• cümə, 19 Aprel, 14:30
  • Baku Bakı 25°C

Milli həmrəylik, xalq-iqtidar birliyi sayəsində bu sınaqdan da üzüağ çıxacağıq

29.03.20 17:00 870
Milli həmrəylik, xalq-iqtidar birliyi sayəsində bu sınaqdan da üzüağ çıxacağıq
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün yüksək inkişaf yoluna qədəm qoyub, bütün sahələrdə hərtərəfli tərəqqi təmin olunub. Dövlətimizin başçısının apardığı islahatların nəticəsi olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, bütün irimiqyaslı sosial layihələr ölkəmizdə uğurla icra olunur. Martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin istifadəyə verilməsi də dövlətimizin sosial yönümdə reallaşdırdığı layihələrdən biridir.
Bu sözləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, dövlətimizin başçısı hər zaman Azərbaycan xalqının yanında olduğunu göstərib və Prezidentimiz bu gün də xalqımızla birlikdədir. Bəşəriyyəti vahiməyə salan koronavirusun (COVID-19) yaratdığı iqtisadi çətinliyə baxmayaraq, Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev bildirib ki, heç nəyə baxmayaraq bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur. Dövlətimizin başçısının bu sözləri bizi bir daha əmin edir ki, respublikamızın iqtisadi gücü artdıqca əhalinin rifah halı daha da yaxşılaşacaq.
Koronavirusun dünyanın inkişaf etmiş ölkələrini iflic vəziyyətinə salmasından danışan M.İbrahimqızı diqqətə çatdırıb ki, Azərbaycanda bu infeksiya ilə bağlı qabaqlayıcı tədbirlər vaxtında görülüb. Məhz bunun nəticəsidir ki, ölkəmizdə vəziyyət nəzarət altındadır. Vaxtında sərhədlərin bağlanması, bütün təhsil müəssisələrində tədrisin dayandırılması, eləcə də ictimai-iaşə obyektlərinin insanlara ancaq onlayn xidmət göstərməsi barədə tapşırıqlar, müəyyən qadağalar çox yerində verilmiş qərarlardır. Azərbaycan Prezidentinin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyətə başlaması vəziyyətə vahid qurumdan nəzarət etməyə imkan verdi.
"Xalqımızı bu çətin günlərdə həmrəyliyə, birliyə çağıran Azərbaycan Prezidenti əlavə məhdudlaşdırıcı tədbirlərin vaxtında görüldüyünü vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, biz bu addımları atmaqla özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə də yaşlı insanları qorumalıyıq. Çünki yaşlı insanlar riskli yaş qrupuna daxildir. Dövlətimiz bu gün əlindən gələni edir. Bu pandemiyaya qarşı mübarizədə vətəndaşlarımız kifayət qədər məsuliyyətli olmalıdırlar”, – deyə deputat diqqətə çatdırıb.
Koronavirusla mübarizədə tibb işçilərinin əməyinin alqışalayiq olduğunu vurğulayan M.İbrahimqızı qeyd edib ki, həkimlər, tibb bacıları bu günün qəhrəmanlarıdırlar. Onlar ön cəbhənin əsgərləridirlər, həyatlarını riskə ataraq xəstəliyə yoluxan insanları müalicə edirlər. Tibb işçilərinin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilib, Azərbaycan Prezidentinin Sərəncamı ilə xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Azərbaycan həkimlərinə minnətdarlıq edən və vətəndaşları onlara dəstək olmağa çağıran dövlət başçısı bildirib ki, həkimlərimiz doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər.
"Dövlətimizin həyata keçirdiyi tədbirlər ümumi məqsədə xidmət edir. Qəbul edilən qərarlar, tətbiq olunan qadağalar, karantin rejimi xalqımızın xəstəliklə mübarizədən az itkilərlə çıxması üçündür. Bu günə qədər əldə etdiyimiz uğurlar birliyimizin hesabına mümkün olub. Xalqımız çox məhrumiyyətlərdən keçib, sınaqlara dözüb. İnanırıq ki, milli həmrəylik, xalq-iqtidar birliyi sayəsində bu sınaqdan da üzüağ çıxacağıq”, - deyə deputat vurğulayıb.
banner

Oxşar Xəbərlər