• şənbə, 20 Aprel, 08:01
  • Baku Bakı 14°C

Milli heykəltəraşlığımızın Fuad Əbdürrəhmanov zirvəsi - Fotolar

28.09.16 14:45 8041
Milli heykəltəraşlığımızın Fuad Əbdürrəhmanov zirvəsi - Fotolar
Elə sənətkarlar var ki, onların yaradıcılığı doğma torpaqla sıx bağlıdır. Bu mənada onlar üçün yurdun güc və ilham qaynağı olması da təbii qəbul olunur. Azərbaycanın xalq rəssamı, dövlət mükafatları laureatı, görkəmli tişə ustası Fuad Əbdürrəhmanov (1915-1971) belə yaradıcılardan sayılır...
Onun yurd sevgisinin nəhayətsizliyindəndir ki, yaratdıqları heykəllər ictimailəşdirdikləri gündən xalqın əvəzolunmaz mənəvi sərvətinə çevrilməklə, hər birimiz tərəfindən bənzərsiz qürur qaynağı kimi qəbul olunmaqdadır. Zamanın axarında onun Bakını və Gəncəni bəzəyən Nizami Gəncəvinin, paytaxtda qərarlaşan Səməd Vurğun, Mehdi Hüseynzadə və "Azadlıq” abidələrinin bədii gücünə görə zamansızlığa qovuşmaları da dediklərimizi təsdiqləyir.
Tanışlıq üçün deyək ki, Şəkidə dünyaya göz açan Fuad Əbdürrəhmanov ixtisas təhsilini əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun rəngkarlıq şöbəsində (1929-1932), sonra isə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsində (1935-1940) almışdır. Sənət vərdişlərinə Rusiyanın "Şimal paytaxtı”nda dövrünün məşhur plastika ustaları olan V.Sinayski, V.Boqatıryov və M.Manizerin emalatxanalarında yiyələnmişdir.
Əgər onun janr etibarilə rəngarəng olan yaradıcılıq yoluna nəzər salsaq, onda deməliyik ki, rəngkar təhsilli F.Əbdürrəhmanov ali təhsil almağa yollanana kimi özünün plastikaya olan sevgisini və bu sahədə professional vərdişlərə necə yiyələndiyini yaratdığı bir neçə portretdə göstərə bilmişdi. Bunlar hazırda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində nümayiş etdirilən mütəfəkkir M.F.Axundzadənin (1932), dramaturq C.Cabbarlı və Ə..Haqverdiyevin (1933), aktyor H.Ərəblinskinin (1934), bəstəkarlardan Ü.Hacıbəyli, M.Maqomayev və A.Zeynallının (1934) portretləridir. Sonradan görkəmli heykəltəraş kimi tanınacaq F.Əbdürrəhmanovun ilk plastika təcrübəsi kimi dəyərləndirilən bu portretlərində nə qədər realist-gerçəkçi sənət ənənələri duyulsa da, bu əsərlərdəki plastika özünəməxsusluğunu, geniş bədii ümumiləşdirmələrə meyl göstərməsini gənc tişə ustasının uğuru saymaq olar.
F.Əbdürrəhmanovun Şərqin görkəmli söz xiridarı Firdovsinin 1934-cü ildə 1000 illik yubileyinin keçirilməsi ilə əlaqədar təşkil olunan sərgiyə təqdim etdiyi "Atıcı” əsəri də gənc heykəltəraşın məna-məzmun baxımından daha əhatəli plastika nümunələri yaratmaq potensialına malik olduğunu sərgilədi.
Otuzuncu illərin sonu gənc F.Əbdürrəhmanovun yaradıcılığında silinməz iz buraxmışdır. Bu keçmiş SSRİ məkanında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsi ilə bağlı olmuşdur. O vaxta qədər şairin rəsmi qəbul olunmuş rəngkarlıq və heykəltəraşlıq portreti olmadığından onun yaradılması üçün müsabiqə keçirilmişdir. 1939-cu ildə elan olunan bu müsabiqədə o dövrün həm tanınmış, həm də yenicə yaradıcılığa başlayan heykəltəraşları iştirak edirdilər. 60-a qədər layihənin müəllifləri arasında M.Anikuşin, V.Petrov, V.Sinayski, K.Motovilov, K.Merabişvili, A.Manuylov, P.Sabsay, F.Əbdürrəhmanov, C.Qaryağdı və başqa sənətkarlar vardı. Açıq və qapalı keçirilən bu sənət yarışması bir-neçə mərhələdən sonra çoxlarının hələ yaxşı tanımadığı gənc Fuad Əbdürrəhmanovun qələbəsi ilə yekunlaşır.
F.Əbdürrəhmanovun yaratdığı həmin abidədə şair obrazını səciyyələndirə biləcək yüksək mənəvi-psixoloji tutumu duymaq və əyani görmək mümkündür. Başqa sözlə desək, üz cizgilərinin yaradılmasında rəssam Qəzənfər Xalıqovun (o, şairin rəngkarlıq portreti üçün keçirilən müsabiqənin qalibi olmuşdu) ərsəyə gətirdiyi portretə tapınan Fuad Əbdürrəhmanov sözün əsl mənasında xalqın xəyalında gəzdirdiyi obraza plastik tutum verə bilmişdi. Şairin tunc fiqurunda gerçəkləşən mənəvi zənginliyin və möhtəşəmliyin plastik təcəssümü kifayət qədər duyulan idi.
Əlavə edək ki, şairin müharibənin başlanması ilə təxirə salınan 800 illik yubileyi 1947-ci ildə təntənəli şəkildə qeyd olundu və bu münasibətlə onun Gəncədə F.Əbdürrəhmanov tərəfindən hazırlanmış abidəsinin ikinci variantının açılışı baş tutdu. Abidənin yüksək bədii-estetik dəyərə malik olmasını onun bir il sonra - 1948-ci ildə SSRİ Dövlət mükafatına layiq görülməsi də təsdiqlədi. Abidənin müsabiqədə qalib gəlmiş birinci variantının açılışı isə yalnız 1949-cu ildə keçirildi. Qeyd edək ki, hər iki abidədə bədii həllin plastikliyinin obrazın poetikliyinin açımını zənginləşdirən və təsdiqləyən uğurlu məqamları duyulası dərəcədə qabarıqdır.
F.Əbdürrəhmanovun 50-ci illər yaradıcılığında "Azadlıq” heykəlinin xüsusi yeri vardır, desək, yanılmarıq. Sovet dönəmində yaradılan bu əsərin ümumi məna-məzmun tutumunu sosialist ideologiyasının hakim mövqedə olduğu bir şəraitdə yaradıldığını nəzərə alsaq, onda onun zamanında "Azadlıq” (ona "Azad Azərbaycan qadını” da deyiblər) adlandırılmasını təbii saymaq olar. Etiraf edək ki, əllinci illərin sonlarında ilk eskiz-variantları yaranan bu əsərin belə təqdimatı demək olar ki, hər kəsin ürəyincə idi. Əgər əsərdə hər hansı ideoloji yükün ifadəsi qabarıq olsaydı, onda "Azadlıq” da 80-ci illərdə Azərbaycan məkanının bütün məsələlərin Azadlıq meydanında həll olunduğu dövrlərdə bir çox heykəllər kimi uçurdular, tarixin arxivinə göndərilərdi.
F.Əbdürrəhmanovun 40 - 50-ci illər yaradıcılığında yer alan bir çox portretlərində onun şəxsiyyətin daxili aləminə nüfuzetmə, obrazın səciyyəvi cəhətlərini üzə çıxarmaq bacarığını müşahidə etmək mümkündür. Bu mənada rəssamlardan Səttar Bəhlulzadə (1947) və Rüstəm Mustafayevin (1947), əmək qəhrəmanı Bəsti Bağırovanın (1951), şair Nizami Gəncəvi (1953) və Səməd Vurğunun (1957) portretlərinin adını çəkmək olar.
34 yaşına qədər Gəncə və Bakıda Nizaminin şərəfinə ucaldılmış iki gözəl abidənin müəllifi olan və birinci əsərə görə SSRİ Dövlət mükafatı alan gənc heykəltəraş sonrakı yaradıcılığında özündə yüksək bəşəri keyfiyyətləri cəmləşdirən və həm də monumentallığı ilə seçilən abidələr yaratmağa nail oldu. 1950-ci ildə hazırladığı "Çoban” heykəlinə görə 1951-ci ildə ikinci dəfə SSRİ Dövlət mükafatına layiq görülən heykəltəraşın Azərbaycanla yanaşı qonşu respublikalarda və dövlətlərdə ucaldılmış heykəllərə müəlliflik etməsi, ilk növbədə onun sənətinə olan inamın ifadəsi idi. Bakıdakı "Səməd Vurğun” (1961) və "Mehdi Hüseynzadə” (1973), Monqolustanın paytaxtı Ulan-Batorda ucaldılan Suxe-Bator və marşal X.Çoybalsanın heykəlləri (hər ikisi 1954), Buxarada Əbu Əli İbn Sinanın abidəsi (1975), Düşənbədə Rudəkinin heykəli (1964) və Sədrəddin Ayninin büstü (1964) bunun əyani göstəricisidir. Müəllifin 1966-cı ildə "Əbu Abdulla Rudəki” heykəlinə görə SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülməsi, həmkarları tərəfindən azərbaycanlı heykəltəraşın yüksək sənətkarlığının etirafı idi...
Heykəltəraşın altmışıncı illər yaradıcılığında monumental abidələrlə yanaşı, dəzgah plastikası nümunələri də geniş yer almışdır. Bu mənada onun yaddaqalanlığı birmənalı olan portretlərini xüsusi qeyd etmək lazımdır. "Gənc fəhlə” (1961), "Kubalı Xesus” (1963), "Peşə məktəbinin əlaçı tələbəsi Xəlilovun portreti” (1962), "Tacik şairi Rudakinin portreti” (1965), "Sədrəddin Ayninin portreti” (1965), "Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portreti” (1966), "Avtoportret” (1969) əsərlərində hər bir obraza xas olan səciyyəvi xüsusiyyətlərin yaddaqalan plastik tutum aldığını görmək mümkündür. Bu portretlərin uğurlu alınmasında müəllifin müxtəlif materiallardan (gips, mərmər, tunc) məntiqlə istifadə edilməsinin duyulası rolu olmuşdur.
Sonda deyək ki, zamanında sovet məkanının çox nüfuzlu tişə ustalarından sayılan Fuad Əbdürrəhmanov plastika sənətinin müxtəlif janrlarında işləsə də, onun yaradıcılığı bütövlüyü ilə seçilir. Elə bu bütövlük də onun sənətkar "mən”ini və dəst-xəttinin özünəməxsusluğunu şərtləndirmiş, adını ölməzliyə qovuşdurmuşdur...
Fəqan Qasımov,
Azərbaycan Rəssamlar İttifaqının üzvü

banner

Oxşar Xəbərlər