Milli maraqlara uyğun dövlət siyasətinin parlaq qələbəsi
Lapşinin ekstradisiyasi ərazi bütövlüyümüzə və sərhədlərimizin toxunulmazlığına hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq
Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan
Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal
olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə
girib, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, "Pasportlar
haqqında” Azərbaycan qanunlarının tələblərini kobud surətdə pozub, ölkəmizin mühafizə
olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən
kənarda keçərək , 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal
olunmuş ərazilərə daxil olub. Bununla yanaşı, o, qanunsuz rejimi beynəlxalq səviyyədə
təbliğ etmək məqsədilə internet sosial şəbəkəsində "http//puerrtto.livejournal.com"
səhifəsi yaradıb və burada səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla
bərabər, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd edib. Eyni zamanda, 6
aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə
qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq
çağırışlar edib.
Bu kimi əməllərinə görə Azərbaycan Xarici İşlər
Nazirliyi işğal olunmuş ərazilərimizə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin
adını "arzuolunmaz şəxslər” siyahısına daxil edib. Paralel olaraq, Baş
Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində A.Lapşin barəsində
Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və
318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə)
maddələri ilə cinayət işi qaldırılıb, barəsində dövlətlərarası axtarış elan
edilib. Sonradan Belarusda həbs edilən A.Lapşinin Azərbaycana ekstradisiya
edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə
orqanlarına təqdim olunub. Belarus Baş Prokurorluğu isə yanvarın 17-də
A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar qəbul edib. A.Lapşin Belarus
Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti versə də, məhkəmə əvvəlki qərarı
qüvvədə saxlayıb. Belarus Ali Məhkəməsi də bloqger A.Lapşinin Azərbaycana
ekstradisiyası barədə qərardan şikayətini rədd edib. Bütün hüquqi proseslər
başa çatdıqdan sonra bloqger srağagün gecə Bakıya gətirilib.
İlk öncə qeyd edək ki, bu hadisə Prezident İlham
Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin
nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir. Bununla Azərbaycan
ictimaiyyəti bir daha əmin oldu ki, Prezident İlham Əliyev ölkəmizin milli
maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail
olmağı bacaran, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürüdən,
dünyada böyük hörmət və nüfuza malik olan siyasi liderdir. Dövlət başçısı İ.Əliyev
prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın
mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və
hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm
nümayiş etdirir.
Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, ATƏT Parlament
Assambleyasının vitse-prezidenti Azay Quliyev də A.Lapşinin Belarusdan Azərbaycana ekstradisiya
edilməsini mühim hadisə kimi qiymətləndirib. O, "Trend”ə açıqlamasında Belarus
Respublikasının hüquq-mühafizə orqanlarına və şəxsən Prezident Lukaşenkoya göstərdiyi
prinsipiallığa görə təşəkkür edib. Bildirib ki, bu hadisə Azərbaycanın ərazi
bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya
etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq. Deputatın sözlərinə görə,
bundan sonra belə qanunsuz əməllərə əl atmaq niyyətində olanlar əvvəlcədən hərtərəfli
düşünməyə vadar olacaqlar. Millət vəkili A.Quliyev vurğulayıb ki, Azərbaycanın
qanunlarına hörmət etmək hər kəsin borcudur: "Ölkəmizə qarşı cinayət törədən
istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında
cavab verməli olacaq və layiq olduğu cəzanı alacaqlar”.
Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd SeyidovA.Lapşinin Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) tərəfindən Belarus ərazisində
saxlanılmasına diqqət çəkərək bildirib ki, İnterpol hər zaman beynəlxalq səviyyədə
tanınan qanun pozucularının axtarışı ilə məşğul olur. Onun fikrincə, Belarus
bütün addımları beynəlxalq hüquq çərçivəsində atıb, əvvəlcə Lapşini öz ərazisində
saxlayıb və sonda Azərbaycana təhvil verib. Millət vəkili deyib ki, A.Lapşin qanunları
pozan şəxs kimi Azərbaycanda məhkəmə qarşısında cavab verəcək. S.Seyidov onu da
əlavə edib ki, əgər kimsə A.Lapşinin saxlanmasını qanunsuz hesab edirsə, o
zaman İnterpolun, bütün beynəlxalq təşkilatların fəaliyyəti və ümumilikdə
qanunun aliliyi də qanunsuzdur.
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü,
millət vəkili Fərəc Quliyev də "SİA”ya bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərinə
qanunsuz səfər edən bloqgerin ölkəmizə ekstradisiya olunması çox ciddi məsələdir.
Deputat deyib ki, bu hadisə ilk növbədə Azərbaycan-Belarus münasibətlərinin
yüksək səviyyədə olduğuna işarədir: "Çoxları Kollektiv Təhlükəsizlik üzrə
Müqavilə Təşkilatı və bura daxil olan dövlətlərin Azərbaycana qarşı
davranışlarını gözləsə də, həyat göstərdi ki, ölkəmizin yürütdüyü doğru siyasət
nəticəsində həm Belarus, həm Qazaxıstan, həm də digərləri dövlətimizin
yanındadırlar. Belarus hüququn üstünlüyünə hörmət etməklə, digərlərinə də örnək
oldu. Bilirsiniz ki, Azərbaycanla Ukrayna arasında əldə olunan razılaşmaya əsasən,
Kiyevin razılığı olmadan oranın separatçı bölgələrindən ölkəmizə mal daxil ola
bilməz. Eləcə də Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa mal gedə bilməz.
Bu da o deməkdir ki, artıq Azərbaycanın post-sovet məkanında, xüsusilə də
Dağlıq Qarabağla bağlı məsələlərdə mövqeləri daha da möhkəmlənib”.
F.Quliyev deyib ki, A.Lapşinin ölkəmizə
ekstradisiya olunması Azərbaycanın siyasi iradəsinin möhkəm və üstün olmasını
göstərib: "Artıq bu addım digərlərinə bir dərs olacaq. Bundan sonra Azərbaycanın
icazəsi olmadan ölkəmizin nəzarətindən müvəqqəti olaraq çıxan, düşmən tərəfindən
işğal olunan ərazilərimizə kimsə gələ bilməz. Bu, artıq şirkətlərə də örnək
olacaq. Çünki onlar da ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğuldurlar. Bu, həm
siyasi, həm iqtisadi, həm də dost və düşmənlərimizin kim olması baxımından
ciddi məsələdir. Hesab edirəm ki, bu fakt gələcəkdə Azərbaycanın xeyrinə işləyəcək”.
Milli
Məclisin İnsan hüquqları komitəsinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun AmaşovA.Lapşinin ekstradisiyasını Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmli
sayıb. Bildirib ki, hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan
dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb: "Bu
baxımdan qeyd edəcəyim ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ
münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçib, ölkəmizin
qanunlarına məhəl qoymayıb. 3 ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda
mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz
zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik”.
Millət vəkili bildirib ki, A.Lapşin söz və ifadə
azadlıqlarından separatçılığın təbliği naminə "bəhrələnmə"nin bariz
nümunəsidir. Mətbuat Şurası sədrinin sözlərinə görə, A.Lapşinin fəaliyyətini
söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç
bir hüquqi əsasa malik deyil: "Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir
aidiyyəti yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz
separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir.
Nəhayət, düşünürəm ki, Lapşinin ölkəmizə ekstradisiyası Azərbaycan dövlətinin
Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər
hansı diskomfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət
və prinsipiallığının dünyaya növbəti nümayişidir”.
Yekun olaraq qeyd edək ki, A.Lapşinin
ekstradisiyası Ermənistanın növbəti ağır məğlubiyyəti, bu ölkədəki cinayətkar
rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Bununla bir
daha aydın göründü ki, heç bir dünya ölkəsi Ermənistan hakimiyyətinin Dağlıq
Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma "DQR”-i qəbul etdirmək
cəhdlərinə dəstək vermir. Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl
qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında
ifşa edir və onun iflasını sürətləndirir. Bundan başqa, A.Lapşinin
ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə
pozmaqla qondarma "DQR”-in təbliğatını aparan şəxslərə mesajdır. Bu hadisə
onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və
düzgün nəticə çıxarmağa vadar edir. Ümumilikdə isə, A.Lapşinin ekstradisiyası
Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma "DQR”-i təbliğ etmək
siyasətini iflasa uğradan, ona ciddi zərbə vuran hadisədir.
Rufik
İSMAYILOV