• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

Milli mətbuatımız “Əkinçi” ilə yaranıb

22.07.18 15:15 645
Milli mətbuatımız “Əkinçi” ilə yaranıb
XIX əsrin sonlarında xalqımızın maarifpərvər oğlu, tanınmış elm xadimi Həsən bəy Zərdabinin təşkilatçılığı ilə "Əkinçi" qəzeti nəşrə başladı. Vətənpərvər ziyalı 22 iyul 1875-ci il tarixli ilk sayında oxuculara müraciətlə yazırdı: "...Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər."
Jurnalistika məktəbi hesab edilən "Əkinçi" öz oxucularını dünyada gedən hər cür sosial-iqtisadi, ideya-mənəvi proseslərdən hali etməyə, bununla onları səfərbər olmağa çalışırdı.
"Əkinçi" qəzetinin əsas məqsədi xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olub. Qəzetin 4 noyabr 1875-ci il tarixli 8-ci sayında təəssüf və yanğı ilə göstərilirdi ki, bizdə, Bakıda olan gimnaziyada oxuyan şagirdlərin milli tərkib nisbəti rus, erməni və qeyri xalqların tərəfindədir, yəni azərbaycanlı uşaqların sayı çox azdır. Halbuki azərbaycanlıların sayı burada həmin xalqların nümayəndələrinin sayından qat-qat çox olmalı idi.
Qeyd edək ki, dövrün problemlərinin işıqlandırılmasında "Əkinçi"də tətbiq edilən bəzi metodlar sonrakı mətbuat orqanlarımız tərəfindən davam və inkişaf etdirildi. Milli ətalətə və cəhalətə, təriqətçiliyə və xurafata, mütiliyə, kölə psixologiyasına, milli laqeydlik kimi nöqsanlara qarşı mübarizə "Əkinçi"nin xələflərinin də fəaliyyətindən qırmızı xətlə keçir.
Ümumiyyətlə, "Əkinçi" jurnalistika məktəbi olaraq yarandığı tarixdən - XIX əsrin ortalarından formalaşaraq böyük bir milli ictimai-ədəbi və mədəni düşüncə sisteminin inkişafına güclü təkan verdi. "Əkinçi"dən sonrakı illərdə "Kəşkül" "Ziya", "Ziyayi-Qafqaziyyə" kimi anadilli nəşrlər fəaliyyətə başladı. 1895-ci ildə xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin Bakıdakı rus naşirdən alıb milli ziyalılarımızın ixtiyarına verdiyi, Əlimərdan bəy Topçubaşovun redaktor, Həsən bəy Zərdabinin müavin olduğu "Kaspi" qəzeti də Azərbaycan mətbuatının özülünü daha da möhkəmləndirdi.
1903-cü ildən vətənpərvər ziyalı Məhəmmədağa Şahtaxtlının rəhbərliyi ilə çapa başlayan "Şərqi Rus" qəzeti milli oyanış məsələsini iri planda hədəfə aldı. Bununla da milli jurnalıstikamızın çətin, fasilələrlə müşayiət olunan ilk dövrü başa çatdı. 1905-ci ildə başlayan və çar monarxiyasını yeni islahatlara məcbur edən birinci rus inqilabı Azərbaycanda da güclü bir mətbuat dalğası yaratdı. Həmin il milli məfkurə ocağına çevrilən "Həyat" nəşrə başladı. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev kimi mütəfəkkirlərin redaktorluğu, Həsən bəy Zərdabinin tövsiyəsi, Zeynalabdin Tağıyevin himayəsi altında bir ilə yaxın işıq üzü görən bu qəzeti "Füyuzat" jurnalı əvəz etdi. "İrşad", "Tazə həyat", "Təkamül", "Həqiqət", "Açıq söz" və başqaları mətbuatımızın sıralarına qoşuldu. 1906-cı ildən başlayaraq 25 il nəşr edilən "Molla Nəsrəddin" jurnalı isə bütöv bir ədəbi-mətbu cərəyana çevrildi.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı kimi nəşrə başlayan "Azərbaycan" qəzeti milli demokratik jurnalistikamızın zirvəsini təşkil edir.
1920-ci ildə Azərbaycanın sovetləşməsi ilə "partiya-sovet mətbuatı" adı ilə tarixə düşən 70 illik kommunist jurnalistikası dövrü gəldi. Bu mərhələdə mətbuatımız həyata ideoloji nəzərlərlə baxmağa məcbur edilsə də, qəzet-jurnalların sayı və tirajı artdı, jurnalistika təhsili təşkil olundu, mətbuat tariximiz öyrənildi, cəmiyyətin həyatında mətbuatın rolu genişləndi.
Nəhayət, milli mətbuatımızda 1988-ci ildə başlayan xalq hərəkatı zəminində yeni mütərəqqi bir dövr başladı. 1991-ci ildə dövlət müstəqilliyimizin elan olunması ilə yeni demokratik jurnalistika vətəndaşlıq hüququ qazandı, lakin suverenliyin ilk illərində ölkəmizin üzləşdiyi, yaşadığı çətinlik və faciələr mətbuatımızdan da yan keçmədi.
Cəmiyyətdə mətbuatın rolunu yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı.
Ölkəmizdə azad mətbuatın əsaslı hüquqi bazası yaradıldı, qarşıya çıxan maddi-texniki maliyyə problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində vacib tədbirlər görüldü.
1998-ci ildə senzuranın ləğvi, 2001-ci ildən isə ölkədə latın qrafikalı əlifbaya keçirilməsi müasir mətbuatımızın tarixində ən əlamətdar hadisələrdir.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev də azad mətbuatın inkişafını demokratik cəmiyyət quruculuğunda jurnalistlərin fəaliyyətini daim dəstəkləyir. Azad mətbuatın mövcudluğu ölkəmizin demokratik inkişafı üçün ən başlıca şərtlərdən biridir.
Azərbaycan mətbuatının özülü 142 il əvvəl sağlam əsaslarla - xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə qoyulub. Bu bünövrə üzərində ucalan mətbuatımız həmişə xalqımızla bir yerdə olub, onun arzu və əməllərinə çıraq tutub.
Lalə HÜSEYNOVA
banner

Oxşar Xəbərlər