• cümə axşamı, 18 aprel, 23:06
  • Baku Bakı 21°C

“Milli Mətbuat Günü təkcə jurnalistlərin deyil, hər kəsin bayramıdır”

20.07.17 21:10 1426
“Milli Mətbuat Günü təkcə jurnalistlərin deyil, hər kəsin bayramıdır”
Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə «Müasir mediada ailə, qadın və uşaq məsələləri» mövzusunda konfrans keçirildi. Milli Mətbuat Gününə həsr olunan konfransda dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri və jurnalistlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan komitə sədri Hicran Hüseynova qeyd etdi ki, Azərbaycan xalqının inkişaf tarixində medianın özünəməxsus yeri var: "Bütün sahələrdə olduğu kimi, medianın da inkişafı göz önündədir. Bu, Prezident İlham Əliyevin müs­təqil mətbuatın form­alaşmasına və inkişa­fına diqqətinin göstəricisidir. Bu gün yüzlərlə qəze­t-jurnal nəşr olunur. Onlar özlərinə gen­iş oxucu auditoriyası toplayıb və qlobal informasiya şəbəkəs­inin bir hissəsinə çevriliblər. Mən də fürsətdən istifadə edib bütün media işçilərini qarşıdan gələn Mətbuat Günü münasibətilə təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram”.
Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məs­ələlər şöbəsinin müd­ir müavini Ərəstun Mehdiyev bildirdi ki, milli mətbuatımız zəngin irsə malikdir: "Mət­buat cəmiyyət üçün ağrılı proble­mlərin ortadan qaldırılması­nda əlindən gələni əsirgəməyib. Azərbaycan mətbuatının tanınmış simalarından olan Əlimərdan bəy Topçubaşov, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli və digərləri mətbuat vasitəsilə öz fikirlərini geniş ictimaiyyətə çatdırmağa çalışıblar. Müxtəlif problemlər zaman-zaman məhz mətbuatda qaldırılaraq öz həllini tapıb. Beləliklə, maarifçilik hərəkatında mətbuatın böyük rolu olub. Azərbaycan 1918-ci ildə müstəqillik qazandıqdan sonra mətbuat ənənələri daha da inkişaf etdi. Azərbayc­an mətbuatı hər zaman xalq ilə bağlı olu­b, onun inkişafı üçün var gücü ilə çalışıb. Müstəqillik illə­rində mətbuatın Azər­baycan dövlətinin in­kişafında, problemlə­rinin həllində mühüm rolu olub. 2010-­cu ildə prezid­entin təşəbbüsü ilə təməli qoyulmuş bina 2013-cü ildə istifa­dəyə verildi. Bu gün isə növbəti binanın açılış mərasimi keç­irildi. Artıq üçüncü binanın təməli qoyu­lub. Bu, Azərbaycan prezidentinin mətbua­ta diqqət və qayğısı­nın bariz nümunəsidir”.
Milli Televiziya və Radio Şurasının sədr müavini, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva öz çıxışında qeyd etdi ki, informasiya dövründə mətbuatın böyük rolu var: «Mən də Milli Mətbuat Günü münasibəti ilə bütün jurnalistləri təbrik edirəm. Bu gün həyatımızın bir anını belə informasiyasız təsəvvür etmək mümkün deyil. Ona görə də bu, təkcə jurnalistlərin deyil, hər birimizin bayramı hesab olunmalıdır. Azərbaycanda Həsən bəy Zərdabi «Əkinçi» qəzetini nəşr etdirəndə, mətbuatın xalqın həyatında oynayacağı rolu yaxşı bilirdi. O əmin idi ki, xalqın gözünün açılmasında və milli müstəqillik təfəkkürünün formalaşmasında mətbuatın rolu danılmazdır. Bu gün fəaliyyət göstərən «Kaspi» qəzeti də məhz Zərdabi ənənələrinin davamçısıdır. "Əkinçi” qəzeti fəaliyyətini dayandırandan sonra Həsən bəy Zərdabi öz tələbəsi Kuzminə ideyalar verir ki, yeni bir qəzet aç, amma çalış ki, onun Azərbaycan dilində də əlavəsini çıxarasan. Çünki o heç vaxt ruhdan düşmürdü və bilirdi ki, informasiya almaq gücünə malik olan bir millət milli-mübarizə ənənələrini yaşadacaq və bir gün azadlığına qovuşacaq. Məhz həmin mübariz əhval-ruhiyyə qəzetçilik ənənələrini yaşatdı. Həsən bəy Zərdabinin həyat yoldaşı türk əsilli Hənifə Abayeva Azərbaycanda qadın maarifçiliyi hərəkatının banisi kimi çıxış edib. Bu gün Azərbaycan mətbuatı bu ənənələrə sadiq qalaraq öz inkişaf yol­una davam edir. Bu inkişafın daha da sürətlənmə­si üçün Azərbaycan dövləti hər bir dəstə­yini göstərir. Ölkəm­izdə mətbuat azadlığ­ı, söz azadlığı təmin edilib. Bu gün ham­ımız Azərbaycandakı mətbuat azadlığından məsuliyyətlə istifa­də etməliyik”.
Tədbirdə çıxış edənlər arasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də var idi. O müasir medianın problemləri haqqında bir sıra məqamları diqqətə çatdırdı: "Düzdür, bəzi problemlər hələ də qalmaqdadır. Xüsusilə ailə, qadın, uşaq problemlərinin mətbuatda işıqlandırılmasında media daha da həssas davranmalıdır. Təəssüflər olsun ki, bəzən bu kimi məqamlar diqqət mərkəzindən yayınır. Lakin bu sahədə xeyli inkişaf var. Jurnalistlərin peşəkarlıq səviyyəsi getdikcə daha da artır”.
Daha sonra ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı "Asan radio” ilə birgə keçirilmiş sorğunun nəticələrinə aid təqdimat nümayiş olundu. Konfransın yekununda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə, eyni zamanda bu sahələrdə aparılan araşdırmalar və təhlillər üzrə 2017-ci ilin monitorinqinin nəticələrinə əsasən jurnalistlər mükafatlandırıldılar. Mükafat alanlar arasında "Kaspi” qəzetinin də əməkdaşı var.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər