• cümə, 29 Mart, 13:31
  • Baku Bakı 14°C

Milli Məclisin növbədənkənar plenar iclası keçirilib

13.06.19 12:10 496
Milli Məclisin növbədənkənar plenar iclası keçirilib
İyunun 13-də Milli Məclisin növbədənkənar plenar iclası keçirilib.
AZƏRTACxəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açıq elan edib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Oqtay Əsədov iyunun 13-də və 14-də keçiriləcək plenar iclasın gündəliyinə 36 məsələnin daxil olduğunu bildirib.
Əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini və "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Qeyd edilib ki, təklif edilən dəyişikliklər "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədardır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə "Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirib ki, təklif olunan dəyişiklik "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Qeyd olunan Qanuna əsasən dövlət büdcəsi zərfinə daxil olan sənədlərin və məlumatların dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu məlumatların biri də Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar barədə məlumatlardır. Bu isə azadolma və güzəştlərin həcmi, effektivliyi, onun məbləği barədə qiymətləndirmələrə imkan verəcək. Eyni zamanda, 8.0.13-cü maddənin ləğvi nəzərdə tutulur ki, bu da Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxmaq və inzibati tənbeh tətbiq etmək üçün hüququnu aradan qaldırır. Sənəd üçüncü oxunuşda səsə qoyularaq təsdiqlənib.
İclasda, həmçinin "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, "Dövlət rüsumu haqqında”, "Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında” və "Mədəniyyət haqqında” qanunlarda , Əmək, İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.
Komitə sədri Ziyad Səmədzadə "Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi mərkəzi depozitarın xidmət haqlarının müəyyən edilməsi sahəsində qurumların səlahiyyətlərini dəqiqləşdirir. Təklif olunan qaydaya görə, bu haqlar mərkəzi depozitarın müşahidə şurasının təklifləri əsasında maliyyə bazarlarına nəzarət orqanı tərəfindən və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müəyyən ediləcək.
Qeyd edək ki, mərkəzi depozitar maliyyə bazarlarına nəzarət orqanının təsis etdiyi və depozitar sistemini idarə edən qeyri-kommersiya hüquqi şəxsdir. Qanun layihəsi səsvermə yolu ilə qəbul edilib.
Sonra "Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qeyd edilib ki, qanun layihəsi maliyyə bazarlarına nəzarət orqanına ödənilən haqların xarici bankların yerli filiallarına da şamil olunmasını nəzərdə tutur. Sənəd səsə qoyularaq təsdiqlənib.
Komitə sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, dəyişiklik maliyyə bazarlarına nəzarət orqanına haqların ödənilməməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə təklif edilir. Maliyyə Bazarlarına Nəzarət Palatasına maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən ödənilən haqların məbləği və ödənilmə qaydası həmin Palatanın 2017-ci il 5 aprel tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar ilə müəyyən olunur. Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.
Regional məsələlər komitəsinin sədri Eldar İbrahimov "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, "Dövlət rüsumu haqqında”, "Baytarlıq haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təqdim edib. Qeyd olunub ki, qanun layihəsi dəqiqləşdirmə xarakteri daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Bildirilib ki, dəyişiklik "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar təklif edilir. Qanun layihəsi səsvermə yolu isə təsdiq olunub.
İclasda "Dövlət rüsumu haqqında” və "Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda müzakirə edilərək təsdiqlənib.
Komitə sədri Eldar İbrahimov "Aqrar sığorta haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, 4 fəsil 21 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Komitə sədri Ziyad Səmədzadə "Sığorta fəaliyyəti haqqında” və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini ikinci oxunuşda təqdim edib. Bildirib ki, təklif olunan dəyişikliklər "Aqrar sığorta haqqında” qanun layihəsinin icrası məqsədilə hazırlanıb. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Sonra Vergi və İnzibati Xətalar məcəllələrində, "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, "Büdcə sistemi haqqında”, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, "Banklar haqqında”, "Mühasibat uçotu haqqında” və "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirə olunub. Diqqətə çatdırılıb ki, qanun layihələri "Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda, həmçinin Miqrasiya Məcəlləsində və "Dövlət rüsumu haqqında”, "Kredit ittifaqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirə olunaraq təsdiqlənib.
Komitə sədri Əli Hüseynli "Məhkəmələr və hakimlər haqqında” Qanunda, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrini müzakirəyə təqdim edib. Bildirib ki, layihələr Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 2019-cu il 3 aprel tarixli Fərmanın icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin Fərmanın 3.1-ci bəndi sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması barədə normativ hüquqi aktların layihələrinin hazırlanmasını nəzərdə tutur. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Bununla da Milli Məclisin növbədənkənar plenar iclası sona çatıb.
banner

Oxşar Xəbərlər