• şənbə, 20 Aprel, 01:38
  • Baku Bakı 15°C

Milli Məclisdə mübahisə yaranıb

22.11.13 12:16 1222
Milli Məclisdə mübahisə yaranıb
Milli Məclisin bu gün keçirilən iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı mübahisə düşüb.
APA-nın məlumatına görə, layihə barədə əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihə barədə söz alan deputat Qüdrət Həsənquliyev çıxışında Ədliyyə Nazirliyini sərt tənqid edib: “Əvvəlcə ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edirəm. Onları ədalətli olmağa, qanunlara əməl etməyə çağırıram. Eyni zamanda qeyd etmək istəyirəm ki, ictimai təşkilatların qeydiyyat məsələsində problem var. Hamıya yazırlar ki, təşkilatın adı onun məzmunu ilə bağlı deyil. Həmçinin belə xəbərlər yayılır ki, dövlətdə hansısa nüfuzlu şəxslər qarantiya verməlidir ki, səni qeydə alsınlar. Bu, Azərbaycanı nüfuzdan salan haldır. Mən hörmətli nazir Fikrət Məmmədov burada olarkən Ədliyyə Nazirliyinin QHT-lərə verdiyi cavab məktublarından birini oxudum. Əgər xüsusi xidmət orqanları buna zəmanət verməlidirsə, onda qanuna belə bir müddəa salınmalıdır. Ədliyyə Nazirliyində vəziyyət bərbaddır. Məhkəmə qərarlarının icrası məsələsi də burada dəfələrlə müzakirə edilib. Nazir müavinləri də işə müdaxilə edə bilmirlər. Ya nazir özü tapşırmalıdır, ya da tərəflərdən kimsə çox pul versə, məsələ onun xeyrinə həll edilir”.
Bu zaman vitse-spiker Ziyafət Əsgərov onun sözünü kəsib: “Qüdrət müəllim, saxlayın. Xahiş edirəm qanun layihəsi haqda danışın. Ayrı-ayrı şəxslər haqda danışmayın, bu qədər ittiham etməyin. Əlinizdə də faktlar yoxdur, nə istəyirsiz danışırsız! Yekunlaşdırın!”
Q.Həsənquliyev də öz növbəsində deyib ki, deputat kimi istənilən məsələni qaldırmağa borcludur: “Əlimdə kifayət qədər faktlar var və əgər lazımdırsa, onları şəxsən sizə təqdim edə bilərəm”.
Z.Əsgərov yenidən Q.Həsənquliyevin fikirlərinə münasibət bildirib: “Qüdrət müəllim, İlyas İsmayılov burada qeydiyyat məsələsi ilə bağlı fikirlər işlətdilər. Burada rəqəmin göstərilməməsi o demək deyil ki, məsələ özbaşına həll edilir. Biz məsələni burada müzakirə edirik. Amma hesab edirəm ki, müzakirələr predmetsiz getdi. Kim siyasi partiya və QHT adı eşidirsə, dərhal bu haqda danışır. Burada söhbət kommersiya qurumlarından gedir. Siyasi partiyalar və QHT-lər haqda ayrıca qanunlar var. Özü də ən liberal qanunlardır. Hesab edirəm ki, son illər ədliyyə sahəsində aparılan islahatlar ən yaxşı islahatlardandır. Fikrimcə, belə fikirlərin səslənməsi ədalətsizlikdir”.
Müzakirələrdən sonra sözügedən layihə səsə qoyularaq qəbul olunub.
banner

Oxşar Xəbərlər