• cümə axşamı, 25 aprel, 14:58
  • Baku Bakı 23°C

Milli-mənəvi dəyərlərin qorunmasında əsas güc mətbuatın üzərinə düşür

03.08.17 18:19 706
Milli-mənəvi dəyərlərin qorunmasında əsas güc mətbuatın üzərinə düşür
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Humanitar Araşdırmalar İctimai Birliyi "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlı layihə çərçivəsində "Çap və elektron mediada milli-mənəvi dəyərlərin qorunmasının zəruriliyi” mövzusunda növbəti dəyirmi masa keçirib. Dəyirmi masada millət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan İctimai Birliyin sədri Nurlanə Mustafayeva vurğulayıb ki, milli-mənəvi dəyərlər hər bir xalqın fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün lazımlı olduğuna inanıb qəbul edilən ortaq dünyagörüşü, məqsədləri, əxlaq normaları və inanclarıdır: "Xalqımızın minilliklər boyu mövcud olan milli-mənəvi dəyərləri məhz onlara sahib çıxılması sayəsində qorunub və Azərbaycan xalqını digər millətlərdən fərqləndirib. Azərbaycan xalqının formalaşmasına milli-mənəvi dəyərlərin təsiri böyük olduğu kimi, heç şübhəsiz, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Dövlət müstəqilliyinin bərpa edilməsindən, xüsusən 1993-cü ildə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması üçün böyük işlər görülüb. Milli-mənəvi dəyərlərin qorunması dövlət siyasətinin başlıca elementlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan və milli-mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü, rəqabətə davamlı və vətəndaşın daha yaxşı yaşadığı dövlətin qurulmasıdır. Bu vəzifələri yerinə yetirmək üçün xalqımızın özünün milli-mənəvi dəyərlərinə, tarixinə sahib çıxması vacibdir. Heç əbəs deyildir ki, cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb: "Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır.”

Daha sonra N. Mustafayeva layihənin başlıca məqsədinin mətbuatda və sosial mediada milli adət-ənənələrimizi, milli ideologiyamızı, tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi dinimizi qorumağın, o cümlədən sosial şəbəkələr vasitəsi ilə gənc nəslə təbliğ etməyin yollarını müzakirə etmək, milli adət-ənənələrimizlə mədəni inkişafımızın vəhdətini araşdırmaq və geniş ictimaiyyətə çatdırmaq olduğunu bildirib. Əsas hədəf gənc nəslin mediada milli-mənəvi dəyərlərə sahib çıxmasını, onu qorumasını və vətənpərvərlik hisslərini gücləndirməsini təmin etməkdir.


Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanov mövzunun həddən artıq geniş və aktual olduğunu bildirir: "Bu gün qloballaşma şəraitində qloballaşmanın əsas hədəfi olan milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi uğrunda mübarizədə milli-mənəvi dəyərlərin qorunmasının müstəsna əhəmiyyəti vardır. Lakin təəssüflər olsun ki, bizim çap məhsullarımızda bu məsələ hələ də öz layiqli yerini tutmayıb. Yəni yetəri qədər aktuallaşmamışdır. Sovet jurnalistika ənənəsində belə bir prinsip vardı ki, jurnalist ictimai rəyi formalaşdıran, istiqamətləndirən ideoloji işçi, təbliğatçıdır. Bu gün milli-mənəvi dəyərlərin qorunması mövzusu daha da aktualdır. Ölkəmizdə vahid Azərbaycan mədəniyyəti formalaşıb. Bütün dövlətlərin bazasını dominant xalq və din təşkil edir. Təəssüflər olsun ki, Azərbaycanın çap mətbuatında milli mədəniyyət və etnik mədəniyyət anlayışları arasında fərq qoyulmur və bəzən də bunlar qarışdırılır. Bəzi məsələlər var ki, jurnalistlər ehtiyatlı yanaşmalıdır. Milli-mənəvi dəyərlərin qorunması, təbliği ilə məşğul olan jurnalist ilk növbədə bu dəyərlərin nə olduğunu bilməlidir. Bu istiqamətdə yazı yazarkən buna hazırlıqlı olmalı, mövzunu dərindən araşdırmalıdır. Bizim jurnalistikanın müəyyən səhvlərindən ermənilər və onları himayə edən dövlətlər çox məharətlə istifadə edir”.
Daha sonra Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov çıxış edib. O, bildirib ki, bu gün milli-mənəvi dəyərlərin qorunmasında əsas güc mətbuatın üzərinə düşür: "Mətbuat milli-mənəvi dəyərlərin qorunub, güclənməsində böyük rol oynayır. Bu kimi dəyərlərə sahib çıxmaq, onların təbliğatında yaxında iştirak etmək lazımdır. Biz bu mövzuda yetərincə savadlı, bilgili olsaq, o zaman bütün kənar təsirləri dəf edə bilərik. Milli-mənəvi dəyərlərin qorunması istiqamətində dövlət rəhbərliyi zəruri olan bütün işləri görür. Bizim də üzərimizə düşən vəzifə bunu təbliğ etməkdir”.

Layihənin eksperti millət vəkili Musa Qasımlı çıxış edərək bu kimi məsələlərdə dəyirmi masanın faydalı olduğunu, milli mənəvi dəyərlərin qorunmasında həm elektron, həm də çap mediasının böyük rolu oynadığını deyib.
Sonda iştirakçıların suallarına cavablar verilib və maraqlı müzakirələr keçirilib.
Günel Azadə

banner

Oxşar Xəbərlər