• cümə, 26 Aprel, 15:36
  • Baku Bakı 23°C

Milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

29.11.16 15:15 5668
Milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Hər bir insanın gənclik dövrü onun mənəvi dəyərlərinin, dünya görüşünün, xasiyyətinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrdür. Mütəxəssislərin fikrincə, yeniyetmələrdə milli mənlik şüuru anlayışı idrak, emosional-mənəvi, davranış komponentlərinin birliyini təşkil edir. Bu birliyin də hər komponentinin özünəməxsus xüsusiyyətləri vardır ki, milli adət-ənənələrə, milli mədəniyyətə, ailədə tərbiyə üsullarının xüsusiyyətinə görə formalaşır.

Bu xüsusiyyətləri ayrı-ayrılıqda təhlil edən psixoloq Ülviyyə Hümmətova bildirdi ki, mənəvi və əxlaqi komponent digər millətlərdən olan həmyaşıdlarına, digər mədəni dəyərlərə hörmət, etimad və tolerant yanaşmanın göstəricisi hesab olunur. Davranış komponenti çoxmillətli mühitdə özünüqiymətləndirmə, özünüreallaşdırma və sosial adaptasiya bacarığı ilə xarakterizə edilir. Yəni yeniyetmələrdə milli şüur ümumi fenomendir, məktəbdə vahid tədris prosesi zamanı şəxsiyyətin çoxmillətli cəmiyyətdə yerini müəyyən edir. "Yeniyetməlik dövründə şəxsiyyətin formalaşmasının yaş xüsusiyyətləri əxlaqi-mənəvi şüuru da özündə birləşdirir. Yeniyetmələr identiklik axtarışında olurlar. Daim "Mən kiməm?” sualı onları narahat edir. Bir növ bu sualın cavabı olaraq, öz şəxsi sərhədlərini yaratmağa başlayırlar. Bu zaman ailənin qayda və norması ilə yeniyetmə arasında ciddi problemlər ortaya çıxır,” – deyə həmsöhbətim bildirdi. Psixoloq şəxsiyyətin cəmiyyətə yararlı olaraq formalaşmasında ailənin rolunun əvəzsiz olduğunu xüsusi qeyd etdi. Yəni ailə-təhsil-cəmiyyət sanki bir zəncir yaradır. Cəmiyyətə inteqrasiya edən yeniyetmə özündə hökmən müəyyən xüsusiyyətləri birləşdirir. Bu xüsusiyyətlər ailədə, təhsil ocağında, mənsub qrupda formalaşır.


Yeniyetmələrdə milli mənlik şüurunun formalaşması Müsahibim bildirdi ki, milli mənlik şüuru ailədaxili dəyərlər sistemindən, mənsub olduğu etnik qrupun təyin edilməsindən, bu qrupun xüsusiyyətlərindən yaranır: "Ailənin adət-ənənəyə riayət etməsi, cəmiyyətin norma və qaydalarının uşaqlara vaxtında aşılanması, tərbiyə üsulunda milli xüsusiyyətlərin nəzərə alınması ilə seçilməsi milli şüurun yaranmasına təkan verir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və məqsədlərinin öyrənilməsinə meylli olaraq, ictimai şüurla bağlıdır. Yeniyetməlik dövründə əxlaqi şüur inkişaf etməyə başlayır, bu da öz tarixinə daha dərindən baxış deməkdir”. Həmsöhbətim vurğuladı ki, milli mənlik şüuru eyni zamanda, öz vətəninə mənəvi bağlılığı ifadə edir: "Yeniyetmənin mənəvi dünyası nə qədər çox zənginləşərsə, milli mənlik şüuru və vətənpərvərlik hissləri də o qədər formalaşmış olar. Uşaqların göz açdığı, boya-başa çatdığı mühit, təhsil aldığı məktəb onun fikir və bacarıqlarının inkişafı üçün çox önəmlidir. Ailədaxili nizam-intizam olmazsa, uşaq öz identikliyini tapmazsa, bu zaman onun milli şüurunun formalaşmasında ciddi maneə yaranacaq”.
Tərbiyə prosesindəki boşluqlar

Müsahibim bildirdi ki, hüquq pozuntusu və cinayət törətmiş yeniyetmələrdə mənəvi-əxlaqi tərbiyə problemi yaşanmaqdadır. Səbəb olaraq, ailə tərbiyəsində çatışmazlıqlar, təlim-tədris prosesində boşluqlar, uşağın fərdi psixofizioloji xüsusiyyətləri, yeniyetməlik dövrünün böhranı göstərilə bilər: "Cəmiyyətin və dövlətin inkişafının önəmli komponentlərindən biri də uşaqların mənəvi-əxlaqi tərbiyəsi, onların sərbəst yetkin həyata hazırlanmasıdır. Yeniyetmələrin mənəvi aləminin inkişafının təşkili uzun müddətli, məqsədyönlü, ağır, eyni zamanda, ailəvi və ictimai tərbiyəyə, maarifləndirməyə və fərdi inkişafa meylli bir prosesdir. Mənən zəngin insan, ilk növbədə güclü milli xarakterə malik vətəndaşdır. Dəyişən sosial şəraitə adaptasiya olan, zəhmət çəkməyi bacaran, verilən tapşırıqlara məsuliyyətlə yanaşan olması deməkdir. Yeniyetmələrin mənəvi-əxlaqi inkişafının və tərbiyəsinin əsasında aşağıdakı prinsiplər durur:
* İdeala meyllilik;
* Milli tərbiyəvi idealın əsasında dəyərlərin formalaşdırılması;
* Əxlaqi nümunəyə uyğunlaşma;
* İdentifikasiya;
* Əhəmiyyətli şəxsin olması və onunla əlaqənin saxlanılması. Mütəxəssis onu da xüsusi qeyd etdi ki, valideynlər uşağa ilk əxlaqi nümunəni göstərən şəxslərdir. Yetkinlik yaşına çatmayanların tərbiyəsi və mənəvi-əxlaqi inkişafı onların gələcəyini, bununla bərabər milli mənlik şüurunu formalaşdırır”.
Mənlik şüuru ideoloji məsələdir

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova milli mənlik şüurunun vacib, ideoloji bir məsələ olması üzərində dayandı. Mehriban xanımın fikrincə, hər bir insan, ölkə vətəndaşı özünün milli mənliyini tanıması baxımından inkişaf edir: "Mən qadın problemləri ilə məşğul olduğuma görə, həmişə deyirəm ki, biz qadınlar adətən, daha çox özümüzü məişət səviyyəsində təqdim edirik. Amma hər bir qadın davranış və hərəkətlərində belə, öz milli kimliyini nümayiş etdirməlidir. Bəzən davranışlar cəmiyyət içərisində qıcıq doğurur. Bu nədən irəli gəlir? Milli mənliyin, milli şüurun kifayət qədər formalaşmamasından. Hər kəs fərdi prinsiplərlə yaşayır. Bəs vətəndaşın milli mənliyi nə vaxt görünür? Əlbəttə, vətəndaş yetişdirəndə”.
Mehriban xanım bildirdi ki, əgər qadın özündə bu milli mənliyi hiss etmirsə, öz qadınlıq qürurunu qoruya bilmirsə, onda milli mənlik ola bilməz: "Bir məşhur əsərdə "İtə ataram, yada satmaram” kəlamı yəqin ki, hər kəsin yaddaşındadır. Bu deyim, məhz mənlik, milli şüur məsələsi idi. Bu, sadəcə, söz deyil, bizim keçmişimiz, gələcəyimizdir”.

Müsahibim bildirdi ki, vətənpərvərlik hissi yalnız döyüş meydanında deyil, gündəlik həyatımızda da özünü büruzə verməlidir: "Mən öz işimi məsuliyyətlə görürəmsə, deməli, bu, vətənpərvərliyin bir tərkib hissəsidir. İnsanlara münasibətimdə ölkəm üçün, cəmiyyət üçün çalışıramsa, bu da vətənpərvərliyin bir hissəsidir. Bəli, döyüşmək lazımdır. Çünki real olaraq, biz müharibə şəraitindəyik. Hər bir gənc şüurlu surətdə dərk etməlidir ki, onun torpağı erməninin işğalı altındadır. Elə o gənci böyüdüb, tərbiyə edən qadın, ana da bu döyüşkənliyi, vətənpərvərlik hisslərini unutmamalıdır. Bu, onun işində, əməlində özünü daim büruzə verməlidir”.
Maarifləndirmə, yoxsa nümunə?
Mehriban xanım bildirdi ki, ölkəmizdə müsbət milli keyfiyyətlərə sahib olan insanlar çoxdur. O, hesab edir ki, bunun genetik xüsusiyyətlərini nəzərə alaraq, gəncliyi öz keçmişinə baxmağı daim tövsiyə edən verilişlər çox önəmlidir: "Lakin bəzən ədalətsiz olaraq, tamamilə kənardan, xoşagəlməyən, ziddiyyətli fikirləri olan adamların önə çəkilərək, təbliğ edilmələrinin də şahidi oluruq. Fərdi problemləri, ailə daxilindəki münasibətləri isə ictimailəşdirmək, televiziya ekranında nümayiş etdirmək qətiyyən düzgün deyil. Onların arasında kifayət qədər qüsurlu insanlar var. Bu qüsurları öyrənmədən verilişə çıxarırıq və sonradan problemlə üzləşirik”.

Müsahibimin fikrincə, insanların tanışlıq vasitəsilə ortaya çıxarılaraq, təbliğ edilmələri də bayağılıq yaradır: "Bu cür hallar əslində, maarifləndirməyə xidmət etmir. Bu zaman milli-mənəvi şüuru həqiqətən özündə daşıyan adamlar bir növ kölgədə qalırlar. Ekranlarımızda ifrat dərəcədə böhranlı ailələrin guya problemlərinin çözülməsi məsələsi isə gənclərin mənəviyyatına pis təsir edir, onları həqiqətdən uzaqlaşdırır. Onlarda mücərrəd düşüncələr yaradır, hətta özünə inamsızlıq aşılayır. Kifayət qədər ziddiyyətli və böhranlı adamların həyat tərzinin nümayişi gəncliyin mənəviyyatına ağır zərbədir. Öz milli mənliyi ilə örnək ola biləcək insanlar varlı da ola bilər, kasıb da. Əsas odur ki, onun yüksək mənəvi keyfiyyətləri var. Yaxşı, nümunəvi ailə modelinin təbliği mütləq və hər zaman zəruridir. Öz milləti haqda pis fikir söyləyən adamlar isə cəzalanmalıdır. Çünki bu cür yanaşmalar, fikir ayrılıqları kifayət qədər pis vərdiş, pis təcrübədir və bunun da acınacaqlı sonluğu olur. "Sosial şəbəkələrdə "bu millətdən millət olmaz, bizimkilər belədir” və s. kimi xeyli mənfi fikirlərə rast gəlirsən. Bu cür fikirlər milli kimliyi aşağılayır. Buna da cinayət demək olar. Təəssüflər olsun ki, biz bunun qarşısını almırıq.”
Davranışların dəyişməməsi üçün

Müsahibim qeyd etdi ki, hazırda müxtəlif dini ideologiyanın insanları bəzən eybəcər hala saldığının da şahidi oluruq: "Mən hesab edirəm ki, tərbiyənin təməli düzgün qoyularsa, insanın kənar təsir altına düşməsi ehtimalı lap az olur. İdeoloji baxımdan "silahlanmış” bir adam hansı ölkəyə gedir-getsin, dəyişməz qalacaq. Yəni davranış dəyişməz qalır. Yanlışlıq buradadır ki, biz övladlarımızı ideoloji baxımdan düzgün istiqamətləndirə bilmirik. Problemin kökü bundadır. Əgər mən övladıma milli kimlik, milli şüur və milli qürur hisslərini aşılaya bilmişəmsə, o, öz ölkəsinin vətəndaşı olub, öz xalqına xidmət edəcək. Yəni ölkəsinin hüdudlarından kənarda təhsil alan və ya işləyən gənc oradan fərqli bir geyim, fərqli bir mətbəx gətirə bilər. Amma onun davranışının kökündəki milli vətənpərvərlik qüruru heç vaxt sınmaz. Bütün bunlar uşağa bağça yaşından aşılanmalıdır. Üstəlik, insanlara daha çox dəstək verməliyik ki, onlar rahat şəkildə öz həyatlarını qura bilsinlər”.

Qarışıq millətlərdən olan ailələrdə doğulan uşaqlarda milli mənlik şüuru

Müsahibim bildirdi ki, bu məsələ hansı tərəfin güclü olmasından asılıdır. Yəni əcnəbiyə ərə gedən qadın da ideoloji baxımdan hazır olmalıdır: "Bu sahədə bizim düşüncəmiz çox bəsitdir. Belə hallarda çox zaman təsir altına tez düşməyimiz də bundan irəli gəlir. Təəssüf ki, başqa millətlə evlilikdən doğulan uşaqlar da çox zaman başqalarının olur. Biz milli kimliyimizi saxlamaq iqtidarında olmuruq. Bəzən əcnəbi ilə ailə həyatı quran qadınlarımız qınanır. Amma bunun əvəzinə, qadınlarımızın ideoloji baxımdan güclü olmalarına şərait yaratmalıyıq. Qadın bilməlidir ki, əcnəbiyə ərə getdikdə, güclü seçim qarşısındadır. O, elə etməlidir ki, bu evlilikdən təkcə onun ailəsi yox, ölkəsi də zərər görməsin. Qadının işi yalnız ərə gedib uşaq doğmaqdan ibarət deyil. O, başa düşməlidir ki, ölkəsinin təmsilçisidir, bunu hər addımında fikirləşməli, necə deyərlər, yüz ölçüb bir biçməlidir. Qadın ölkəsinin təəssübünü çəkməlidir, hiss etməlidir ki, kənardan ona neçə göz baxır. Azərbaycanlı olaraq, geyimindən tutmuş, bilik, bacarıq, əxlaq normalarına qədər bütün davranışlarının həddini bilməlidir”.
Zeynəb Əliqızı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb

banner

Oxşar Xəbərlər