Milli Məclisin nümayəndə heyətinin Avropa Parlamentinə rəsmi səfəri başa çatıb - Fotolar
Milli Məclisin Avropa İttifaqı - Azərbaycan
Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti
əsasında Brüsseldə rəsmi səfərdə olub. Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin
həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran
Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak ediblər. İclasda
Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa
Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri Dik Şubel və cənab Lourens Meredits iştirak ediblər.
Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının ikinci iş günündə gündəlik üzrə daha
üç məsələ müzakirə edilib.
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli
istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən
Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi cənab Dirk Şubel Azərbaycanın
geostrateji mövqeyi və üzləşdiyi problemlər barədə ətraflı məlumat verərək 25
ildən çox müddət ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə
regionun inkişafına əngəl yaratdığını diqqətə çatdırdı. Cənab Şubel öz
çıxışında bu münaqişənin həlli üzrə indiyədək müxtəlif beynəlxalq qurumlar tərəfindən
göstərilən cəhdləri xatırladaraq Avropa İttifaqının münaqişənin bu günə qədər davam
etməsindən təəssüfləndiyini bildirib. Məruzə ətrafında çıxış edən Səyyad Kərim,
Boris Zala, Norika Nikolai, Heydi Hautala və Milli Məclisin üzvləri Kamran
Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov Ermənistanın işğalçılıq
siyasətini pisləyib, 1 milyondan çox qaçqın və məcburi köçkünlərin fundamental
haqlarının kobud şəkildə pozulduğunu vurğulayıb və mövcud status kvonun qəbuledilməz
olduğunu bəyan ediblər.
"Regional əməkdaşlıq və Azərbaycan üçün çağırışlar”
mövzusu ətrafında məruzə ilə çıxış edən Avropa Komissiyasının yüksək səviyyəli
rəsmisi Lourens Meredits olduqca mürəkkəb regionda yerləşən Azərbaycanın həm
qonşu ölkələrlə, həm də Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq
etdiyini və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ciddi potensialın
mövcud olduğunu diqqətə çatdırıb. Mövzu ətrafında çıxış edən Milli Məclis və
Avropa Parlamenti üzvləri regional əməkdaşlığın daha yüksək səviyyəyə
çatdırılması üçün yeganə maneənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu
vurğulayıblar. İclasda iştirak edən Avropa Komissiyasının üzvləri Azərbaycanın
Avropa üçün alternativ qaz mənbəyi rolu oynadığını qeyd edib və Azərbaycanın bu
üstünlüyünün Aİ ilə Azərbaycan arasında hazırlanmaqda olan strateji əməkdaşlığa
dair müqavilədə öz əksini tapacağını təsdiqləyiblər.
Növbəti məsələ Avropa İttifaqı-Azərbaycan Parlament
Əməkdaşlıq Komitəsinin rolunun və səmərəliliyinin artırılması haqqında təkliflərin
müzakirəsi ilə bağlı olub. Mövzu ilə bağlı ətraflı məlumat verən komitə həmsədrləri
Səyyad Kərim və Cavanşir Feyziyev Aİ ilə Azərbaycan arasında münasibətlərin gələcək
inkişafında parlamentlərarası əməkdaşlığın xüsusi rol oynaya biləcəyini qeyd edərək
öz təkliflərini iclas iştirakçıların müzakirəsinə təqdim ediblər.
Ətraflı müzakirələrdən sonra qurumun səmərəliliyini
artırmaq məqsədi ilə Parlament Əməkdaşlıq Komitəsinin Prosedur Qaydalarına bir
sıra dəyişikliklər edilməsi qərara alınıb. Bununla da Parlament Əməkdaşlıq
Komitəsinin XIV iclasının gündəliyində duran əsas məsələlərin müzakirəsi başa
çatıb.
Sonda XIV iclas çərçivəsində müzakirə olunmuş məsələlərə
dair Yekun Bəyannamə qəbul olunub. Yekun Bəyannamədə hərtərəfli əməkdaşlıq
haqqında yeni müqavilənin Aİ və Azərbaycanın strateji maraqlarına uyğun olduğu,
Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində böyük potensialın
mövcudluğu qeyd olunub. Azərbaycanda siyasi vəziyyət, həyata keçirilən iqtisadi
və siyasi islahatlar, vətəndaş cəmiyyəti təsisatlarının rolu haqqında Aİ ilə Azərbaycan
arasında açıq və konstruktiv dialoqun faydalı olduğu vurğulanıb.
Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə tez bir zamanda həllinə nail olunması üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinə
və digər beynəlxalq təşkilatlara çağırış ifadə olunmaqla yanaşı, Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması, qaçqın və məcburi köçkünlərin fundamental haqların
bərpa olunması, BMT TŞ-nın məlum 4 qətnaməsinə və Avropa təsisatlarının müvafiq
qərarlarına əməl olunması zərurəti qeyd edilib.
Sənəddə eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün hökumət və vətəndaş cəmiyyəti təsisatları tərəfindən irəli sürülən bütün təşəbbüslər,
o cümlədən Ermənistan və Azərbaycan QHT-ləri tərəfindən təsis olunmuş Sülh
Platforması ideyası alqışlanıb. Sənəddə qeyd olunub ki, PƏK münaqişə tərəflərini,
o cümlədən AP və Milli Məclis üzvlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə
yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə, regionda vəziyyətin gərginləşməsinə və
zorakılığın artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.
Bununla da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq
Komitəsinin XIV iclası öz işinin başa çatdırıb.