• cümə, 26 Aprel, 19:08
  • Baku Bakı 22°C

Milli mətbuatın intibah dövrü müstəqilliyin bərpasından sonra başlayıb

13.07.15 17:14 1066
Milli mətbuatın intibah dövrü müstəqilliyin bərpasından sonra başlayıb
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Masallı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, konfransı giriş sözü ilə açan Masallı rayon İH başçısı Rafil Hüseynov mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev çıxış edərək milli mətbuatın 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarına xoş arzularını çatdırıb. O, prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müvafiq sərəncamı əsasında hazırlanmış tədbirlər planına əsasən keçirilən regional konfransların bundan əvvəl Zərdab, Qəbələ və Gəncədə keçirildiyini xatırladaraq, yekun tədbirin iyulun 22-də Bakıda təşkil olunacağını açıqlayıb. Xalqın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətləri olan “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən söhbət açan V. Əliyev deyib ki, milli mətbuatın intibah dövrü Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlayıb. Heydər Əliyevin Azərbaycanda azad mətbuatın formalaşmasındakı rolunu yüksək qiymətləndirən V. Əliyev məhz onun imzaladığı sərəncamla 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzuranın ləğv edildiyini, 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qəbul olunduğunu, 2003-cü ildə Mətbuat Şurasının yaradıldığını xatırladıb. Bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan V. Əliyev dövlət başçısının imzaladığı sərəncamla 2009-cu ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradıldığını və fond tərəfindən KİV-lərə 20 milyon manata yaxın maddi yardım göstərildiyini bildirib: “Bu gün Azərbaycanda güclü media formalaşıb. Biz bunu Bakıda keçirilən Birinci Avropa Oyunları zamanı aydın müşahidə etdik. Azərbaycan jurnalistləri əsl peşəkarlıq nümayiş etdirərək dövlətimizi layiqincə dəstəklədilər. Avropa Oyunları zamanı bir sıra xarici ölkələrin təşkil etdikləri qarayaxma kampaniyasına Azərbaycan mediası layiqli cavab verdi”.
Ölkədə azad mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran Vüqar Əliyev həyata keçirilən tədbirlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini, “Əkinçi” qəzeti ilə başlanan ənənələrin uğurla davam etdirildiyini söyləyib.
Regional konfransda Mətbuat Şurasının sədri Əflatun Amaşovun məruzəsi dinlənilib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə Azərbaycanda jurnalistlərə göstərilən dövlət qayğısından danışıb.
Konfransa yekun vuran V. Əliyev mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından bəhs edərək, qaldırılan təkliflərə münasibətini bildirib.
banner

Oxşar Xəbərlər