AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli məsələdə birləşməyi bacaran Azərbaycan

Milli məsələdə birləşməyi bacaran Azərbaycan

Siyasət
13 Noyabr 2020, 15:48 1950
Partiya sədrləri deyirlər ki, bu birlik və bərabərlik gələcəkdə də ölkəmizin milli-dövlətçilik maraqlarına xidmət edəcək
 
Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində 44 günlük müharibənin nəticələri, imzalanan üçtərəfli bəyannamə, əldə edilən üstünlüklər barədə ətraflı məlumat verib. Dövlətimizin başçısı hətta fərqli siyasi baxışlara malik olanların, iqtidarın işinə tənqidi yanaşanların, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən siyasi partiya və təşkilatların da müharibə getdiyi günlərdə yüksək şüur nümunəsi göstərdiyini diqqətə çatdırıb. Ali Baş Komandan deyib ki, milli məsələlərdə bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları birləşməyi bacarıb. O bildirib ki, bu, ölkəmizin gələcəyi üçün vacib amildir: "Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. "İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. ...Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla”.
 


Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, 44 günlük müharibə dövründə Azərbaycan xalqının tərkib hissəsi olan siyasi partiyalar xalqımızla, Ali Baş Komandanla, Ordumuzla bərabər olub. Deputatın sözlərinə görə, həmin dövrdə partiyalar yüksək siyasi mədəniyyət nümayiş etdirib, dövlətçilik mövqeyində dayanaraq xalqımızı parçalamaq istəyənlərə heç bir əsas verməyib: "Heç şübhəsiz ki, əldə olunan qələbələrimizin xalqımız tərəfindən dəstəklənməsində, Ordumuzun qələbələrinin alqışlanmasında yer aldılar və bütövlükdə bütün düşüncələrin və fəaliyyətin müharibə şəraitinə uyğun olaraq qurulmasına ciddi riayət elədilər. Hətta ən kəskin müxalifət partiyaları belə, bu baxımdan hansısa problem yaratmadılar. Bu, çox müsbət haldır və ədalət naminə bunu qeyd etmək vacibdir. Lakin çox təəssüflər olsun ki, Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəs barədə üçtərəfli bəyanat imzalandıqdan sonra bir sıra siyasi partiyaların rəhbərləri sanki yaranmış vəziyyətdən bəhrələnməyə çalışdılar. Onlar özlərinin müxalif mövqeyini növbəti dəfə ortaya qoymağa cəhd etdilər. Həmin siyasi partiyalar proseslərə səbirli, təmkinli, peşəkar yanaşmaq əvəzinə, populist xarakter daşıyan mövqe ortaya qoydular. Təbii ki, bütün bunlar qəbuledilən deyil”. 
 


Millət vəkili müzəffər Ordumuz tərəfindən Azərbaycanın Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının, Şuşa şəhərinin, vaxtilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi sayılan, indiki qondarma rejimin ərazisi kimi ictimaiyyətə təqdim etdirilən Hadrutun, Xocavəndin böyük hissəsinin, Ağdərənin strateji yüksəkliklərinin, yaşayış məntəqələrinin, hətta Xocalının kəndlərinin belə, işğaldan azad edildiyini xatırladıb. Qeyd edib ki, bunu Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu edib. Deputatın söylədiyinə görə, imzalanan üçtərəfli bəyannamədən irəli gələrək, Laçın, Kəlbəcər, Ağdam rayonlarından da işğalçı Ermənistan qoşunları tamamilə çıxarılacaq: "Bununla yanaşı, qondarma rejimin Xankəndində və digər ərazilərimizdəki tör-töküntüləri – silahlı quldur birləşmələri də tamamilə tərksilah olunacaq. Beləliklə, həmin ərazilərdə də Azərbaycanın suverenliyi təmin olunacaq. Bu da ölkənin ərazi bütövlüyünün təmin olunması deməkdir. Çox arzu edərdim ki, Azərbaycanın bütün siyasi partiyaları sona qədər bu məsələdə Ali Baş Komandanımızla bərabər olsun. Çünki hər birimiz ondan vətənpərvərliyi, torpağa və xalqa sevgini öyrənməliyik. O, əvvəllər olduğu kimi ötən 44 gün ərzində də bu baxımdan xüsusi nümunə nümayiş etdirdi. Tam əminəm ki, cari ilin sonuna qədər Azərbaycan bu istiqamətdə bütün narazılıqlara son qoyacaq. Rusiya sülhməramlılarının Azərbaycana gəlməsini rus qoşunlarının Azərbaycana yenidən qayıtması kimi izah edilməsi çox diletant yanaşmadır. Azərbaycan istənilən halda həmin 1960 sülhməramlının Dağlıq Qarabağdakı missiyasına qadağa qoya bilər. Çünki Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu barədə qərar vermək onun müstəsna səlahiyyətləridir. Digər tərəfdən, Türkiyə və Rusiya müdafiə nazirləri səviyyəsində yeni protokol imzalanıb. Hər iki dövlət Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətinə birgə nəzarət edəcəklər. Hətta ruslarla eyni sayda - 1960 türk əsgərinin də Azərbaycana gətiriləcəyi bildirilir. Əsas budur ki, Azərbaycana gələn rus əsgər və zabitləri sülhməramlı qüvvə kimi gəliblər. Onlar işğalçı mahiyyət və məqsəd daşımadan Azərbaycan torpağındadırlar. Azərbaycandakı bəzi siyasi partiya və təşkilatlar buna əmin olmalıdırlar. Diletantlıq burada yaramır. Xalqın hisləri ilə oynamağa, onu çaşdırmağa ehtiyac yoxdur”. 
 


Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib ki, rəhbərlik etdiyi siyasi qurum 44 günlük müharibədən əvvəl də dövlət siyasətini müdafiə edib, milli maraqlar naminə fəaliyyət ortaya qoyub. Deputat bildirib ki, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarından sonra da 50-dən artıq partiya rəhbəri ilə birlikdə bəyanat imzalayıb, vətən-dövlət maraqları naminə həmrəylik nümayiş etdirib: "Biz bir neçə dəfə bir araya gələrək bəyanatlar qəbul etdik, Ali Baş Komandana, müzəffər Ordumuza dəstək nümayiş etdirdik, xalqımızla bir yerdə olduğumuzu göstərdik. Baxmayaraq ki, bizim aramızda bir-birini qəbul etməyən siyasi partiyalar, onların sədrləri var, biz bütün bu narazılıqları, şəxsi maraqları bir kənara atıb milli maraqlar ətrafında birləşdik. Vətən, millət, dövlət məsələsində yekdillik nümayiş etdirdik, milli birlik üçün çalışdıq. Bu, belə də olmalıdır. Şadam ki, xalqımızın birliyində siyasi partiyaların da müəyyən qədər rolu var. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri, müxtəlif dinlərin, mədəniyyətlərin təmsilçiləri birlik nümayiş etdirdilər. On milyonluq Azərbaycan vətəndaşı, ümumən 50 milyonluq Azərbaycan xalqı vahid oldu, bir oldu. Prezident İlham Əliyev bu birliyi - dəmir yumruğu xalqın birliyi kimi xarakterizə elədi. Bildirdi ki, bu dəmir yumruqla düşmənin başını əzdik və əzirik. Əminəm ki, bu birlik və bərabərlik gələcəkdə də Azərbaycanın milli-dövlətçilik maraqlarına xidmət edəcək”.

Rufik İSMAYILOV