Milli-mənəvi dəyərlərimizin qoruyucusu olan maarifçi qadınlarımız - Fotolar
"Maarifçi
qadınların ictimaiyyətə tanıdılması müsbət addımdır. Ölkəmizin maarifçilik
hərəkatında yaxından iştirak edən, maarifçiliyə töhfə verən qadınlarımız dünən
də olub, bu gün də var. Onların haqqında məqalələr hazırlanıb cəmiyyətə təqdim
olunmalıdır”. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və «Kaspi»
qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın jurnalistlər
arasında «Azərbaycanın maarifçi qadınları» mövzusunda keçirdiyi fərdi jurnalist
yazıları müsabiqəsinin mükafatlandırılma mərasimində səslənən bu fikirlər
diqqəti keçən əsrdən başlayaraq maarifçilik ideyalarını həyata keçirən
qadınların fəaliyyətinə yönəltdi.
Qeyd
edildi ki, ötən il dekabrın 8-də elan olunan və 2018-ci il fevralın 8-də yekun
vurulan müsabiqə ilk dəfə qadın jurnalistlər arasında keçirilir. Bu müddət
ərzində təşkilat komitəsinə 26 yazı daxil olub. Məqalələrdə Azərbaycanın tanınmış
maarifçi qadınlarının həyat yolu, fəaliyyəti geniş işıqlandırılıb. Müsabiqəyə
təqdim olunan məqalələrdən ibarət "Azərbaycanın maarifçi qadınları” toplusu
nəşr olunub. Nəşrdə akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva,
Pəri Topçubaşova, Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Sara Aşurbəyli, Sona
Tağıyeva, Məryəm Bayraməlibəyova və başqa tanınmış maarifpərvər qadınlar
barəsində maraqlı yazılar yer alıb.
Bilik Fondunun icraçı direktoru
Oqtay Səmədov
Azərbaycan qadınının əsrlər boyu cəmiyyətimizin mənəvi dəyərlərinin
formalaşmasında və inkişafında böyük rol oynadığını qeyd etdi: «Azərbaycan
qadını günümüzdə dövlətçiliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın yüksəlişi,
xalqımızın rifahının yaxşılaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması
və gənc nəslə ötürülməsində, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün qorunub
saxlanmasında öz həyatlarını qurban verən, şəhidlik zirvəsinə yüksələn
qəhrəmanların dünyaya gəlməsinə səbəb olan insandır. Bu gün Azərbaycan
qadınının səsi dünyanın nüfuzlu kürsülərindən eşidilir və yüksək
dəyərləndirilir. Azərbaycan qadını dedikdə, gözümüzün önünə maarifçi qadın
obrazı gəlir. Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlayan aparıcı
qüvvə məhz Azərbaycan qadınıdır». O.Səmədov müsabiqəyə təqdim edilən yazılar
əsasında dərc olunan toplunu əhəmiyyətli mənbə kimi dəyərləndirdi: "Hesab
edirəm ki, müsabiqənin nəticəsi olaraq dərc olunan toplu gələcək araşdırmalar
üçün mənbə rolunu oynayacaq”. O.Səmədov, həmçinin müsabiqənin tərəfdaşı kimi
«Kaspi» qəzetinin rəhbərliyinə təşəkkür etdi: "İstərdim ki, bu əməkdaşlıq bu
müsabiqə ilə məhdudlaşmasın, bundan sonra yeni layihələrə imza ataq”.
Tanrıdan sonrakı varlıq
Müsabiqə
iştirakçılarının məqalələrinin həm keçmiş, həm indi, həm də gələcək nəsillər
arasında maarifləndirmə körpüsü olduğunu qeyd edən «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan qadınının
cəmiyyətdəki yeri və rolundan danışdı: "Qadın Tanrıdan sonra yaradıcı olan
ikinci varlıqdır. Keçən əsrdə qadınların maarifçilik ideyalarını davam
etdirməsi o qədər də asan olmayıb. Onlar əziyyətlər çəkiblər, hətta bəzən
ölümlə üzləşiblər”. S.Vəliyeva qeyd etdi ki,
Azərbaycan qadınını cəmiyyətdə fərqləndirən türk mənəviyyatına malik
olması, mübarizliyi, öz xanımlığını qorumaq kimi xüsusiyyətlərə malik olmasıdır:
"Bu xüsusiyyətlər Azərbaycan qadınını dövrün ən inkişaf etmiş qadınları
sırasına gətirib çıxara bilib. Tarix boyu Azərbaycan qadınının şərəf və
ləyaqətinə xələl gəlməyib”.
S.Vəliyeva
topluda yer alan məqalələrin həsr olunduğu qadınlar haqqında respublikanın
bütün rayonlarında mühazirələrin təşkil olunması təklifini səsləndirdi: "Qoy
insanlar bu maarifçi qadınları yaxından tanısınlar. Hənifə Məlikova, Şəfiqə
Qaspiralı, Pəri Topçubaşova, Məryəm Bayraməlibəyova, Səkinə Axundova kimi
qadınlar maarifçilik fəaliyyətində iştirak etməklə bərabər, maarifçiliyi
yaydıqlarına görə acınacaqlı həyat yaşayıblar. 37-ci ilin qurbanları təkcə
ziyalı kişilər olmayıb, eyni zamanda onlarla çiyin-çiyinə çalışan, Azərbaycan
maarifçiliyini inkişaf etdirən, Cümhuriyyətin inkişafında böyük rol oynayan
xanımlar da repressiyaya məruz qalıblar. Onlar bölgələrdə fəaliyyət
göstəriblər, məktəblər açıblar. Bütövlükdə bu maarifçi xanımların fəaliyyəti
Azərbaycan cəmiyyətinin inkişafına, ölkədə savadlılığın artmasına gətirib
çıxartdı”.
"Kaspi”nin
təsisçisi ulu öndər Heydər Əliyevin Azərbaycan qadınlarının fəaliyyətinə
münasibətini xatırladaraq, "ulu öndər Azərbaycan qadınının cəmiyyət həyatında
rolunu inkişaf etdirmək üçün mühüm işlər gördü” - deyə qeyd etdi: "Ulu öndər
Rusiya universitetlərində oxumaları üçün çoxlu tələbə qızları göndərdi. O
inanırdı ki, həmin qızlar qayıdıb gələcək və kişilər qədər, bəzən də onlardan
çox iş görəcəklər. Ulu öndər, həmçinin qadınların müəyyən vəzifələrə önə
çəkilməsinə dəstək olurdu. O, Azərbaycanın müstəqilliyinə inandığı üçün sovet
dönəmində qadınların vəzifəyə irəli çəkilməsinə şərait yaradırdı. Təsadüfi
deyil ki, istiqlal düşüncəsinin qorunub saxlanmasını ulu öndərin adı ilə
bağlayırlar. Çünki ulu öndər bir gün Azərbaycanın müstəqil olacağına inanırdı və
əmin idi ki, bu gün çalışan qadınlar müstəqil düşüncələri ilə sabah
dövlətçiliyimizin inkişafına töhfələr verəcəklər. Bu gün ölkəmizdə birinci
vitse-prezidentin qadın olması Azərbaycan qadınına, onun təfəkkürünə inanmağın,
qadın siyasətinin önəmli olmasının bariz nümunəsidir”. S.Vəliyeva Azərbaycan
qadınlarını təbrik edərək onlara tezliklə torpaqlarımızın azad edilməsi
sevincini yaşamağı arzuladı: "O gün olsun qadınlarımızın üzündə torpaqlarımızın
işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərimizin yurdlarına qayıdışı
ilə bağlı sevinc olsun!”
Maarifçi qadınları cəmiyyətə
tanıtdırmaq
Mətbuat Şurasının sədri, millət
vəkili Əflatun Amaşov qadınların rolunu Azərbaycan cəmiyyətinin
inkişafında yüksək dəyərləndirərək onların fəaliyyətinə daha geniş şərait yaradılmasının
tərəfdarı olduğunu qeyd etdi: «Bu gün Azərbaycan qadınları cəmiyyətin bütün
sahələrində uğurla və əzmlə çalışırlar. Qadınlarımızın mətbuatda da təmsilçiliyi çox fəaldır. Azərbaycan
jurnalistikasının 60 faizini qadın jurnalistlər təşkil edir: "Biz Şərqdə qadına səsvermə hüququ verən ilk ölkə
olmuşuq. Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi
kökümüzə bağlı məsələdir”.
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli 8 mart bayramı
münasibəti ilə bütün qadınları təbrik etdi: "Bilik Fondu ilə «Kaspi» qəzetinin
həyata keçirdiyi layihə çox təqdirəlayiqdir. İndiyə qədər bu mövzuda müsabiqə
keçirilməyib. Təəssüf edirəm ki, bu müsabiqədə cəmi 26 jurnalist qadın iştirak
edib. İnanıram ki, bundan sonra qadın jurnalistlər bu cür layihələrdə daha fəal
iştirak edəcəklər”. V.Səfərli dərc edilən toplunun əhəmiyyətindən danışaraq, "toplunun
Azərbaycan maarifçi qadınlarının keçdiyi yolun gənc nəslə və ümumiyyətlə,
ictimaiyyətə çatdırılmasında böyük əhəmiyyəti var. Maarifçi qadınlar haqqında
məlumatların regionlarda ictimaiyyətə çatdırılmasında KİVDF olaraq biz də
dəstək göstərməyə hazırıq” - dedi.
Əməkdar jurnalist Telli Pənahqızı müsabiqəyə
təqdim olunan yazılara toxunaraq "bu yazılarda Azərbaycan maarifçilik
dünyasının yaranmasında özünü oda-közə vuran, cəfalar çəkən qadınları gördüm”
dedi: "Onlar Azərbaycan maarifçiliyinin keşiyində dayanıblar. Maarifçiliyin
inkişafı üçün hər cür əzab-əziyyətə qatlaşıblar. O vaxtlar bu insanların heç
biri özləri haqqında hər hansı məlumatı yazmayıblar. Onların əsas məqsədi
maarifçilik işığını ürəklərdə çiçəkləndirmək olub. Bu gün də Azərbaycanda
maarifçiliyi inkişaf etdirən qadınlar var. Gələcəkdə belə müsabiqələri davam
etdirməklə onlar haqqında silsilə yazılar yazmaq, maarifçi qadınları cəmiyyətə
tanıtdırmaq lazımdır”.
"APA Holdinq»in rəhbəri Vüsalə
Mahirqızı
musabiqənin ənənə halını almasını arzuladı:
«Müsabiqəyə təqdim olunan yazılarda maarifpərvər xanımların maarifçilik
uğrunda apardığı işlər, Cümhuriyyətin ilk illərində ideyalarını yayarkən
qarşılaşdıqları əzab-əziyyətlər yer alıb. Bu cür məqalələrin yazılması çox
vacibdir. Çünki bəzən Azərbaycan qadınının örnəyi yanlış təqdim olunur.
Gerçəkdə isə Azərbaycan qadını ən müxtəlif sahələrdə kişilərlə çiyin-çiyinə
çalışır”.
Əməkdar jurnalist Flora Xəlilzadə
yaradıcılıq
təşkilatlarının, media orqanlarının rəhbər vəzifələrində qadınların təmsil
olunması təklifi ilə çıxış etdi: «Çox istərdim ki, qadınlarımız Rəssamlar
İttifaqı, Yazıçılar Birliyi və s. yaradıcılıq təşkilatlarında, həmçinin
müxtəlif KİV-lərdə rəhbər vəzifələrdə təmsil olunsunlar. Yaxşı olar ki,
qadınlar bütün sahələrdə öz layiqli yerlərini tutsunlar”.
"Azəri-Türk"
Qadınlar Birliyinin sədriTənzilə
Rüstəmxanlı
nəşr olunan topluda haqqında bəhs edilən qadınların hər birinin tarixə möhür
vurduğunu söylədi: "Onlar həm maarifpərvər, həm də vətənpərvərdirlər. Bu gün
qadınlarımız kişilərlə bərabər ölkə quruculuğunun bütün sahələrində iştirak
edirlər. Bu gün hər bir kişinin arxasında ona dəstək olan bir qadın dayanır.
Buna görə mən kişilərimizi də təbrik edirəm ki, onların həyatlarında belə
fədakar qadınlar var”.
Çıxışlarda
belə müsabiqələrin mütəmadi keçirilməsi təklifləri səsləndi.
Sonda
qaliblər mükafatlandırıldı və müsabiqənin bütün iştirakçılarına Bilik Fondu
tərəfindən hədiyyələr təqdim olundu.
Tədbirdə
iştirak etdi
Təranə
Məhərrəmova