• cümə, 26 Aprel, 16:47
  • Baku Bakı 23°C

Milli maraqların tələb etdiyi çağırış - Fotolar

18.12.20 15:16 841
Milli maraqların tələb etdiyi çağırış - Fotolar
Və ya Türkiyə ilə Azərbaycanın media sahəsindəki əməkdaşlığının yaratdığı perspektiv
Azərbaycanla Türkiyə arasında bir çox sahələrdə, o cümlədən media sahəsində də yüksək səviyyəli əməkdaşlıq var. Vətən Müharibəsindən çox-çox illər öncə başlayan bu əməkdaşlıq 44 günlük İkinci Qarabağ Savaşı dövründə özünü daha qabarıq şəkildə büruzə verdi. Prezidentin İlham Əliyevin "TRT Haber”, CNN-Türk, "Haber Global”, "Haber Türk”, "NTV”, "A Haber” kimi Türkiyə televiziyalarına müsahibəsi, Prezidentin köməkçisi Hikmət Hacıyevin milli məsələmizlə bağlı bu media qurumlarına müsahibə və açıqlamaları, həmçinin Türkiyə mediasının Qarabağ müharibəsini daim gündəmdə saxlaması, Azərbaycanın haqlı mövqeyi, Ordumuzun qalibiyyəti barədə müzakirə və diskussiyaların təşkili buna əyani misaldır. Həmin müddətdə Türkiyə mediası Azərbaycana hərtərəfli dəstək oldu. Türkiyəli jurnalistlər Ermənistanın raket və artilleriya hücumlarına məruz qalmış Gəncə, Bərdə, Ağdam, Tərtər, Goranboy və sair yaşayış məntəqələrimizdən, eyni zamanda döyüşlərin getdiyi ərazilərdən hazırladıqları reportajlarla həqiqətləri bütün dünyaya çatdırdılar. Beləliklə də, Azərbaycanın, sadəcə ön cəbhədəki hərbi əməliyyatlarda deyil, dünyada daim davam edən informasiya müharibəsində də qalib olmasına mənəvi dəstək oldular. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində "Türkiyə ilə Azərbaycan media məkanında strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı. Maraqlıdır, Azərbaycan və Türkiyə arasında media sahəsindəki əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsi, böyüməsi üçün əlavə hansı addımların atılmasına ehtiyac var?

Birgə imkanlar və potensial səfərbər edilməlidir
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Kaspi” qəzetinə açıqlamasında deyib ki, Türkiyə ilə Azərbaycan arasında ən müxtəlif səviyyələrdə yüksək səviyyəli əməkdaşlığın media sektorunu da əhatə etməsi olduqca vacibdir. Bu əməkdaşlığın mövcudluğuna diqqət çəkən Şura sədri bildirib ki, heç şübhəsiz, gələcəkdə bu əlaqələr daha da inkişaf edəcək: "Hər iki ölkə arasında media sahəsində əməkdaşlıqla bağlı memorandum bu baxımdan böyük əhəmiyyət daşımaqdadır. İndiyədək keçilmiş yol var. Əgər müstəqilliyimizin ilk illərində Azərbaycan Türkiyə cəmiyyəti üçün bir o qədər tanınmamış bölgə idisə, artıq belə deyil. Vəziyyətin müsbətə doğru inkişafında həm Türkiyənin, həm də Azərbaycanın media orqanları, jurnalist təşkilatları kifayət qədər səmərəli iş apardılar. Lakin indi qarşıda duran çağırışlar fərqlidir. Vətən Müharibəsi dönəmi də bu deyimin aktuallığını ortaya qoydu. Ölkələrimiz məhz media sahəsindəki əməkdaşlığa sistemli yanaşmalıdırlar. Türkiyə mediası bizim üçün əlbəttə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün olduqca vacib platformadır. Bu, öz yerində. Ancaq biz baxışımızı yalnız məhz bunun üzərində qura bilmərik. Eyni zamanda, Türkiyə də, məsələni təkcə dost və qardaş ölkəyə dəstək müstəvisində görməməlidir. Bu dəstək hər bir halda var və danılmazdır. Bununla yanaşı, birgə imkanlar və potensial səfərbər edilməlidir”.

İdeoloji rupor olmaq missiyası
Ə.Amaşov bildirib ki, görüləcək işlər, xüsusən də dünya mediasına inteqrasiya, milli maraqların müdafiəsindəki səmərəlilik artırılmalıdır: "Bir növ, fəaliyyət vahid ideoloji baxışla koordinasiya edilməlidir. Biz 44 günlük Vətən Müharibəsində gördük ki, Azərbaycana xaricdən olan media təzyiqlərinin bir həlqəsini elə Türkiyəyə qarşı təzyiqlər təşkil edirdi. Baxın, ABŞ Türkiyəyə sanksiya tətbiq etdi. Azərbaycan Prezidenti dərhal buna reaksiya verərək özünün mənfi münasibətini açıqladı. Fikrimcə, medialarımızın reaksiyası da məhz bu formada olmalıdır. Bilirsiniz, burada media fəaliyyəti heç də elə başa düşülməməlidir ki, biz, yəni həm Azərbaycan, həm də Türkiyə mediası nələrisə, hansısa fikirlərisə operativ, dolğun formada çatdırmaqla kifayətlənməliyik. Doğrudur, bu da əsasdır. Ancaq hesab edirəm ki, burada milli maraqlar naminə bir növ, ideoloji rupor olmaq missiyası da əsas götürülməlidir. Məncə, məhz bu istiqamətdəki fəaliyyətin koordinasiyasına ehtiyac var”.

Qlobal imperializmin informasiya savaşı
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu hesab edir ki, hazırda media yumşaq güc vasitəsidir və bütün müharibələrdə aparıcı müharibə komponentlərindən biri kimi çıxış edir: "Biz Vətən Müharibəsində bir daha bunun şahidi olduq. 27 sentyabrda başlayan müharibə paralel olaraq informasiya müstəvisində də hər gün aparıldı. Qlobal imperializmin informasiya savaşı bizə qarşı öz sərt və monipulyativ metodları ilə cəbhə açdı. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev hər gün paralel olaraq döyüş meydanı ilə bərabər informasiya müstəvisindəki savaşda da ən müxtəlif həmlələri dəf etməli oldu. Bu tarixi prosesdə, biz yenə də yanımızda qardaş Türkiyənin mediasını gördük. İstər ən yeni media adlandırdığımız internet resurslarının ən müxtəlif seqmentlərində, istərsə də elektron və klassik mediada Türkiyə daima bizi dəstəklədi. Hətta bəzən bizim dünyaya çatdıra bilmədiklərimizi onlar çatdırdılar. Beləliklə də, Vətən Müharibəsindən sonra Türkiyə-Azərbaycan münasibətləri öz tarixi ənənələrinə sadiq qalmaqla, yeni keyfiyyət mərhələsinə qədəm qoyduğu kimi, iki ölkənin mediası da buna ayaq uydurmaqla, yeni birgə fəaliyyət mərhələsi yaratmalıdır. Bir millət iki dövlət prinsipindən çıxış etməklə bir millətin vahid media platformasını yaratmağı bacarmalıdır. Bunu üçün hazırda çox mühüm çağırışlarla üz-üzəyik”.

Ortaq maraqlarımızı qoruyan gücə çevrilmək
Baş redaktor vurğulayıb ki, milli maraqlarımızın tələb etdiyi bu çağırışdan doğan məqsədləri yerinə gətirməklə yeni vəzifələrimzi müyyənləşdirməliyik: "İlkin olaraq yazılı və şifahi ifadədə həmişə aktual olan ortaq dil məsələsinə diqqət etməliyik. Bu, olduqca vacibdir. Çünki bizim yarada biləcəyimiz ortaq ünsiyyət vasitəsi digər türkdilli dövlətlərlə də ortaq media platforması yaratmağımıza kömək edəcək . Bu isə informasiya gücümüzdən ortaq maraqlar üçün daha operativ və daha effektiv istifadə edə bilməmizin yolunu açacaq. Ona görə də, hazırda ölkəmizdə yayınlanan türk filmlərini bizim ləhcəyə uyğunlaşdırmaqdan imtina etməliyik. Çünki belə çevirmə, hətta ən yüksək səviyyədə olsa belə, filmin koloritini və emosiyasını tam əks etdirə bilmir, bizi hədəflərimizdən uzaqlaşdırır. Halbuki, orijinal ləhcədə biz bunu tam başa düşə və qavraya bilirik. İkincisi, ortaq nəşrlərin və agentliklərin yaradılması məqsədəmüvafiq ola bilər. Beləliklə, dil mübadiləsi sürətlənər və geniş regional informasiya platforması yarana bilər. Biz hazırda dünyada baş verən proseslərə, dil birliyinə əsaslanaraq yaratdığımız regional təşkilatların aktiv reaksiyasını görürük. Məsələn, Türk Şurası Vətən Müharibəsində bizə dəstək bəyanatları ilə çıxış etdiyi kimi, indi də qardaş Türkiyəyə qarşı yönələn ədalətsiz sanksiyalara etiraz edir. Bax, mediamız da təqribən belə mobil və operativ şəkildə ortaq maraqlarımızı qoruyan gücə çevrilməlidir”.


Media Məkanında Strateji Əməkdaşlıq

"Global Journalism Council”-un xarici ölkələr üzrə rəhbəri, "Modern.az” xəbər saytının baş direktoru Elşad Eyvazlı isə bizimlə söhbətində qeyd edib ki, Azərbaycan və Türkiyə arasında "Media Məkanında Strateji Əməkdaşlıq anlaşma memorandumu” hazırda Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir: "Bunu birmənalı şəkildə bilmək lazımdı. Çünki Azərbaycan Prezidenti son vaxtlar dəfələrlə vurğulayıb, hətta Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qeyd etdi ki, Qarabağda savaş bitsə də, digər sahələrdə yeni başlayıb. Memorandumun bu istiqamətdə böyük faydası var. Verilən öhdəliklərin yerinə yetirilməsi üçün hər birimiz əlimizdən gələni etməliyik. Bunu demək istəyirəm ki, artıq zamanın özü də bu məsələnin işlək hala gətirilməsi mexanizminin düzəlməsi üçün diktələr edir. Çünki bütün sahələrdə olduğu kimi, media sahəsində də əməkdaşlıq zəruridir. Bu zərurilik bizim informasiya müharibəsindəki qələbəmizi təmin etmək üçün əsas məqamlardan biridir. Azərbaycanın Türkiyə ilə media sahəsindəki əməkdaşlığının vədinə gəldikdə, deyə bilərəm ki, istəsək də, istəməsək də bir gerçəklik var. Bizim dünya mediasına çıxışımız daha çox Türkiyə mətbuatı ilə əməkdaşlıqla bağlıdır. Türkiyə ilə əməkdaşlıq bu məsələdə bizə irəliyə getməyə imkan yarada bilər. Eyni zamanda Avropa, Amerikaya çıxışımıza imkan verə bilər. Türkiyə mediası ilə strateji əməkdaşlıq Azərbaycan mediasının həm inkişafına, həm dünyaya çıxışında, həm də jurnalistlərimizin tanınmasında böyük rol oynayacaq”.

"Media Türk” televiziya kanalı
Baş redaktor deyib ki, texnika, tanınma baxımından Türkiyə mediasının üzvləri Azərbaycanın media mənsublarından xeyli irəlidədir: "Biz bunu etiraf etməliyik ki, nə qədər texnikalarımız, güclü media qurumlarımız olsa da, Türkiyə mediası ilə müqayisəolunmazdır. Savaş dövrü onu göstərdi ki, Türkiyə mediası Azərbaycana qucağını açıb. Azərbaycan mediası bundan qardaşcasına istifadə edib, inkişaf etməlidir. Azərbaycan və Türkiyə bütün sahələrdə türk dünyasına örnək olub. Söhbət iqtisadi, mədəni, siyasi, səhiyyə, təhsil münasibətlərdən gedir. Artıq Azərbaycanla Türkiyə eyni ölkə anlamına gələ bilir ki, hər şeyi bir-biri ilə bölüşürlər. Təbii ki, media sahəsində güclərin, təcrübələrin bölüşdürülməsi də buna aiddir. Bu münasibət digər türkdilli ölkələrə yaxşı örnək kimi şamil oluna bilər. Türk dünyasının ortaq media platformasının olması çox vacib məsələdir. Bununla bağlı bizim təşkilatımızın ciddi layihələri var. Bunlardan biri "Media Türk” televiziya kanalıdır ki, yaxın zamanda fəaliyyət göstərəcək. Artıq Türkiyə və Orta Asiyada postlar yaradılır. Hesab edirik ki, bu kanal nümunə ola biləcək. Nəzərdə tutulub ki, dil olaraq Azərbaycan dili seçilsin. Çünki Azərbaycan dili Orta Asiyada və Türkiyədə də anlaşılan dildir. Amma iş təkcə bununla bitən deyil. "Media Türk” kanalına bütün media nümayəndələrimiz dəstək olmalıdırlar”.

Türk mediası dünya mediası sıralarında
E.Eyvazlı söyləyib ki, "Azərbaycan və Türkiyə arasında "Media Məkanında Strateji Əməkdaşlıq anlaşma memorandumu” imzalanandan sonra irəliyə doğru atılacaq addımlar çoxdur: "Bir məsələ də onunla bağlıdır ki, savaş dövründə Türkiyə mediası kiçiyindən böyüyünədək Azərbaycanın yanında olub, bizim qədər çalışdılar. Ermənistanın Azərbaycana qarşı terrorçuluğu, sıravi insanları hədəfə alması Türkiyə mediası vasitəçiliyi ilə dünyaya çatdırıldı. Qeyd edildiyi kimi, savaş dövrü bitsə də, digər istiqamətlərdəki müharibələrimiz davam edir. Mütləq bir yerdə çalışmalıyıq. Bu məsələdə "Global Journalism Council” olaraq Azərbaycan, Türkiyə, Orta Asiya mediasını birliyə çağırırıq. Biz yalnız çağırışla kifayətlənmir, görüşlər keçiririk ki, bu məsələlər istədiyimiz müstəviyə çıxarılsın. Bizim təkcə jurnalistika ilə bağlı deyil, jurnalistika fakültəsinin tələbələri ilə bağlı da ciddi layihələrimiz var. Azərbaycanda artıq buna başlanılıb. "Azərbaycan Media könüllüləri 145” platforması çərçivəsində gələcəyin jurnalistlərinə müxtəlif seminarların keçirilməsi, sertifikatların verilməsi və gələcəkdə xaricdə təhsil almalarına şəraitin yaradılması üçün müəyyən addımlar atılır. Bu, təkcə Azərbaycanda deyil, Türkiyədə, Orta Asiyada da təşkil olunacaq. Türk mediasının dünya mediası sıralarında olması üçün əlimizdən gələni edəcəyik. Bunu etməyimiz üçün Türkiyə mediasının dəstəyi bizə çox vacibdir. Bu, əməkdaşlığımızın artırılması üçün mühüm məsələdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər