səfərovun yazdığına görə "Azərbaycanda tarix elminin inkişafı tarixi, zəif öyrənilmişdi”.

Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçiləri Ə.H. Quliyev, İ.M.Həsənov, İ.B.Striqunov tərəfindən 1960-cı ildə yazılan "XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda tarix elminin inkişafı”, Ə.Hüseynzadənin nəşr etdirdiyi "XIX əsrin II yarısında Azərbaycan tarixşünaslığı”, Ə.S.Sumbatzadənin "Sovet hakimiyyəti illərində Azərbaycan SSR-də tarix elminin inkişafı” adlı əsərlərini də qeyd etmək lazımdır. Amma bu əsərlərin başlıca xüsusiyyəti tarixə marksist baxışı əks etdirirdi. Lakin unutmaq olmaz ki, tarixi hadisələr və proseslər insanların istək və arzularından asılı olmadan obyektiv qanunauyğunluq əsasında inkişaf edir. Sovet dövründə isə milli respublikaların tarixi marksist-leninçi nəzəriyyə əsasında yazılırdı.
Bu ideoloji meyl tarixşünaslıqdan da çox ədəbiyyatşünaslıqda özünü əks etdirdi. Çünki, Sovet İttifaqı Kommunist Partiyası marksizmin-leninizmin böyük nailiyyətlərinə əsaslanaraq, xalqı kommunist əxlaqı ruhunda tərbiyələndirməkdə ədəbiyyatdan qüdrətli mənəvi silah kimi istifadə etmişdir.

Ədəbiyyatı siyasətdən, sinfi mübarizədən kənar təsəvvür etməyən Vladimir İliç Lenin 1905-ci ildə yazdığı məşhur "Partiya təşkilatı və partiya ədəbiyyatı” adlı əsərində fikirlərini belə şərh edirdi: "Bu, sosialist proletariatının təcrübəsi və canlı işi ilə bəşəriyyətin inqilabi fikrinin son nailiyyətini zənginləşdirən, keçmişin təcrübəsi (sosializmin ibtidai, utopik formalarından başlayan inkişafını tamamlamış elmi sosializm) ilə hazırkı dövrün təcrübəsi (fəhlə yoldaşların hazırkı mübarizəsi) arasında daimi qarşılıqlı əlaqə yaradan azad ədəbiyyat olacaqdır”.

Zaman sübut etdi ki, bu ədəbiyyat azad olmadı. Əksinə, marksist-leninçi metodologiyanın təsiri nəticəsində millilikdən, klassik irsdən uzaq düşdü. Odur ki, "sistem ədəbiyyatı” adlandırılan ədəbi prosesi, sistem "məcburi ədəbi metod” kimi hakimiyyətə gətirmiş və ədəbiyyatımız 70 il həmin dövrün bədii məhsulu olub.

Zəngin tarixə malik olan mətbuatımız da sovet dövründə əsasən ədəbiyyatşünaslıq və tarixşünaslıq elminin metodologiyasına uyğun tədqiqata cəlb edilib. Azərbaycan mətbuatşünaslığı sahəsində xüsusi metodologiya olmadığı üçün mətbuatımızın tədqiqi əsasən ədəbiyyatşünaslığın qolu olan ədəbiyyat tarixi və ədəbi tənqid tərəfindən araşdırılıb.

Əslində, ədəbi prosesləri, tarixi və siyasi hadisələri daima cəmiyyətin diqqətinə çatdıran mətbuat, bir çox sahələrlə sıx bağlıdır. Odur ki, Azərbaycan mətbuatşünaslıq tarixini tədqiq edərkən bir sıra fənlərlə, xüsusən də Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycanda ictimai fikrin inkişafı tarixi ilə qarşılıqlı surətdə öyrənmək lazımdır. Bunun üçün əsas mənbələr arxivlərdə, kitabxanalarda, muzeylərdə qorunub saxlanılan sənədlər, qəzet, jurnal komplektlər, tədqiqat əsərləri, xatirələr və sairdir.

Məsələn, 1960-cı ildə buraxılan üç cildlik "Azərbaycan tarixi” və "Azərbaycan ədəbiyyatı tarixi” kimi fundamental nəşrlərin hazırlanmasında sovet tədqiqatçıları tərəfindən "ziyanlı burjua nəşri” adlandırılan, Bakıda çap olan rusdilli "Kaspi” (1881-1919) qəzetinə dəfələrlə istinad edilib. Adı çəkilsə də, çəkilməsə də, onun səhifələrindəki faktlardan, informasiyalardan tədqiqatçılarımız yetərincə bəhrələnib.

Və yaxud Azərbaycan mətbuatının ilk salnaməçisi, tədqiqatçı-alim Qulam Məmmədli iki cildlik "Azərbaycan teatr salnaməsi”ndə, ədəbiyyatşünas Kamal Talıbzadə "XX əsr Azərbaycan tənqidi”ndə, zərdabişünas Ziyəddin Göyüşov "H.Zərdabinin dünyagörüşü”ndə, mətbuat tədqiqatçısı Nəriman Zeynalov "Azərbaycan mətbuat tarixi”ndə, tədqiqatçı alim Feyzulla Qasımzadə "XIX əsr Azərbaycan ədəbiyyatı”nda, filosof Heydər Hüseynov "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixində” və daha neçə-neçə fundamental əsərlərin yazılmasında kifayət qədər "Kaspi”nin materiallarına istinad edilib.

Mətbuat, ədəbiyyat, mədəniyyət, ictimai fikir tariximizə həsr edilən bu elmi-tədqiqat əsərləri dövrün ideoloji prinsiplərindən uzaq olmasa da, qiymətli tədqiqatlardır. Təəssüf ki, həmin əsərlərdə sovet elmşünaslığının ənənəvi metod və konsepsiyası əsas götürülmüş, siyasi-mədəni təbəddülatlarla zəngin tarixi məqamlar özünü büruzə verir.

Yuxarıda deyilənləri də nəzərə alsaq, bir daha belə qənaətə gəlirik ki, dövrü mətbuat mənbəşünaslığın ən zəruri vasitələrindən biridir. Çünki mətbuat bütövlüklə cəmiyyəti özündə əks etdirir. Azərbaycan mətbuat tarixşünaslığının ən müsbət cəhətlərindən biri mənbəşünaslıq sahəsində görülən işlərdir ki, Azərbaycanda mətbuatşünaslıq elmin bir sahəsi kimi formalaşmaqdadır. Onun daha yüksək inkişaf etməsi üçün tədqiqatçılarımız elmi araşdırmalar aparmalı, milli fikir tariximizin dünəni, bu günü ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməli, bəzi ədəbi-tarixi şəxsiyyətlər, problemlər haqqında sərrast, obyektiv mülahizələr, fikirlər söyləməlidirlər. Elmi-ictimai və siyasi həyatımızın tarixində, milli mətbuatımızın yaranmasında, inkişafında böyük rol oynayan şəxsiyyətlərə layiq olduqları qiymət verilməli, Azərbaycan mətbuatşünaslıq tarixinin tədqiqində onların fəaliyyəti bəyan edilməlidir. Bununla yanaşı, Azərbaycan mətbuatşünaslıq elminin tarixi, inkişafı, metod və prinsipləri öyrənilməlidir. İstər mətbuatşünaslığın nəzəri problemlərinin öyrənilməsi, istərsə də onun gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından, klassik irsdə aşkar edilmiş təhriflərin və onları doğuran səbəblərin aradan qaldırılması və s. problemlərin araşdırılması bu elmi sahənin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Gənc tədqiqatçı Samir Xalidoğlu "Azərbaycan dövri mətbuatının mövzu dairəsi” adlı məqaləsində yazır: "Azərbaycan jurnalistikası tarixində hər bir dövrün spesifik mövzu dairəsi və tematikası, özünəməxsus yazı manevri, müəllif ordusu və s. vardır”. Azərbaycan mətbuatının inkişafında xüsusi olaraq əhəmiyyətli dövr hesab olunan XX əsrin əvvəllərində Azərbaycanda milli şüurun, maarifçiliyin və inqilabi demokratik fikrin sürətli inkişafı zamanı Azərbaycan mətbuatı öz inkişafının çiçəklənmə dövrünü keçirirdi ki, bu da milli mətbuatımızın sürətlə inkişaf etməsinə, ictimai hərəkatın genişlənməsinə səbəb oldu. Bu zaman bir tərəfdən müxtəlif ideya və məsləkli qəzetlər, jurnallar çap olunurdusa, digər tərəfdən də mətbuat tarixi yazılırdı. Bu sahədə də ilk addımı atanlar, onun keçdiyi yolun mənzərəsini canlandırmağa çalışanlar elə jurnalistlər, publisistlər, naşirlər oldu. H.Zərdabi, Ö.F.Nemanzadə, A.Sur, Ə.Müznib, F.Köçərli, Ə.Abid, F.Ağazadə, Mirzə Cəlil, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, S.Hüseyn, M.B.Məhəmmədzadə, H.Vəzirov, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları və başqaları ayrı-ayrı mətbu orqanları-qəzetlər, jurnallar barədə dəyərli, maraqlı mülahizələr irəli sürərək mətbuat tariximizin tədqiqi baxımından çox layiqli mənbələri bizə miras qoymuşlar.

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

banner

Oxşar Xəbərlər