Milli ideologiyamız –azərbaycançılıq
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar
Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi "Milli-mənəvi dəyərlərimizin
qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması” layihəsi çərçivəsində "Milli ideologiyamız – azərbaycançılıq” adlı
təlim-konfrans keçirilib.
Toplantını giriş sözü ilə İctimai Birliyin sədri
filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlanə Mustafayeva açıb. O
bildirib ki, ölkəmizdə bütün vətəndaşları
birləşdirən vahid bir ideologiya – azərbaycançılıq mövcuddur. Azərbaycançılıq
ideologiyasının mahiyyətinin və məqsədlərinin dərindən bilinməsi, onun
qorunması harada yaşanmasından asılı olmayaraq hər bir azərbaycanlının borcu
olmalıdır. Mühafizəkar və liberal dəyərləri, etnik köklərindən və dini
inanclarından asılı olmayaraq bütün vətəndaşları tək bayraq, tək vətən altında
birləşdirən Azərbaycan ideologiyası güclü dövlət-güclü millət anlamını daşıyır.
Azərbaycançılıq ideyasının bütün millətimiz və dövlətimiz üçün ideoloji sistemə
salınması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə Heydər
Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu
istiqamətdə əsas prinsipləri müəyyən edib: "Siz düşünməyin ki, Azərbaycan bizim
üçün nə edib, düşünün ki, Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli
gedər, Azərbaycan diasporu da inkişaf edər. Harada doğulmağın fərqi yoxdur, əsas
odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin
daşıyıcısısan...”.Toplantıda millət vəkili Azər Badamov ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə yaranan diaspor təşkilatlarından, azərbaycançılıq ideologiyasının dünyada
tanıdılmasından və gənclərin bu istiqamətdə üzərlərinə düşən vəzifələrdən bəhs
edib.
Millət vəkili Eldəniz Səlimov ulu öndər Heydər Əliyevin
azərbaycançılıq ideologiyası üçün etdiklərindən, diaspor təşkilatlarının
qurulmasından, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasından danışıb.
Millət vəkili, professor Musa Qasımlı azərbaycançılıq
ideologiyasının etnik kökündən və dini mənsubiyyətindən asılı olmayaq, bütün Azərbaycan
vətəndaşlarını tək bayraq, tək millət, tək
dövlət, tək vətən ətrafında toplayaraq bir yerdə, mehriban şəraitdə yaşamasını
və quruculuğunu nəzərdə tutduğunu, dünya azərbaycanlılarını birləşdirdiyini
bildirib. Azərbaycan gəncliyinin azərbaycançılıq ideologiyasının təbliğindəki
rolundan söz açıb.Daha sonra müzakirə
edilən məsələyə dair suallara cavablar verilib və çıxışlar olub.