Milli-mənəvi dəyərlər qloballaşmanın süzgəcində
- Ana, milli-mənəvi dəyər nə deməkdir?
- Dilimiz, tariximiz, dinimiz, adət-ənənələrimiz, mədəniyyətimiz,
ədəbiyyat və incəsənətimizdir. Dəyərlərimizə hörmətlə yanaşmalı, göz bəbəyimiz
kimi qorumalıyıq.
- Bəs onu necə qorumalıyıq?
8 yaşlı qızımla kiçik dialoqdan yaranan bu sual elə araşdıracağımız
mövzunun "açar” sualı olacaq. Milli-mənəvi dəyərlər anlayışının mahiyyəti nədən
ibarətdir, bir millət üçün nə dərəcədə önəmlidir və biz onu necə qorumalıyıq?
Mövzuya ilk olaraq şəhər sakinləri arasında apardığımız kiçik sorğu ilə
başlayırıq:
Dizayner Vüsal Əliyev: "Bizim
millətin evini elə milli dəyərlər, mentalitet yıxacaq. Şəxsən mən, bunlarsız da
həyatımı gözəl yaşayıram. Dini ayinlər, nə bilim, Novruz, Qurban bayramı və
başqa ənənələr bizə nə verir axı? Əksinə, geridə qalırıq, Qərb ölkələrində
"intellekt müharibəsi” getdiyi halda, bizdə kosa ilə keçəl yumurta toqquşdurur,
gülməlidir”.
Təqaüdçü Ramiz Zeynalov: "Ailəmdə
milli adət-ənənələrimiz qorunub saxlanır. Övladlarım böyüklərə sayğı ilə
yanaşır. Adətlərimizi dəyişmədən, olduğu kimi yerinə yetiririk. Evimizdə əzəl
gündən qoyulan qayda-qanunlar necə idisə, eləcə də, nəvələrimizə ötürürük”.
Tələbə Emin Fətəliyev:
"Milli-mənəvi dəyər dedikdə adətlər, din yada düşür. Fikrimcə, dinlər insanları
bir-birindən ayıran amillərdir. Nəyə görə yüz illər əvvəlin ünsürləri bu gün
həyatımızı yönləndirməli və ya mane olmalıdır? Məsələn, məhərrəmlikdə toy etməmək
kimi adət niyə hələ də bir maneə olaraq qalır, anlamıram”.
Evdar xanım Elmira Quliyeva: "Ay qızım,
indi dəyəri, ənənəni sayan var? Avtobusa girirsən, gənclər əllərində telefon,
qulaqlarında qulaqcıq adamı heç görmürlər. Bu gənclərin axırı necə olacaq, bax,
bu, məni narahat edir”.
Beləliklə, 20-yə yaxın respondent arasında apardığımız sorğunun
nəticəsi onu göstərdi ki, əsasən gənclər milli-mənəvi dəyərlərin onların yaşam
tərzlərinə uyğun olmadığı fikrindədirlər. Bəziləri, hətta milli-mənəvi dəyər
anlayışının nədən ibarət olduğunu belə tam izah edə bilmədi.
Yaşlı nəsil isə belə qənaətdədir ki, on-on beş il əvvəlin gəncləri
ilə müasir dövrün gəncləri arasında xeyli fərq var. Onların fikrincə, gənclər
adətlərimizə yad, köhnənin qalığı və ya geridə qalmışlıq kimi baxırlar. Bizimlə
söhbətdə Vəkillər Kollegiyasının üzvü, "Müasir İnkişaf” İctimai Birliyinin sədr
müavini Aqsin Atalızadə də bildirdi ki, son dövrlər kənar qüvvələrin milli
və mənəvi dəyərlərin aşındırılması, gənclərin öz dəyərlərinə qarşı qoyulması, Qərb
dəyərlərinə meyl etmək, bütün bunların nəticəsi kimi, öz dövlətinə və
cəmiyyətinə qarşı bəzi hallarda düşmən münasibətə keçən ifrat kosmopolitizm
toxumlarının səpilməsi müşahidə edilməkdədir: "Xarici qüvvələrin maraqlarına
xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektual
və perspektivli gənclər mərkəzlərdəki təlimlərə cəlb edilirlər. Bu istiqamətdə
informasiya texnologiyalarından olduqca səmərəli şəkildə istifadə edilir. Bütün
bunlar göz qabağında baş verir, labüd proses, qloballaşmanın təzahürü kimi
təqdim edilir.
Ümumiyyətlə, qloballaşma dünyada cərəyan edən labüd bir prosesdir.
Onun əsl mahiyyətinə gəldikdə isə bu proses dünya miqyasında inteqrasiya
anlayışından daha çox, dünyanın bir qütbünün öz xüsusiyyətlərini, dəyərlərini
digərlərinə qəbul etdirmək xarakteri daşıyır. Bu isə istər-istəməz,
ünvanlandığı təbəqəyə, xüsusən gənclərə öz mənfi təsirini göstərir”.
Hansı millət, hansı
adət
Məhz gənclərin bilməli olduğu vacib amil ondan ibarətdir ki, hər bir
xalqı, milləti yaşadan elə onun özünəməxsus adətləri, ənənələri, dəyərləridir.
Düzdür, dəyərlər həm də mənəvi kateqoriya olduğundan insanları düzgün, müsbət
davranışa sövq edir. Amma bəzən qrupları müəyyən edən əhəmiyyətli dəyərlər
mənfi xüsusiyyətlər də daşıya bilər. Məsələn, ispan xalqı üçün korrida
yarışları milli dəyərdir. İspaniya deyəndə ilk ağla gələn də budur. Baxmayaraq
ki, bu yarışlar heyvanların iztirablı qətlləri ilə müşayiət edilir və
heyvansevərlər tərəfindən ciddi tənqid olunur, müasir qloballaşan dünyada belə
bu mərasim hər bir ispanın həyatında mühüm rol oynayır.
Bir vaxtlar qəddar və işgəncəli ölümlə müşahidə edilən xarakiri
mərasimi yapon elitası üçün öz şərəf və nüfuzunu qorumaq üçün bir vasitə
olmuşdu. Dövrümüzdə demək olar ki, saxlanmayıb. Ancaq ötən əsrin ortalarında
böyük yapon yazıçısı Yukio Misime ABŞ-ın imperialist siyasətinə qarşı baş
tutmayan hərbi çevrilişdən sonra yapon əsgərlərinin samuray ruhunun ölməsindən
dəhşətə gələrək, yapon milli kimliyini yaşatmaq üçün xarakiri edərək intihar etmişdi.
Spirtli içkinin insana mənfi təsirlərinin olmasına rəğmən, bir çox
xalqlar üçün ayrı-ayrı spirtli içki növləri (məsələn, ruslar üçün vodka,
şotlandlar, irlandlar üçün viski, meksikalılar üçün tekila və s.) az qala milli
özünəməxsusluq rəmzidir.
Eyni sözləri azərbaycanlıların milli dəyərlərindən biri hesab edilə
biləcək məhərrəmlik mərasimi barədə də deyə bilərik. Əsasən, şiəliyə aid olan
adət olsa da, ölkəmizin sünni təbəqəsi tərəfindən də hörmətlə yanaşılır.
Xüsusən də, Qərb meylli ünsürlər bu mərasimdə zorakılıq elementlərinin
olmasını, insan haqlarının pozulmasını iddia edir, bundan çəkinməyə çağırır.
Elə Qafqaz Müsəlmanları İdarəsi də artıq neçə illərdir ki, məhərrəmliklə bağlı
mərasimlərdə qan tökməkdən, baş yarmaqdan çəkinməyi, əvəzində qan verməyi
dindarlara tövsiyə edir. Ancaq tam əminliklə demək olar ki, bu, heç də ənənəvi
dini düşüncəli təbəqəyə o qədər də təsir etmir. Amma gəlin buna, insan haqları
prizmasından yox, dini-sosial cəhətdən yanaşaq. Uzun illər əvvəl
peyğəmbərlərinin haqq-ədalət uğrunda şəhid olmuş nəvəsi üçün hər il 2 ay yas
tutan, bu qədər göz yaşı tökən, onun acısına şərik olmaq üçün səmimiyyətlə
özünə xəsarət yetirən, əzab çəkməyə hazır olan fərd Allah yolunda döyüşə
girdikdə onun qarşısını hansı düşmən ala bilər? Onun içində yığılan enerjini
kim soyuda bilər? Məgər hazırda torpaqlarının iyirmi faizi işğal altında olan
dövlətimizə belə insanlar lazım deyil?
Dəyərlərimizi qoruyan milli
irs
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün həyatı və
fəaliyyəti dövründə milli-mənəvi dəyərlərin ən sadiq və layiqli qoruyucusu kimi
gələcək nəsillər üçün örnəkdir. Dövlət başçısı 19 oktyabr 2013-cü ildə 3-cü
dəfə prezident seçilməsi ilə bağlı rəsmi andiçmə mətnindən sonra müqəddəs
Qurani-Şərifə əl basaraq deyib: "Əlimi Qurani-Şərifə basaraq and içirəm:
Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə
sadiq qalacağam, onları daim uca tutacağam”. Bu amilin özü milli mənəvi
dəyərlərimizin Azərbaycan dövləti üçün nə dərəcədə əhəmiyyət kəsb etməsinin
bariz nümunəsidir. Dövlət başçısı hər dəfə öz andına sadiq qalır, onu pozmur.
O, hər prezidentlik dövrünün sonuna kimi milli-mənəvi dəyərlərə sadiqliyini
nümayiş etdirir, dövlətin adından onlara sahib çıxır. Onun simasında
milli-mənəvi dəyərlər dövlətin fəaliyyətində sanksiyalaşaraq, dayaq rolunu
oynayır.
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda milli və dini
mərasimlər, o cümlədən Ramazan və Qurban bayramları hər il təntənə ilə qeyd
edilir. Ənənəvi olaraq hər il, dövlət başçısının iştirakı ilə ölkədə fəaliyyət
göstərən bütün dini icmaların nümayəndələrinin iştirakı ilə iftar mərasimi
keçirilir. Bu ənənənin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, dövlət
başçısı İlham Əliyev tərəfindən davam etdirilir.
"Azərbaycanda din-dövlət münasibətlərini əks etdirən dini abidələrə
olan münasibətdir”- deyən dövlət başçısının bilavasitə qayğısı və yaradılmış
münbit şərait sayəsində, Azərbaycanda sadəcə son 10 il ərzində 140-a yaxın
məscid tikilib, 80 məscid isə əsaslı təmir edilib. Məscidlərdə ən yüksək
səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri görülüb. Bunların arasında
Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, İmamzadə, Şamaxı məscidi və digər
məscid və dini ocaqları göstərə bilərik. Məscidlərlə yanaşı, digər dinlərin
dini ocaqları, məbədləri də tikilib, təmir edilib.
Dövlət başçısı İlham Əliyev milli-mənəvi dəyərlərin kənar qüvvələrin
mənfi təsirlərinə məruz qalmasından da narahatlığını ifadə edib: "Qloballaşan
dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında
sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol
vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli mənəvi dəyərlərimizdir,
islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da
ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət
göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng gedə
bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə
hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarımız zərər
görsə, onda əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər”.
Gəncləri kənar təsirlərdən
necə qorumalı?
Qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
tərəfindən də milli mənəvi dəyərlərin təbliği işinə xüsusi yer ayrılıb, bu işə
peşəkar kadrların cəlb edilməsi canlanmaya səbəb olub. Komitənin tabeliyində
olan Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas iş prinsiplərindən biri də mənəvi
dəyərlərin qorunması və inkişafı, bu sahədə sosial layihələrin
reallaşdırılmasından ibarətdir. Fond nümayəndələri tərəfindən bununla bağlı
mütəmadi olaraq bölgələrdə məktəblilərlə görüşlər keçirilir, maarifləndirmə
işləri aparılır.
Amma bu iş yalnız bir qurumun fəaliyyəti iləmi yekunlaşmalıdır?
Gəncləri kənar təsirlərdən qorumaq üçün daha nə kimi addımlar atılmalıdır?
Yazının əvvəlində qeyd etdiyi kimi, vəkil Aqşin Atalızadə gənclər
arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülməli işlərdən söz
açdı: "İlk olaraq vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir.
Xüsusən, bu istiqamətdə təhsil prosesinin keyfiyyəti artırılmalı, elmi-nəzəri
və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın
yaradılmasına nail olunmalıdır. Qanunvericiliyin ifrat dərəcədə
beynəlmiləlləşdirilməsinə də son qoyulmalı, qanunvericilik aktlarında xüsusən
ailə-nikah münasibətləri sferasında milli xüsusiyyətlər nəzərə alınmalıdır.
Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil
ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar dövlətin bilavasitə
nəzarəti altında, məqsədyönlü şəkildə aparılmalıdır”.
Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, gənclər arasında
maarifləndirmə və təbliğat işləri daha da gücləndirilməlidir. Əlbəttə, milli
dəyərlər haqqında az biliyə malik olan və ya anlayışı olmayan gənclərin başqa
dinlərə, başqa siyasi cərəyanlara cəlb edilməsi daha asandır. Bu baxımdan
təbliğat, maarifləndirmə işləri kompleks şəkildə aparılmalıdır. İlk olaraq ailə
daxilində valideynlər övladlarını düzgün yönləndirməli, dəyərlərimiz onlara
kiçik yaşlarından aşılanmalıdır. Eyni zamanda, kütləvi informasiya
vasitələrində milli dəyərlərimizlə bağlı mövzular daim gündəmdə olmalı,
televiziyalar intellektual verilişlərində milli mənəvi dəyərlərə xüsusi yer
ayırmalıdır. Ən əsas isə tədris müəssisələrində müxtəlif səpgili tədbirlər,
layihələr təşkil edilməli, ədəbiyyat dərslərində milli-mənəvi dəyərlər
mövzusunda stendlər hazırlanmalı, mütəmadi olaraq inşa müsabiqələri təşkil
edilməli, milli dəyərlərə, adətlərimizə aid kiçik teatr-tamaşalar təşkil
olunmalıdır.
Bir sözlə, bizi keçmişimizə bağlayan və gələcəyə aparan bütün
dəyərlərimizə o qədər sıx bağlanmalıyıq ki, kimsə onu əlimizdən almağa,
sahiblənməyə cürət etməsin. Necə ki, mənfur düşmənlərimiz milli mətbəximizdən
tutmuş milli rəqslərimizədək bütün dəyərlərimizə sahib çıxmaq iddiasından əl
çəkmirlər. Bizə miras qalan dəyərlərin
qiymətini elə bilməliyik ki, millətimizin, xalqımızın dayağı, sütunu zədələnməsin,
daha da möhkəmlənsin. Bu missiya isə hər bir Azərbaycan vətəndaşının-əsas da
gənclərimizin öhdəsinə düşür!
Yazı Mənəvi Dəyərlərin Təbliği Fondunun "Media və mənəvi dəyərlər”
mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir
Afaq Mirayiq