• cümə, 29 Mart, 03:14
  • Baku Bakı 7°C

Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edirlər

08.10.16 15:29 1059
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edirlər
Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.
Paytaxt Tbilisidə və Gürcüstanın bölgələrində səsvermənin gedişini Azərbaycandan gəlmiş deputatlar da izləyirlər.
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, beynəlxalq müşahidə missiyasının üzvü Əflatun Amaşov jurnalistlərə müsahibəsində deyib ki, azərbaycanlı deputatların ikisi Tbilisidəki məntəqələrdə olub, səsvermə prosesini izləyiblər: "Deputatlarımız bir neçə seçki məntəqəsində olublar. Müşahidələrimiz zamanı heç bir qanun pozuntusu ilə qarşılaşmadıq. Səsvermə sakit, azad, şəffaf və demokratik keçir. Səsvermə başa çatdıqdan sonra Azərbaycandan gəlmiş müşahidəçilər nəticələrlə bağlı mövqelərini açıqlayacaqlar”.
Milli Məclisin deputat Sabir Hacıyev AŞPA-nın, Əli Məsimli GUAM PA-nın missiyası tərkibində səsvermənin gedişini izləyirlər.
Hər iki deputat müşahidə missiyasını Gürcüstanın bölgələrində həyata keçirir.
Azərbaycandan gəlmiş digər müşahidəçi, deputat Hikmət Məmmədov da səsvermə prosesi zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirib. O, ümumilikdə Tbilisidə 11 məntəqədə olacaqlarını və artıq onlardan 5-də səsvermənin gedişini izlədiklərini diqqətə çatdırıb. Vurğulayıb ki, səsverməyə hazırlıq yüksək səviyyədədir. Seçicilərin də siyasi fəallığı hiss olunur.
H.Məmmədov deyib ki, Gürcüstandakı parlament seçkilərini ciddi demokratiya yarışı da adlandırmaq olar. Seçkilərdə 20-yə yaxın siyasi partiya və seçki blokları iştirak edir. Seçki marafonu çox sakit və demokratik keçir. Bunu çoxsaylı beynəlxalq və yerli müşahidəçilər də təsdiq edirlər.
Xatırladaq ki, bu gün səhər Gürcüstanda parlament seçkiləri başlayıb. Saat 12:00-dək səsvermə ilə əlaqədar ciddi qanun pozuntusu qeydə alınmayıb.
Saat 11:00-dək seçicilərin 292 957 nəfəri və ya 8,34 faizi səsvermədə iştirak edib.
banner

Oxşar Xəbərlər