• cümə axşamı, 18 aprel, 22:01
  • Baku Bakı 21°C

Milli-mənəvi dəyərlərimizin qoruyucusu olan maarifçi qadınlarımız - Fotolar

07.03.18 20:13 8829
Milli-mənəvi dəyərlərimizin qoruyucusu olan maarifçi qadınlarımız - Fotolar
"Maarifçi qadınların ictimaiyyətə tanıdılması müsbət addımdır. Ölkəmizin maarifçilik hərəkatında yaxından iştirak edən, maarifçiliyə töhfə verən qadınlarımız dünən də olub, bu gün də var. Onların haqqında məqalələr hazırlanıb cəmiyyətə təqdim olunmalıdır”. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və «Kaspi» qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadın jurnalistlər arasında «Azərbaycanın maarifçi qadınları» mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılma mərasimində səslənən bu fikirlər diqqəti keçən əsrdən başlayaraq maarifçilik ideyalarını həyata keçirən qadınların fəaliyyətinə yönəltdi.

Qeyd edildi ki, ötən il dekabrın 8-də elan olunan və 2018-ci il fevralın 8-də yekun vurulan müsabiqə ilk dəfə qadın jurnalistlər arasında keçirilir. Bu müddət ərzində təşkilat komitəsinə 26 yazı daxil olub. Məqalələrdə Azərbaycanın tanınmış maarifçi qadınlarının həyat yolu, fəaliyyəti geniş işıqlandırılıb. Müsabiqəyə təqdim olunan məqalələrdən ibarət "Azərbaycanın maarifçi qadınları” toplusu nəşr olunub. Nəşrdə akademik Zərifə Əliyeva, şərqşünas alim Aida İmanquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Sara Aşurbəyli, Sona Tağıyeva, Məryəm Bayraməlibəyova və başqa tanınmış maarifpərvər qadınlar barəsində maraqlı yazılar yer alıb.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Azərbaycan qadınının əsrlər boyu cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rol oynadığını qeyd etdi: «Azərbaycan qadını günümüzdə dövlətçiliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın yüksəlişi, xalqımızın rifahının yaxşılaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənc nəslə ötürülməsində, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanmasında öz həyatlarını qurban verən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanların dünyaya gəlməsinə səbəb olan insandır. Bu gün Azərbaycan qadınının səsi dünyanın nüfuzlu kürsülərindən eşidilir və yüksək dəyərləndirilir. Azərbaycan qadını dedikdə, gözümüzün önünə maarifçi qadın obrazı gəlir. Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyub saxlayan aparıcı qüvvə məhz Azərbaycan qadınıdır». O.Səmədov müsabiqəyə təqdim edilən yazılar əsasında dərc olunan toplunu əhəmiyyətli mənbə kimi dəyərləndirdi: "Hesab edirəm ki, müsabiqənin nəticəsi olaraq dərc olunan toplu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq”. O.Səmədov, həmçinin müsabiqənin tərəfdaşı kimi «Kaspi» qəzetinin rəhbərliyinə təşəkkür etdi: "İstərdim ki, bu əməkdaşlıq bu müsabiqə ilə məhdudlaşmasın, bundan sonra yeni layihələrə imza ataq”.

Tanrıdan sonrakı varlıq

Müsabiqə iştirakçılarının məqalələrinin həm keçmiş, həm indi, həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsü olduğunu qeyd edən «Kaspi» qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolundan danışdı: "Qadın Tanrıdan sonra yaradıcı olan ikinci varlıqdır. Keçən əsrdə qadınların maarifçilik ideyalarını davam etdirməsi o qədər də asan olmayıb. Onlar əziyyətlər çəkiblər, hətta bəzən ölümlə üzləşiblər”. S.Vəliyeva qeyd etdi ki, Azərbaycan qadınını cəmiyyətdə fərqləndirən türk mənəviyyatına malik olması, mübarizliyi, öz xanımlığını qorumaq kimi xüsusiyyətlərə malik olmasıdır: "Bu xüsusiyyətlər Azərbaycan qadınını dövrün ən inkişaf etmiş qadınları sırasına gətirib çıxara bilib. Tarix boyu Azərbaycan qadınının şərəf və ləyaqətinə xələl gəlməyib”.
S.Vəliyeva topluda yer alan məqalələrin həsr olunduğu qadınlar haqqında respublikanın bütün rayonlarında mühazirələrin təşkil olunması təklifini səsləndirdi: "Qoy insanlar bu maarifçi qadınları yaxından tanısınlar. Hənifə Məlikova, Şəfiqə Qaspiralı, Pəri Topçubaşova, Məryəm Bayraməlibəyova, Səkinə Axundova kimi qadınlar maarifçilik fəaliyyətində iştirak etməklə bərabər, maarifçiliyi yaydıqlarına görə acınacaqlı həyat yaşayıblar. 37-ci ilin qurbanları təkcə ziyalı kişilər olmayıb, eyni zamanda onlarla çiyin-çiyinə çalışan, Azərbaycan maarifçiliyini inkişaf etdirən, Cümhuriyyətin inkişafında böyük rol oynayan xanımlar da repressiyaya məruz qalıblar. Onlar bölgələrdə fəaliyyət göstəriblər, məktəblər açıblar. Bütövlükdə bu maarifçi xanımların fəaliyyəti Azərbaycan cəmiyyətinin inkişafına, ölkədə savadlılığın artmasına gətirib çıxartdı”.

"Kaspi”nin təsisçisi ulu öndər Heydər Əliyevin Azərbaycan qadınlarının fəaliyyətinə münasibətini xatırladaraq, "ulu öndər Azərbaycan qadınının cəmiyyət həyatında rolunu inkişaf etdirmək üçün mühüm işlər gördü” - deyə qeyd etdi: "Ulu öndər Rusiya universitetlərində oxumaları üçün çoxlu tələbə qızları göndərdi. O inanırdı ki, həmin qızlar qayıdıb gələcək və kişilər qədər, bəzən də onlardan çox iş görəcəklər. Ulu öndər, həmçinin qadınların müəyyən vəzifələrə önə çəkilməsinə dəstək olurdu. O, Azərbaycanın müstəqilliyinə inandığı üçün sovet dönəmində qadınların vəzifəyə irəli çəkilməsinə şərait yaradırdı. Təsadüfi deyil ki, istiqlal düşüncəsinin qorunub saxlanmasını ulu öndərin adı ilə bağlayırlar. Çünki ulu öndər bir gün Azərbaycanın müstəqil olacağına inanırdı və əmin idi ki, bu gün çalışan qadınlar müstəqil düşüncələri ilə sabah dövlətçiliyimizin inkişafına töhfələr verəcəklər. Bu gün ölkəmizdə birinci vitse-prezidentin qadın olması Azərbaycan qadınına, onun təfəkkürünə inanmağın, qadın siyasətinin önəmli olmasının bariz nümunəsidir”. S.Vəliyeva Azərbaycan qadınlarını təbrik edərək onlara tezliklə torpaqlarımızın azad edilməsi sevincini yaşamağı arzuladı: "O gün olsun qadınlarımızın üzündə torpaqlarımızın işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərimizin yurdlarına qayıdışı ilə bağlı sevinc olsun!”

Maarifçi qadınları cəmiyyətə tanıtdırmaq

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qadınların rolunu Azərbaycan cəmiyyətinin inkişafında yüksək dəyərləndirərək onların fəaliyyətinə daha geniş şərait yaradılmasının tərəfdarı olduğunu qeyd etdi: «Bu gün Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində uğurla və əzmlə çalışırlar. Qadınlarımızın mətbuatda da təmsilçiliyi çox fəaldır. Azərbaycan jurnalistikasının 60 faizini qadın jurnalistlər təşkil edir: "Biz Şərqdə qadına səsvermə hüququ verən ilk ölkə olmuşuq. Qadınların intellektual müstəvidə geniş fəaliyyəti bizim tarixi kökümüzə bağlı məsələdir”.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli 8 mart bayramı münasibəti ilə bütün qadınları təbrik etdi: "Bilik Fondu ilə «Kaspi» qəzetinin həyata keçirdiyi layihə çox təqdirəlayiqdir. İndiyə qədər bu mövzuda müsabiqə keçirilməyib. Təəssüf edirəm ki, bu müsabiqədə cəmi 26 jurnalist qadın iştirak edib. İnanıram ki, bundan sonra qadın jurnalistlər bu cür layihələrdə daha fəal iştirak edəcəklər”. V.Səfərli dərc edilən toplunun əhəmiyyətindən danışaraq, "toplunun Azərbaycan maarifçi qadınlarının keçdiyi yolun gənc nəslə və ümumiyyətlə, ictimaiyyətə çatdırılmasında böyük əhəmiyyəti var. Maarifçi qadınlar haqqında məlumatların regionlarda ictimaiyyətə çatdırılmasında KİVDF olaraq biz də dəstək göstərməyə hazırıq” - dedi.

Əməkdar jurnalist Telli Pənahqızı müsabiqəyə təqdim olunan yazılara toxunaraq "bu yazılarda Azərbaycan maarifçilik dünyasının yaranmasında özünü oda-közə vuran, cəfalar çəkən qadınları gördüm” dedi: "Onlar Azərbaycan maarifçiliyinin keşiyində dayanıblar. Maarifçiliyin inkişafı üçün hər cür əzab-əziyyətə qatlaşıblar. O vaxtlar bu insanların heç biri özləri haqqında hər hansı məlumatı yazmayıblar. Onların əsas məqsədi maarifçilik işığını ürəklərdə çiçəkləndirmək olub. Bu gün də Azərbaycanda maarifçiliyi inkişaf etdirən qadınlar var. Gələcəkdə belə müsabiqələri davam etdirməklə onlar haqqında silsilə yazılar yazmaq, maarifçi qadınları cəmiyyətə tanıtdırmaq lazımdır”.

"APA Holdinq»in rəhbəri Vüsalə Mahirqızı musabiqənin ənənə halını almasını arzuladı: «Müsabiqəyə təqdim olunan yazılarda maarifpərvər xanımların maarifçilik uğrunda apardığı işlər, Cümhuriyyətin ilk illərində ideyalarını yayarkən qarşılaşdıqları əzab-əziyyətlər yer alıb. Bu cür məqalələrin yazılması çox vacibdir. Çünki bəzən Azərbaycan qadınının örnəyi yanlış təqdim olunur. Gerçəkdə isə Azərbaycan qadını ən müxtəlif sahələrdə kişilərlə çiyin-çiyinə çalışır”.

Əməkdar jurnalist Flora Xəlilzadə yaradıcılıq təşkilatlarının, media orqanlarının rəhbər vəzifələrində qadınların təmsil olunması təklifi ilə çıxış etdi: «Çox istərdim ki, qadınlarımız Rəssamlar İttifaqı, Yazıçılar Birliyi və s. yaradıcılıq təşkilatlarında, həmçinin müxtəlif KİV-lərdə rəhbər vəzifələrdə təmsil olunsunlar. Yaxşı olar ki, qadınlar bütün sahələrdə öz layiqli yerlərini tutsunlar”.

"Azəri-Türk" Qadınlar Birliyinin sədriTənzilə Rüstəmxanlı nəşr olunan topluda haqqında bəhs edilən qadınların hər birinin tarixə möhür vurduğunu söylədi: "Onlar həm maarifpərvər, həm də vətənpərvərdirlər. Bu gün qadınlarımız kişilərlə bərabər ölkə quruculuğunun bütün sahələrində iştirak edirlər. Bu gün hər bir kişinin arxasında ona dəstək olan bir qadın dayanır. Buna görə mən kişilərimizi də təbrik edirəm ki, onların həyatlarında belə fədakar qadınlar var”.

Çıxışlarda belə müsabiqələrin mütəmadi keçirilməsi təklifləri səsləndi.

Sonda qaliblər mükafatlandırıldı və müsabiqənin bütün iştirakçılarına Bilik Fondu tərəfindən hədiyyələr təqdim olundu.
Tədbirdə iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər