Milli Məclisdə fahişəliyin leqallaşdırılması təklif olundu

Milli Məclisdə fahişəliyin leqallaşdırılması təklif olundu

Cəmiyyət
19 Aprel 2013, 12:25 1056
APA-nın məlumatına görə, “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov bildirib ki, milli-mənəvi dəyərləri nəzərə alsaq, bu məsələyə bir az fərqli baxmaq lazımdır: “İndi insan alveri ilə bağlı qanunları sərtləşdiririk, amma problemlər bir az da ağırlaşacaq. Çünki bu işlə qeyri-rəsmi məşğul olanlar yenə də məşğul olacaqlar. Əslində qanunların sərtləşməsi korrupsiyaya yol açacaq. Bu gün Ukraynadan, Filippindən Azərbaycana belə qadınlar axışır. Ötən əsrin əvvəllərində Türkiyədə də belə bir dövr yaşanırdı. Ataturk də bununla bağlı çıxış etmişdi. Çünki Fransadan, başqa Avropa ölkələrdən qadınlar gəlir, 1 il sonra varlanıb gedirdilər. Ona görə də Atatürk bu məsələyə diqqət çəkmişdi. Qanunları sərtləşdirməklə bu məsələnin qarşısını almaq mümkün olmayacaq. İnsan alverinin qarşısını ABŞ və Avropada da ala bilmirdilər. Digər tərəfdən, polis gələndə iki tərəf də qarşılıqlı razılaşma əsasında bir yerdə olduğunu söyləyirlər. Gəlin bu sahədə beynəlxalq təcrübədən istifadə edək. İndi hamı milli-mənəvi dəyərlərin daşıyıcısı, mömin olduğunu söyləməyə başlayacaq”.

İclasa sədrlik edən birinci vtse-spiker Ziyafət Əsgərov Səyavuş Novruzovdan fahişəliyi leqallaşdırmaq təklifi irəli sürüb-sürmədiyini soruşub.

Siyavuş Novruzov isə bildirib ki, leqallaşma bir çox problemin qarşısını alacaq: “Bütün Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik”.