• şənbə, 20 Aprel, 06:26
  • Baku Bakı 14°C

Milli klaviatura işimizi asanlaşdıracaq? Araşdırma

08.11.13 09:39 5507
Milli klaviatura işimizi asanlaşdıracaq? Araşdırma
Artıq bir neçə ildir ki, ölkədə kompüter istifadəçiləri Azərbaycan dili üçün QWERT düzülüşlü klaviaturadan istifadə edir. Milli Elmlər Akademiyasının alimləri isə daha bir milli klaviatura hazırlayıblar və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu yeni düzülüşü milli standart kimi bəyənib. Bu düzülüş “Windows” əməliyyat sisteminin yeni – 8.1 versiyasına daxil edilib. Lakin milli klaviaturanın tətbiqi istifadəçilər tərəfindən birmənalı qarşılanmır. Bəzi insanlar milli klaviaturanın tətbiqini müsbət qarşılasa da , bir qismində bir sıra narahatlıqlara səbəb olub.
Bu klaviaturanın tətbiqi bizə nə verəcək? Ümumiyyətlə bu yeniliyin müsbət və mənfi tərəfləri nələrdir?
Milli klaviaturanın yaranma səbəbləri
AMEA Kibernetika İnstitutunun, böyük elmi işçisi, milli klaviaturanın yaradıcılardan olan Qorxmaz Əfəndiyev qəzetimizə açıqlamasında klaviaturanın yaranma səbəblərindən və zərurətindən danışdı. Müsahibimizin sözlərinə görə, respublikamız müstəqillik qazandığı ilk günlərdən Azərbaycan hərflərinin yerləşdiyi standart klaviaturanın yaranma zərurəti olub: “90-cı illərdə kompyuterlərlə işləyən insanlar kiril həriflərindən istifadə edirdi və şriftlər kiril həriflərinin kodları üzərində düzəldilirdi. Bu zaman müxtəlif proqramçılar bizim ə, ö, ü, ğ, ç həriflərini özləri bildikləri kimi yerləşdirmişdilər. Ona görə də mətni bir kompyuterdən digər kompyuterə köçürərkən müəyyən problemlər yaranırdı. Texnika üzrə fəlsəfə doktorunun sözlərinə görə, keçmiş SSRİ-nin tərkibində olan digər respublikalarda, o cümlədən, Azərbaycanda kompüter klaviaturası üzərində milli əlifbanın hərflərinin düzülüşü “YÜUKEN” klaviaturasının əsasında təyin edilmişdi: “Belə ki, milli əlifbanın rus hərfləri ilə eyni səsi verən hərfləri “YÜUKEN” klaviaturasında olduğu kimi, fərqli səslənən, yəni kiril əlifbasında olmayan hərfləri isə bu dildə olmayan hərflərin mövqeyində yerləşdirilirdi. “Windows 2000” əməliyyatlar sistemində “Unicod” standartları qəbul edildikdən sonra, 2001-ci ildə Azərbaycanda yeni – “QWERTY” düzümünün əsasında yaradılmış latın qrafikalı hərflərin klaviatura düzümü qəbul edildi. Lakin bu düzüm də “YÜUKEN” düzümünün üzərində qurulmuş modeldə olduğu kimi, “oxşar-fərqli səslər” və “oxşar-fərqli qrafemlər” prinsipi ilə yaradılıb. Buna görə də biz milli klaviatura standartının yaradılması üçün işlər gördük və artıq 2002-ci ildə biz baza modeli yaratdıq. 2005-ci ildən başlayaraq artıq biz özümüzün yaratdığımız Azərbaycan dilinin qanunauyğunluqlarını, həriflərin rastgəlmə tezliyini, barmaqların aktivliyini nəzərə alan optimal bir düzüm təklif etdik və bu düzüm 2010-cu ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının qərarı ilə standart kimi qəbul olundu. Nəhayət, 2013-cü ildə oktyabr ayında bu düzüm “Windows” əməliyyat sisteminin yeni – 8.1 versiyasına yerləşdirildi”.
“Milli klaviatura karpal tunel sindromunu qarşısını alacaq”
Milli klaviaturanın müsbət cəhətləri haqqında məlumat verən müsahibimizin sözlərinə görə, bu klaviatura karpal tunel sindromu xəstəliyinin qarşısını alacaq: “Bizim yaratdığımız milli klaviatura adlanan düzümdə barmaqların aktivliyi və həriflərin rastgəlmə tezliyi nəzərə alınıb. Belə ki, bu günə qədər istifadə olunan düzümdə Azərbaycan dilində ən çox istifadə olunan ə və a hərifləri klaviaturanın künclərində yerləşirdi ki, bu da mətni yığarkən istifadəçilərdə bir çox çətinliklər yaradırdı. Lakin milli klaviaturanın düzümündə isə çox işlənən həriflər klaviaturanın mərkəz hissəsində yerləşir. Buna görə də istifadəçilər 10 barmaqla mətni rahat yığa biləcəklər və bununla da mətnin daxil edilmə sürəti artacaq. Klaviaturanın ikinci müsbət cəhəti ondan ibarətdir ki, istifadəçilərdə karpal tunel sindromu deyilən, xalq dilində desək, “biləyə zor tətbiq etmək” xəstəliyinin qarşısı alınacaq”.
“Milli klaviatura gərəksiz kəşfdir”
İnternet sahəsində bir sıra araşdırmalara imza atan ekspert Azər Həsrət isə milli klaviaturanın yaranmasını gərəksiz sayır. Ekspertin sözlərinə görə, kompyuter beynəlxalq termin olduğu üçün onu milliləşdirmək düzgün deyil: “Mən milli klaviaturanın qəzetlərdə yayımlanan şəkli ilə tanış oldum. Bu kəşf mənim o qədər də ürəyimcə olmadı. Klaviaturanın yaradıcıları milli klaviaturanın tətbiqini ona əsaslandırırlar ki, guya bizim hərflər kənarlarda yerləşdirilib. Axı biz nəzərə almalıyıq ki, bu gün kompyuter milli termin deyil və xüsusən Azərbaycan kimi ölkələr də ingilis dilindən çox geniş istifadə edirlər. Düşünürəm ki, bizim də ölkəmizdə ingilis dilindən geniş istifadə edildiyi üçün klaviaturanın üzərində dilimizə uyğunlaşdırılmaq adı altında dəyişikliklər etmək düzgün deyil”.
Milli klaviatura vaxt itkisidir
A.Həsrət bizimlə söhbətində bildirdi ki, milli klaviatura kompyuter istifadəçiləri arasında çaşqınlıq yaradacaq və buna uyğunlaşmaqda çətinlik çəkəcəklər: “Artıq hamı mövcud klaviaturaya öyrəşib və yeni bir klaviaturanı öyrənməyə ehtiyac yoxdur. O ölkələrin öz düzülüşləri var ki, onların hərfləri ümumiyyətlə başqa cürdür. Misal üçün, kiril əlifbası, ərəb əlifbası, ya da digər fərqli əlifbalar. Türkiyənin 70 milyon əhalisi var və geniş şəkildə QWERTY dediyimiz klaviaturandan istifadə edir. Çünki kompyuterdə işləyən hər kəs bilir ki, adi bir dildən başqa bir dilə keçəndə, bir hərfin yeri dəyişəndə adam tutulub qalır, işləyə bilmir. İndi biz ingiliscə də, Azərbaycanca da, Türkiyə türkcəsində də yazırıq. İngilis və Türkiyə türkcəsində yazmaq bizə rahat olacaq, Azərbaycana keçəndə fərqli bir düzülüşlə qarşılaşacağıq. Bütövlükdə düzülüşü dəyişmək adamları çaşdıracaq. Hərflərin düzülüşünün sürətə təsir ola bilər, amma adam bir klaviaturada yazmağa öyrəşibsə, onu unudub yeni düzülüşə uyğunlaşması da vaxt aparacaq. Ona görə mən düşünmürəm ki, dünyada qəbul olunmuş klaviatura düzülüşünü qəbul etmək daha məqsədə uyğundur”.
“Milli klaviatura istifadə edilməyəcək”
Sahil İnformasiya Texnologiyalarının direktoru Vahid Qasımov isə bizimlə söhbətində yeni klaviaturanın istifadə ediləcəyinə inanmadığını bildirdi: “Milli klaviatura tətbiq olunarsa, düşünürəm ki, ancaq müsbət nəticələr verə bilər. Lakin, mən bu klaviaturanın ölkəmizdə istifadə ediləcəyinə inanmıram. Çünki, artıq bu işin tətbiqi gecikib, Azərbaycan xalqı bu gün istifadə edilən klaviaturaya öyrəşib”.
Qeyd edək ki, Klaviaturanın ilk 5 hərfi - PÜŞUD sosial şəbəkələr də geniş müzakirələrə səbəb olub. Mütəxəssislər vurğulayıb ki, PÜŞUD-ə keçid məcburi deyil. Çünki PÜŞUD-lə yanaşı, əvvəlki QWERTY də işləyəcək. Yeni klaviaturanın yay aylarında tətbiq ediləcəyi gözlənilir.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər