• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

Milli kinonun 2018-ci ildəki təcəssümü

05.01.19 09:00 940
Milli kinonun 2018-ci ildəki təcəssümü
Kinohər bir ölkənintanınmasıüçünəvəzedilməz faktordur. Kino həm də, insanların dünyagörüşünü formalaşdıran, tarixi, milli adət-ənənələri yaşadan, həyatın bütün sahələrinə nüfuz edən güclü ideoloji silahdır. Geridə qoyduğumuz 2018-ci ili Azərbaycan kinosu üçün həm uğurlu, həm də uğursuz hesab etmək olar. İllərdir ki, yerli filmlərimizin istehsal olunmadığı və kinoteatrlarımızda xarici filmlərin at oynatdığını deyir və bundan giley edirdik. Aktyorlar, filmlərə çəkilə bilmədikləri üçün el şənliklərinə getdiklərini və gündəlik xərcliklərini çıxara bilmədikləri ilə bağlı şikayətlər edirdilər. 2018-ci ildə bu kimi şikayətlərlə az rastlaşdıq. Ona görə ki, telekanallarda yeni seriallar çəkildi, kinoteatrlarımızda isə müxtəlif səpkili, daha çox komediya janrının üstünlük təşkil etdiyi filmlər nümayiş olundu. 2018-ci ildə hər ay yeni komediya filmlərinin təqdimat gecələri keçirildi. Əslində yerli filmlərin istehsal olunması və onların kinoteatrlarımız ayaq açması müsbət, təqdirəlayiq haldır. Ancaq məsələnin başqa bir tərəfi də var. Bu da nümayiş olunan filmlərin hansı səviyyədə olmasıdır. Filmlərdə ötürülən mesajlara nəzarət olunurmu? Bu filmlərdə milli-mənəvi dəyərlərimiz qorunurmu? Dövlətin sifarişi ilə çəkilən sənədli, sanballı filmlər bu gün niyə azlıq təşkil edir. Tamaşaçılar niyə festivallara göndərilən filmlərə baxmırlar? Nə üçün komediya filmləri bu filmlərdən daha çox baxılır? Suallar çox, cavab isə...
Bir danılmaz həqiqət də var ki, bu problem hər zaman olub və yəqin ki, bundan sonra da olacaq. Festivallar üçün hazırlanan filmlərin janrı, çəkiliş sistemi, üslubu fərqli olub. Bu filmləri hər tamaşaçı qəbul edə bilmir. Biz də 2018-ci ilin statistikasına nəzər salmağa çalışdıq. Əsil kinodan anlayışı olanların zövqünə xitab edilə biləcək nə qədər filmlərin çəkildiyini araşdırmağa çalışdıq. Nəticə həm gülməlidir, həm də ağlamalı.
Əvvəla onu nəzərinizə çatdıraq ki, dekabrın 26-da 2018-ci ilin yekunlarına həsr olunmuş ilin kollegiya iclasında çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev milli kinonun inkişafı istiqamətində atılan addımlardan söz açıb. 2018-ci ildə Azərbaycan kinosunun 120 illik yubileyi çərçivəsində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb: "Nazirliyin dəstəyi ilə keçirilən 9-cu START Beynəlxalq Qısa Filmlər Festivalının müsabiqə proqramına 30 ölkədən 100 film təqdim olunub. Bu il 7 filmimiz dünyanın 13 ölkəsində keçirilmiş 17 beynəlxalq festivalda 20 dəfə iştirak edərək, 12 mükafat qazanıb. Eyni zamanda Azərbaycanda bir sıra ölkələrin kino günləri keçirilib, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması işləri davam etdirilib”.
Bu, nazirin fikirləri. Bəs görək, mütəxəssislər nə deyirlər. C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoruMüşfiq Hətəmovdan ötən il kino sahəsində hansı işlərin görüldüyünü xəbər aldıq: "2018-ci ili səmərəli hesab etmək mümkündür. Geridə qoyduğumuz 2018-ci ildə çimərlik mövzusuna həsr olunmuş Almaniya-Gürcüstan-Azərbaycan birgə tammetrajlı filmimiz ərsəyə gəldi. "Azərbaycanfilm”in tərkibində yaradılmış "Cinema klub”da bir sıra layihələrimiz oldu. Bu klubu yaratmaqda əsas məqsədimiz gənc istedadları sınaqdan keçirməkdən ibarətdir. Bu gənclərin iki qısametrajlı filmi beynəlxalq festivallarda iştirak etdi. Şəki mövzusunda sənədli filmi istehsal etdik. 2018-ci ildə nailiyyətlərimiz çox olub. Hazırda Mədəniyyət Nazirliyinin elan etdiyi prodüser mərkəzləri institutunun nəzdində 4 qısametrajlı filmin istehsalına başlayırıq. 2019-cu ildə qarşımızda duran məqsədlərdən biri gənc istedadların üzə çıxarılması, qısametrajlı və yaxud tammetrajlı filmlər istehsal etməklə yanaşı, Azərbaycan kinosunda 2019-cu ili "Kino islahatlar ili” kimi qeyd etməkdir. Əsas məqsədimiz kinostudiyanı kino sənaye parkına keçirmək, xarici investisiyanın Azərbaycana gətirilməsi yolunda əlimizdən gələni etməkdir. Artıq konsepsiyamız hazırdır. Bu konsepsiya mədəniyyət naziri Əbülfəs Qarayevə təqdim olunub. İslahatları yekunlaşdırmaq, yeni kino qanunlarının qəbul olunmasına nail olmaq, çox istedadlı, potensiallı gənclərimizi tanıtmaq əsas hədəfimizdir. İstedadlı gənclər yetişir və inanıram ki, onlar Azərbaycan kinosunun əvvəlki nüfuzunu qaytaracaqlar”.
M.Hətəmov bildirdi ki, 2018-ci ildə kinostudiyanın çəkdiyi filmlər 12 beynəlxalq festivalda mükafata layiq görülüb: "Azərbaycan filmləri dünyanın bir çox ölkələrində - 50-dən çox dövlətin kinoteatrlarında nümayiş olunub. Onlar bizim çəkdiyimiz yeni filmlərdir. Çəkilişlərə ötən ildən başlayan Rüfət Həsənovun "Daxildəki ada” filmi yekunlaşmaq üzrədir. Ümid edirəm ki, 2019-cu il festivallar baxımından bizim üçün çox uğurlu bir il olacaq”.
Kinoşünas Aygün Aslanlı deyir ki, 2018-ci il Azərbaycan kinosu üçün qlobal anlamda götürəndə, heç bir hadisə ilə yadda qalmadı: "Kinoya dair olan gözləntilərimiz heç də özünü doğrultmadı. 2018-ci il ölkə prezidentinin 2008-2018-ci illər üçün nəzərdə tutulmuş "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında”Sərəncamının bitdiyi il idi. 2008-ci ildə bu proqram hazırlanmışdı və onun həyata keçirilməsi barədə sərəncam verilmişdi. Orada nəzərdə tutulan əsas proqramların heç biri həyata keçirilmədi. Hansı ki, onlar həyata keçirilsəydi, Azərbaycan kinosuna xeyli faydası ola bilərdi. Orada keyfiyyətli filmlərin çəkilməsinə yardımçı olacaq şərtlər mövcud idi. Bu gün sevinirik ki, yerli filmlər çəkilir və nümayiş olunur. Azərbaycanda kinoteatrlar var, ancaq onlar ticarət mərkəzlərinin daxilində fəaliyyət göstərirlər. Onlar məhz kommersiya filmləri yayımlayırlar. Sənət kinosu dediyimiz dövlət filmlərinin yayımlanacağı bir məkanı yoxdur. Kino böyük ekran üçündür, bunun üçün kino zalları mütləqdir. Ticarət mərkəzlərində olan kino zalları isə pul qazanmaq üçün istifadə olunur. Əsl sənət filmlərinin tamaşaçısı az olduğundan, bu filmləri həmin kinoteatrlarda göstərmək onların sahiblərinə sərf etmir. Bunun üçün də, proqramda nəzərdə tutulmuşdu ki, kinoteatrlar şəbəkəsi yaradılmalıdır. Ancaq biz bunun əksini gördük, kinoteatrlarımız satıldı və... Kino haqqında qanun bu il də qəbul olunmadı. Əvəzində hansısa absurd qadağalar müzakirə olundu. Bunlar müzakirə olunsaydı, bəlkə bir faydası olardı”.
Aygün Aslanlı yeni gələn gənc rejissorlardan da söz açdı: "Kino sahəsində yeni simaları görürük, hansı ki, onlar sovet mentaliteti ilə böyüməyiblər. O gənclər heç kimdən heç nə gözləmədən özləri işləməyə çalışırlar. Onların sayəsində müstəqil kino inkişaf etməyə meyilllidir. Əvvəllər də elə rejissorlar vardı. Onlar heç kimdən heç nə gözləmirdilər, çalışırdılar, nələrsə əldə etməyə can atırdılar, hətta filmləri öz hesablarına çəkirdilər. Ancaq bu, az idi. Bu gün isə tez-tez yeni adlar eşidirik. Filmlərimiz olduqca əhəmiyyətli festivallara çıxıblar. Ötən il dövlət sifarişi ilə çəkilən filmlərdən yalnız "Nar bağı”nın adını eşitdim ki, o da bu il yox, ötən il çəkilib və bu il də festivalları gəzdi. Bu ilin yeniliyi o oldu ki, uğurlu festivallar - animasiya, START, Doku-Baku kimi kino festivalları keçirildi. Bu, çox gözəl haldır. Festivalsız, kinonun inkişafı mümkün deyil. Festivallar kinonun əsas təkanverici qüvvələrindəndir. Onların bərpa olunması çox gözəl idi. Bu il həmin festivallarda təşkilati komitəsində təmsil olunurdum. Rejissorların necə həvəsli olduqlarını görürdüm. Ümid edirəm ki, bu festivallar davam edəcək. Animasiya festivalı təşkilatçının öz hesabına keçirdiyi bir festival idi. Demək olar ki, dövlət təşkilatlarından bu festivalda iştirak edən olmadı. Halbuki bizdə animasiya filmləri inkişaf etməyib və bu sahənin böyük dəstəyə ehtiyac var. Gənclər bunu öz istək və həvəsləri ilə etmişdilər. Həmin filmlərə baxanda təəssüf hissi keçirirdik ki, bundan yaxşısı da ola bilərdi. Axı biz bu sahədə niyə geridə qalmalıyıq, niyə bizdə bu sahə inkişaf etmir?”
Aygün Aslanlı kommersiya filmləri ilə bağlı məsələyə də münasibət bildirdi: "Onların sayəsində ticarət mərkəzlərindəki kinoteatrlarda xarici filmlərlə yerli filmlərin rəqabəti yarandı. Hətta deyərdim ki, bu rəqabətdə yerli filmlər daha üstün mövqedədirlər. Onlara baxış və tələbat çoxdur. Könül istəyərdi ki, sənət filmləri də daha çox izlənilsin və tələbatlı filmlərdən olsun. Kommersiya filmləri çəkiləndə sevinmişdik ki, kommersiya kinosunun inkişafı sənət kinosuna yardım edəcək. Ancaq bizdə bu proses başlamayıb. Biz bunu səbirsizliklə gözləyirik”.
Kinoşünasdan 2019-cu ildən gözləntilərini də xəbər aldıq: "Gözləntilər hər zaman var. Deyirlər ümid xəstəlikdir, ancaq həmişə var, biz də ümidimizi heç vaxt itirmirik. 10 ildən çoxdur ki, gözlədiyimiz elə şeylər var ki, onlar baş vermir. 2019-cu ildə onların həyata keçməsinə bir təkan olacağına ümidim var Ümid edirik ki, 2019-cu ildə kinostudiya təmir bitəcək və kino çəkilişinə sərf etmək üçün vəsait olacaq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər