• cümə, 26 Aprel, 09:12
  • Baku Bakı 12°C

Milli-mənəvi dəyərlərimizin qorunmasında tarixi şəxsiyyətlərin rolu danılmazdır

04.08.17 18:18 720
Milli-mənəvi dəyərlərimizin qorunmasında tarixi şəxsiyyətlərin rolu danılmazdır
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Humanitar Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlı layihə çərçivəsində "Milli-mənəvi dəyərlərimizin qorunmasında xüsusi xidmətləri olan dövlət xadimlərimiz: tarix və müasirlik” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada millət vəkilləri, alimlər, jurnalistlər və gənclər iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə İctimai Birliyin sədri Nurlanə Mustafayeva açıb. O qeyd edib ki, milli-mənəvi dəyərlərimiz bizim minillik tariximizdir, keçmişimiz və gələcəyimizdir: "Bizi başqa millətlərdən ayıran və fərqləndirən də dərin tarixi köklərə dayanan dəyərlərimizdir. Ən qədim sivilizasiya ocaqlarından biri olan Azərbaycan ərazisində dünyanın ən qədim və özünəməxsus mədəniyyətlərindən biri olan Azərbaycan xalqı formalaşmışdır. Bu dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində xüsusi xidmətləri olan dövlət xadimlərimizdən biri ulu öndər Heydər Əliyev olmuşdur. Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet sistemi şəraitində ulu öndər xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və himayəsinə xüsusi qayğı və diqqətlə yanaşmışdır. Ulu öndərin məhz milli-mənəvi dəyərlərlə bağlı belə bir deyimi vardır. O, deyirdi: "Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır. Bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır”. Ulu öndər Heydər Əliyevin bu sözlərini həyata keçirən cənab Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə verdiyi önəm onun bu sözlərində öz əksini tapır: "Mən hesab edirəm ki, biz Azərbaycanda elə bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi islahatlar paralel şəkildə aparılır və ölkəmizin hərtərəfli inkişafını təmin edir. Azərbaycanın böyük və zəngin tarixi vardır. Milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır”.

N.Mustafayeva layihənin məqsəd və vəzifələrindən bəhs edərək qeyd edib ki, burada başlıca məqsəd gənclərin gələcəyə daha inamlı, uğurlu irəliləməsi üçün keçmişə, xüsusən də tariximizə, tarixi şəxsiyyətlərimizə marağının artırılması və onlar arasında milli dəyərləri təbliğ etməkdir: "Əsas məqsədimiz milli adət-ənənələrimizi, milli ideologiyamızı, tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi dinimizi qorumaq, tarixi şəxsiyyətlərimizi tanıtmaq, o cümlədən media vasitəsi ilə gənc nəsil arasında təbliğ etmək, gənc nəsildə mətbuat və sosial mediada milli-mənəvi dəyərlərə sahib çıxmaq və vətənpərvərlik hisslərini yüksəltməkdən ibarətdir”.
Daha sonra Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimov bu kimi dəyirmi masaların daha geniş kütlə arasında keçirilməsinin zəruri olduğunu bildirib: "Bu, həqiqətən də dövrün, mətbuatın, cəmiyyətin aktual məsələlərindən biridir. Ona görə də, belə mövzuların müzakirəsi daha geniş auditoriya qarşısında aparılmalıdır. Milli-mənəvi dəyərlərin qorunması baxımından ilk mərhələ Çar Rusiyası dövrüdür. Bildiyimiz kimi Azərbaycan həmişə müxtəlif dinlərə açıq olub. Elə Çar Rusiyası dövründə də müxtəlif dinlər mövcud olmuşdur. Amma milli-mənəvi dəyərlərin qorunub, inkişaf etdirilməsindən söhbət ediriksə, əsas olaraq Sovet İttifaqı və ondan sonrakı dövrə diqqət yetirməliyik. Ona görə ki, bu iki dövr danışdığımız mövzu baxımından ziddiyyətli olub. Sovet dövründə milli-mənəvi dəyərlərin qorunması, onların inkişaf etdirilməsindən danışmaq çox çətindir. Çünki həmin dövrdə totalitar rejim hökm sürürdü. O zaman bütün dəyərlər yalnız bir kommunist ideyasında birləşmişdi. Digər milli-mənəvi dəyərlər təqib olunub, dağıdılmışdı. Bu gün Ermənistanda da Azərbaycanın milli-mənəvi dəyərlərinə malik olan məscidləri, abidələri məhv edirlər. Tarixi şəxsiyyətlər hər bir xalqın həyatında mühüm rol oynayır. Milli mənəvi dəyərlərin qorunmasında tarixi şəxsiyyətlərin rolundan danışarkən ümummilli lider Heydər Əliyevin adını xüsusi vurğulamaq lazımdır. Hər bir xalqın həyatında həlledici rol oynayan şəxsiyyətlər mövcud olub. Xalqımızın son 50 ildəki tarixinə istiqamət verən dahi şəxsiyyətlərin başında ulu öndər Heydər Əliyev dayanır. Heydər Əliyev Azərbaycan xalqının ən mürəkkəb bir dövründə ona yol göstərib. İctimai bir qrupun millət hesab edilməsinin əsas şərti, onun kimliyinin təməlini təşkil edən milli-mənəvi dəyərlər sisteminə malik olmasıdır. Ulu öndər də məhz bu reallıqları nəzərə alaraq yaşadığı müddət ərzində xalqımızın itməmiş, lakin zəiflədilmiş dəyərlərinin canlandırılması üçün çalışıb. Onun hakimiyyətə gəlişindən sonra dağıdılmış, məhv edilmiş məscidlər yenidən bərpa edilib. Bu gün də prezidentimiz İlham Əliyev həmin yolu uğurla davam etdirir”.

Layihənin eksperti millət vəkili Musa Qasımlı çıxış edərək milli-mənəvi dəyərlərin qorunmasında tarixi şəxsiyyətlərin rolunun mühüm və əhəmiyyətli olduğunu bildirib. O qeyd edib ki, bir xalqın həyatında onun insanlarının təhsilli olması da vacib şərtlərdən biridir: "Təhsilsiz bir cəmiyyətdə xurafat, cəhalət hökm sürər. Təhsil xalqın inkişafında böyük rol oynayır. Təhsilli insanlar xalqı irəliyə aparan ən böyük qüvvədir”.

Sonda iştirakçıların suallarına cavablar verilib və maraqlı müzakirələr keçirilib.

Günel Azadə



banner

Oxşar Xəbərlər