• çərşənbə axşamı, 16 aprel, 16:23
  • Baku Bakı 19°C

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

02.07.13 17:03 1386
Milli Məclisin növbədənkənar sessiyası başa çatdı
İyulun 2-də Milli Məclisin növbədənkənar sessiyasının son iclasında ilk olaraq hakim təyinatları həyata keçirildi. Ali Məhkəməyə, Naxçıvan Ali Məhkəməsinə, Bakı, Şirvan, Gəncə, Şəki, Sumqayıt apellyasiya məhkəmələrinə hakimlər təyin olundu.
Müzakirələrdə söz alan deputat Fazil Mustafa hakimlərin maaşının az olduğunu bildirdi: “Heç hakimlərin təhlükəsizliyinin qorunması məsələsi də həllini tapmayıb. İkincisi, onlara 40 gün məzuniyyət və məzuniyyətə görə müavinət verilir. Onlara məzuniyyət dövründə maaş verilməsi də yaxşı olardı”.
Millət vəkili Sabir Rüstəmxanlı isə hakimlərin adbaad təqdim edilmədən ümumi siyahı əsasında təsdiqinə etiraz etdi: “Yarım saat artıq vaxt gedərdi, adbaad təqdim olunardılar, biz də onları tanıyardıq. Yoxsa elə bil ki, “paçka-paçka” təyinatlar edilir. Bir “paçka” Bakıya, bir “paçka” Naxçıvana, bir “paçka” Şəkiyə, bir “paçka” Sumqayıta göndərilir. 8 hakim seçilir. Onlar niyə özlərini təqdim etmir, Milli Məclisdə ayağa qalxmırlar? Onları biz necə tanıyaq? Həm Milli Məclis, həm də əhali onları görsün, tanısın. Mən xahiş edirəm ki, bu məsələ gələcəkdə nəzərə alınsın”.
Millət vəkilinin bu çıxışına Milli Məclisin sədri Oqtay Əsədovdan cavab gəldi. “Onlar haqqında bütün məlumatlar, tərcüməyi-hal sizin stolunuzun üstündə var. Hakimlərin tərcümeyi-halları qarşınızdadır. Yeni təyin olunanların əksəriyyəti hakim işləyirlər, sadəcə, yeni təyinatlar alırlar. Əgər onların tərcümeyi-halında nə isə olsaydı, qeyd olunardı. Niyə ümumi danışırsınız?!”
Daha sonra Oqtay Əsədov millət vəkili Novruz Aslana söz verdi. Bu zaman S.Rüstəmxanlı yerdən danışdı. Spiker millət vəkilinə irad tutaraq bildirdi ki, yerdən danışmaq lazım deyil: “Yerdən niyə danışırsınız? İstəmirdinizsə, səs verməzdiniz. Sizin səsinizi mən almadım ki”.
Daha sonra iclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, sənəd sahibkarlığın fəaliyyətinə mane olan bir sıra qanunsuz yoxlamaların aradan qaldırılması və bu yoxlamalar zamanı sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Ziyad Səmədzadənin fikrincə, bu sənəd sahibkarların effektiv fəaliyyətinə müsbət təsir göstərəcək: “Birinci oxunuşda və komitələrdə müzakirələr zamanı yoxlamaların tətbiq dairəsi ilə bağlı müddəanın dəyişməsinə dair təkliflər verilib və bu müddəa deputatların ciddi narazılığına səbəb olub. Lakin qanunun təşəbbüskarları ilə müzakirədə bu təklif qəbul edilməyib və qanun layihəsində dəyişiklik edilməyib”.
Millət vəkili Fazil Mustafa qanunun yaxşı niyyətlə hazırlanmasına baxmayaraq, real vəziyyəti dəyişdirməyəcəyini söyləyib.
Millət vəkili Qənirə Paşayeva Azərbaycan Milli Ordusunun yaranmasının 95-ci ildönümü ilə bağlı iyunun 26-da yüksək səviyyəli hərbi parad keçirildiyini bildirib və əlavə edib ki, bu parad Azərbaycanın həm dostlarına, həm də düşmənlərinə önəmli mesaj olub: “Çox əlamətdar haldır ki, ölkə rəhbəri İlham Əliyevin ali baş komandanlığı ilə Azərbaycan ordusu çox yüksək səviyyədə inkişaf edir və eyni zamanda, müstəqil Azərbaycan ordusunun 95-ci ildönümü ilə bağlı yüksək səviyyəli tədbirlər keçirilir. Eyni zamanda, o da məlumdur ki, sentyabrın 15-də Bakının bolşeviklərdən, daşnaklardan azad edilməsinin 95-ci ildönümü gəlir”.
Millət vəkili Milli Ordunun yaradılmasında böyük rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Səməd bəy Mehmandarovdan da danışıb: “Səməd bəy Mehmandarov Çəmbərəkənd qəbiristanlığında basdırılıb, qəbri Həzi Aslanovun qəbrinin yaxınlığında olub. Lakin sovet dövründə Kirovun abidəsi ilə bağlı oradan köçürülüb və sonradan da izi itirilib. Bakının işğaldan azad edildiyi günə - sentyabrın 15-ə qədər Türk şəhidliyinin yaxınlığında Səməd bəy Mehmandarovun abidəsinin ucaldılması yaxşı olardı. Hazırda Əliağa Şıxlinskinin də Yasamal qəbiristanlığındakı məzarı baxımsızdır. Biz generallarımıza sahib çıxmalıyıq”.
Millət vəkili Zahid Oruc yoxlama adı gələndə sahibkarları titrəmə tutduğunu söyləyib: “Çünki yoxlamalar başqa məqsədlər daşıyır. Korrupsiyaya qarşı mübarizə tədbiri kimi bu qanunun qəbulu mühümdür”. Z.Oruc deyib ki, sonuncu hərbi parad əhalinin Silahlı Qüvvələrə inamını artırıb: “Bu, Silahlı Qüvvələrə ayrılan vəsaitin düzgün istiqamətdə xərcləndiyini göstərdi. Çox müasir silahlar alınıb. Əgər Azərbaycan Ermənistanı siyasi müttəfiqsiz qoysa, düşməni 10 günə məğlub edə bilər. Bununla belə, ordu sistemində islahatlar davam etməlidir. Ordu xalqa məxsusdur”.
Deputat Sabir Rüstəmxanlı sahibkarlığın nəzarətsiz buraxıldığı halda, millətə ziyan vura biləcəyini vurğulayıb: “Son vaxtlar Bakıda müxtəlif yerlərin, etnik qrupların adlarının yazıldığı papaqlar, digər əşyalar satılır. İndiki vaxtda üzərində ləzgi, talış yazılmış papaqlar satışa çıxarılırsa, bu, sual doğurur. Müvafiq qurumlar araşdırsın ki, bu papaqlar haradan gəlir”.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, kənd təsərrüfatı və emal müəssisələri Azərbaycanın tələbatını ödəmir: “Biz satış mağazalarına diqqət yetirsək, görərik ki, satılan ərzaq məhsullarının əksəriyyəti xarici məhsullardır. Çünki əhalinin yerli məhsullara inamı yoxdur. Müzakirəyə çıxarılan qanunda qeyd olunur ki, yuxarı risk qrupuna daxil olan müəssisələrdə 6 ayda bir dəfə yoxlama aparılır. Ancaq yeyinti məhsullarının keyfiyyəti hər gün dəyişə bilər, bu, elektrik naqili deyil. Müvafiq qurumlara səlahiyyət verməliyik ki, istənilən vaxt belə müəssisələrdə yoxlama keçirə bilsinlər. Qanun mütərəqqidir, ancaq yeyinti məhsulları ilə bağlı yoxlamalar məsələsinə yenidən baxılmalıdır”.
Spiker Oqtay Əsədov bildirib ki, Azərbaycanda yeyinti sənayesi sürətlə inkişaf edir: “Keyfiyyətsiz məhsul rəqabətə dözməyəcək. Digər tərəfdən, növbədənkənar yoxlamalar da keçirilə bilər”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. Bu iclasın növbədənkənar sessiyanın sonuncu iclası olduğunu bildirən spiker Oqtay Əsədovun təklifi ilə qanun layihəsi üçüncü oxunuşda da səsverməyə çıxarılaraq qəbul olunub.
Bununla da növbədənkənar sessiya başa çatıb.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər