AZE | RUS | ENG |

Milli maraqlara söykənən uğurlu xarici siyasət kursu - Fotolar

Milli maraqlara söykənən uğurlu xarici siyasət kursu - Fotolar
Eyni vaxtda həm Avropa ilə, həm də Rusiya ilə səmərəli əməkdaşlığın reallaşması Azərbaycan diplomatiyasının uğuru hesab edilə bilər

Azərbaycanın yerləşmiş olduğu region geosiyasi strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Bu baxımdan rəsmi Bakı həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada bütün dövlətlərlə eyni cür məsafə saxlamaq, ilk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas olaraq götürülür. Xarici siyasətimizdə əsas prioritetlər Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, Ermənistan tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınması, bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılmasıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu xarici siyasi kurs nəticəsində Azərbaycan dünyanın 150-dən artıq dövləti ilə diplomatik əlaqələr, qarşılıqlı maraqlara söykənən münasibətlər qurub. Sevindirici haldır ki, diplomatik əlaqələr qurduğumuz dövlətlər arasında Azərbaycana dost-qardaş, müttəfiq ölkələr çoxluq təşkil edir. Elə 2011-ci ildə BMT-də keçirilən səsvermə zamanı bu mötəbər qurumun üzvü olan 192 ölkədən 155-i Azərbaycana səs verib. Məhz bu səsvermə, bu dəstək sayəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və 2012-2013-cü illərdə dünya nizamını tənzimləyən təşkilatda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib.
 
 

Azərbaycanın çoxvektorlu xarici siyasəti bu gün də davam etdirilməkdə, öz bəhrəsini verməkdədir. Qeyd edilənləri daha dərindən anlamaq üçün Prezident İlham Əliyevin 10 avqust 2018-ci il tarixdən indiyə qədər ötən bir aylıq müddətdə fəaliyyətini, xarici ölkələrə səfərlərini, həmçinin Azərbaycana dövlət başçıları səviyyəsində edilən səfərləri gözdən keçirmək kifayətdir. Misal üçün, avqustun 10-da Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində prezidentlərin təkbətək və nümayəndə heyəti ilə geniş tərkibdə görüşləri olub. Prezidentlər arasında birgə bəyanatla yanaşı, rəsmilər tərəfindən müxtəlif sahələri əhatə edən 10 sənəd imzalanıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Tacikistan və Azərbaycan iştirak etdiyi beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəkləyir və bu dəstək ölkələr üçün çox əhəmiyyətlidir. Tacikistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ölkəmizin mövqeyini dəstəkləyir, ərazi bütövlüyümüzün təmin olunmasına tərəfdar çıxır. Təbii ki, bu, Azərbaycan üçün qarşılıqlı münasibətlərdə başlıca şərtdir. Bu baxımdan Mərkəzi Asiya regionunun əsas ölkələrindən sayılan Tacikistanla münasibətlərin yüksək səviyyədə saxlanılması Azərbaycana iqtisadi qazancla yanaşı, siyasi dvidentlər vəd edir. Çünki, Tacikistan işğalçı Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunur. Rəsmi Düşənbə ilə əlaqələrin dərinləşməsi Ermənistanın özünə arxa hesab etdiyi KTMT-də güc balansını Azərbaycanın xeyrinə dəyişmək imkanlarını daha da genişləndirir. 
 
 

Avqustun 12-də Prezident İlham Əliyev  Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərində olub. Dövlətimizin başçısının Aktauda Qazaxıstan və İran prezidentləri Nursultan Nazarbayev, Həsən Ruhani ilə təkbətək görüşləri olub. Tərəflər qarşılıqlı münasibətlərin səviyyəsi, gələcək inkişafını ətrafında fikir mübadiləsi aparıblar. Elə həmin gün Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantının sonunda prezidentlər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Təqdirəlayiq haldır ki, Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Belə bir fonda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması da tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin samitdəki çıxışında vurğuladığı kimi, bu sənəd hər şeydən öncə Xəzər dənizində təhlükəsizliyin, sabitliyin qarantıdır. Xəzəryanı ölkələr arasında indiyə qədər mövcud olan və bundan sonra da davam edəcək yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət sözügedən təhlükəsizliyi, sabitliyi daha da möhkəmlədəcəkdir. 
 
 

İqtisadi qüdrətinə görə Avropa İttifaqında birinci dövlət hesab olunan Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin avqustun 25-də Azərbaycanda rəsmi səfərdə olması da mühüm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev və Angela Merkel nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər. Görüşdə ikitərəfli əlaqələrimizin demək olar ki, bütün sahələri, o cümlədən siyasi, iqtisadi, ticari əlaqələr, regional məsələlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi müzakirə olunub. Bundan başqa, Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyev və Federal Kansler Angela Merkelin iş adamları ilə görüşü də olub. Jurnalistlərin suallarını cavablandırarkən xanım Angela Merkel deyib ki, Almaniyanın bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşı var. Bundan başqa, Almaniyanın Azərbaycanda xarici ticarət palatası var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Almaniya Azərbaycana iqtisadiyyatın şaxələndirilməsi istiqamətində öz töhfəsini verə bilər. A.Merkel bildirib ki, Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. O, Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını da yüksək qiymətləndirib. Vurğulayıb ki, bu, Avropa ilə ticarət əlaqələrini daha da genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.
 
 

Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə rəsmi səfər etməsi, həmkarı Vladimir Putinlə birgə bəyanata imza atması, eləcə də hökumət üzvləri və şirkət rəhbərləri arasında müxtəlif razılaşmaların əldə edilməsi Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına yeni bir təkan olacaq. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Şimal qonşumuzun bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub” qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər də böyük beynəlxalq əhəmiyyət daşıyır. Həmçinin, Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. İki ölkənin hərbi-texniki əməkdaşlığı da daim inkişaf edir. Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyərinin 5 milyard dolları keçməsi bu sahədəki dinamizmin göstəricisidir. Bir sözlə, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi əlaqələrlə bərabər, elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əməkdaşlıq münasibətləri mövcuddur. 
 
 

Sentyabrın 2-də Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfərə gəlib, həmkarı Sooronbay Jeenbekov ilə görüşüb, qarşılıqlı münasibətlərə dair fikir mübadiləsi aparıb. Sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo” Mədəniyyət Mərkəzində TDƏŞ-in VI Zirvə görüşü keçirilib. Qeyd edək ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır. Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Azərbaycanın türkdilli ölkələrlə əlaqələri siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və bütün bu istiqamətlər üzrə gözəl nəticələr görünür. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir. Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bütün bu reallıqları və əlaqələrimizin perspektivlərini diqqətə çatdırıb.
 
 

Ən nəhayət, sentyabrın 5-də Prezident İlham Əliyev  Xorvatiyada rəsmi səfərdə olub. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Xorvatiya prezidentlərinin təkbətək, ardınca geniş tərkibdə görüşləri olub, Azərbaycan-Xorvatiya sənədləri imzalanıb. Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç ölkəsi ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Avropa İttifaqındakı fəaliyyətə toxunan Kolinda Qrabar-Kitaroviç deyib ki, Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. O, Azərbaycanın bu təşəbbüsü dəstəklədiyini dilə gətirib. Qeyd olunub ki, Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı keçiriləcək Zirvə görüşündə mühüm addımlar atılacağı gözlənilir. Xorvatiya prezidenti Azərbaycanın NATO-nun mühüm tərəfdaşı olmasına da diqqət çəkib. Bildirib ki, Azərbaycanın NATO-ya verdiyi töhfə vacibdir. Prezident İlham Əliyev də öz növbəsində bildirib ki, Azərbaycanla Xorvatiyanın həm Avratlantik strukturlarla əlaqələri, həm də ikitərəfli müstəvidə aparılan işlər ölkələrimizin sözün əsl mənasında, strateji tərəfdaşlar olduğunu nümayiş etdirir. 
 
 

Dövlət başçısı İlham Əliyevin cəmi bir ay ərzində xarici ölkələrə etdiyi səfərləri, həmçinin dövlət başçılarının, hökumət üzvlərinin Azərbaycana gəlməsi, əlaqələrin daha da inkişaf etdirilməsi üçün müxtəlif sənədlərin imzalanması, razılıqların əldə edilməsi həyata keçirilən çoxvektorlu siyasətin bəhrəsidir. Bu siyasət sayəsində ikiqütblü dünyada Azərbaycan sabitlik adasını xatırladır. Azərbaycan xarici siyasətində özünə "böyük qardaş” axtarmır, kimsənin yanında yer almır, yalnız milli və bərabərhüquqlu qarşılıqlı maraqlara söykənən siyasət yürüdür. Misal üçün, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda qoca qitənin iqtisadi, siyasi, texniki nailiyyətlərindən bəhrələnir. Rusiya ilə münasibətlərdə isə bu ölkənin Azərbaycan üçün böyük bazar olmasından faydalanır, yerli istehsalçıların bu bazarlara çıxışını təmin etməklə qeyri-neft sektorunun, kənd təsərrüfatının, ümumilikdə iqtisadiyyatın inkişaf etdirilməsinə çalışır. Eyni zamanda, tarixi və milli kökləri olan türkdilli dövlətlərin əməkdaşlıq ideyasına Türkiyədən sonra ən böyük dəstəyi məhz Azərbaycan verir. 

Rufik İSMAYILOV    


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000