• cümə axşamı, 28 mart, 14:10
  • Baku Bakı 16°C

MİLLİ “MADAQASKAR”

12.01.15 10:55 2031
MİLLİ “MADAQASKAR”
Hər il olduğu kimi bu il də bir sıra mədəniyyət mərkəzlərində yeni illə bağlı uşaqlar üçün maraqlı, əyləncəli tədbirlər hazırlanmışdı. Teatrlarımız da müxtəlif uşaq tamaşaları ilə balacaların görüşünə gəlmişdilər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə öz ənənəsinə sadiq qalaraq yenə də fərqli bir tamaşa ilə diqqət mərkəzində idi. Belə ki, televiziyadan hamının yaxşı tanıdığı, uşaqların sevimlisi olan “Madaqaskar” cizgi filminin qəhrəmanları rejissor Nicat Kazımovun quruluşunda canlı şəkildə teatrın səhnəsinə gətirilmişdi.
Hər il olduğu kimi bu dəfə də tamaşadan öncə teatrın ikinci mərtəbəsində qışın atributları olan Şaxta baba (Nicat Kazımov), Qar qız (Günel Məmmədova) və bir sıra nağıl qəhrəmanları (Nigar Məmmədova, Araz Pirimov, Manaf Dadaşov və başqalarının ifasında) uşaqları müxtəlif oyunlarla əyləndirir, onlarla bərabər oxuyub-oynayırdılar. Tədbirdən sonra hər kəs tamaşaya baxmağa dəvət olundu.
Bu dəfəki tamaşa bir qədər fərqli idi. Belə ki, soyuq qış meşəsini xatırladan səhnənin arxa tərəfində ortadan böyük bir monitor asılmışdı. Tamaşa həmin monitordakı “Madaqaskar” cizgi filmi ilə başladı. Hətta bir anlıq mənə elə gəldi ki, tamaşa ancaq dublyaj olunmuş cizgi filmindən ibarətdir. Əhvalat bu ki, dörd heyvanı gəmi vasitəsilə bağlı qutularda başqa heyvanxanaya aparırlar. Gəmidə Şir, Begemod, Zürafə, Zebra (Alex, Qloria, Melman, Marti) dalaşırlar və qutular dənizə düşür. Dalğa isə qutuları sahilə atır. Və bu anda monitor sönür. Bayaqdan monitorda gördüyümüz həmin cizgi qəhrəmanlarını indi aktyrolar səhnədə canlandırmağa başlayırlar. Söhbət əsnasında bəlli olur ki, onlar heyvanxanaya yox, Azərbaycan adlı məmləkətə, onun hansısa meşəsinə düşüblər. Yenidən heyvanlar arasında mübahisə düşür. Çünki onlardan birinin bura xoşuna gəlir, başqa biri heyvanxanada olmaq istəyir. Sonra onlar meşənin digər sakinlər ilə (dələ, ağ keçi, dovşan, uzunqulaq) tanış olurlar. Şir onlardan küsüb getsə də, dostlar bilir ki, Alex onları darda qoymayacaq. Ona görə da canavarların tələsinə düşməyi belə gözə almayıb, Alexi geri qaytarırlar. Və sonda yeni il bayramı keçirirlər.
Tamaşada mətn, hadisələr çox maraqlı qurulmuşdu. O da maraqlı idi ki, heyvanlar arasına ağ keçi surəti də salınmışdı. Axı bu il ağ keçi ilidir. Rəqs zamanı özünü elə hey tərifləyib “bu il mənim ilimdir, boz keçi deyil, ağ keçi ilidir” deyən keçi bunu diqqətə çatdırır və bayram münasibətilə hamını təbrik edirdi. Tamaşada maraqlı alınan səhnələrdən biri də canavarların talış ləhçəsində danışmaları idi. Dovşanı (Roza İbadova) tutma səhnəsindəki danışıqları həm uşaqlarda, həm də valideynlərdə gülüş yaradırdı. Hətta sonradan həmin canavarlar qiyafələrini dəyişib elə həmin ləhçədə polisi oynayırdılar.
Tamaşanın zövqlü və yerində verilən musiqiləri çox rəngarəng və bol idi. Milli rəqslərdən, Vokalizdən, Azərbaycanın Evrovision mahnısından (“Running Scared”), Barış Mançonun “Arkadaşım eşşək” mahnısından tutmuş digər musiqilərə qədər hər bir vəziyyətə uyğun mahnılar həssaslıqla seçilmişdi. Sonda isə bütün iştirakçılar səhnədə elə “Madaqaskar 2” cizgi filminin soundtrackı - “Will.I.Am –“I like to Move it” mahnısının sədaları altında maraqlı rəqslə tamaşanı başa çatdırdılar.
Ümumiyyətlə onu deyə bilərəm ki, milliləşdirilən “Madaqaskar” maraqlı alınmışdı. Keçən ilki “Küpəgirənin hiyləsi” tamaşası nə qədər həzin, axıcı melodiyaları, maraqlı hadisələri ilə yadda qalmışdısa, bu ilki “Madaqaskar” tam əksinə olaraq dinamik hadisə və musiqiləri ilə fərqlənirdi.
Nigar Pirimova
teatrşünas
banner

Oxşar Xəbərlər