“Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib - Fotolar
Azərbaycan Dillər
Universitetində (ADU) gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi
və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər
və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il
üçün təsdiq edilmiş birgə tədbirlər planına uyğun olaraq, "Milli-mənəvi dəyərlər
və müasirlik” mövzusunda seminar keçirilib.
Seminarda açılış nitqi ilə
çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov iştirakçıları
salamlayaraq onlara tədbirə qatıldıqları üçün minnətdarlığını bildirib. 2016-cı
ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamından danışan professor
multikulturalizmin müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni
müxtəlifliklərinin qorunması və inkişafına, həmçinin azsaylı xalqların müxtəlif
dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına xidmət etdiyini söyləyib. O, mədəniyyətin
xalqa, dövlətə, millətə xas dəyər olduğunu bildirib. "Bütövlükdə bir dünyanı əhatə
edən mədəniyyətin əsas daşıyıcısı xalqlardır”-deyən professor
multikulturalizmin çoxlu sayda xalqlardan ibarət mədəniyyət müstəvisi olduğunu
sözlərinə əlavə edib.
Sonra çıxış edən Gənclər
və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri
Əli Məmmədov "Multikulturalizm ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə xüsusi
tədbirlər planı imzaladığını bildirib. O, bu plan çərçivəsində bir çox tədbirlər
keçirildiyini qeyd edib. Azərbaycanın tarixi ənənələrə söykənən milli-mənəvi dəyərlərinin
olduğunu deyən Ə.Məmmədov bundan sonra da o dəyərləri qorumağın vacibliyini diqqətə
çatdırıb. Ə.Məmmədov Azərbaycanın inkişafı prosesində bu günə kimi əldə etdiklərimizi
qoruyub saxlamağın və onu dünyaya çatdırmağın zəruriliyini vurğulayıb.
Daha sonra Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri
Nahid Məmmədov multikulturalizmin Azərbaycanın milli-mənəvi dəyərləri arasında
xüsusi yerinin olduğunu qeyd edib. O, ölkəmizdə müxtəlif
etnik qrupların və xalqların bir arada yaşamasının milli-mənəvi dəyərlər
sistemində minilliklərə söykənən tarixə malik olduğunu və bu dəyərlərin inkişaf
edərək bu günümüzə kimi gəldiyini söyləyib. N.Məmmədov multikulturalizmin əsasında
dayanan tolerantlığın birgəyaşayış ənənəsini bir arada saxlayan əsas dəyər, qarşılıqlı
hörmət, dözümlülük olduğunu vurğulayıb. O, müxtəlif tarixi dövrlərdə Azərbaycan
ərazisində məskunlaşmış dini-etnik qrupların yerli əhali ilə
qaynayıb-qarışdığını və sözün əsl mənasında birgəyaşayışın harmonik vəhdətini
nümayiş etdirdiklərini söyləyib. N.Məmmədov multikultural cəmiyyətin İslam dini
tərəfindən bəyənilərək təbliğ edildiyini diqqətə çatdırıb, həmçinin milli-mənəvi
dəyərlərin qorunmasının zəruriliyini qeyd edib.
Seminar iştirakçıları
maraqlandıran sualların cavablandırılması və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.