AZE | RUS | ENG |


Milli düşüncəmizin izləri

Milli düşüncəmizin izləri
Bəri başdan deyim ki, bizim universitetdə təhsil aldığımız illərdə "Kaspi”inin  üzərindəki "Burjua qəzeti”dir damğasının ucbatından bu mətbu orqanın məram və məqsədindən ətraflı xəbərimiz olmadı. Doğrudur, mühazirədən kənarda müəllimlərimiz bizə bəzi həqiqətləri anlatmağa çalışırdılar, amma açıq deyim ki, tələbəliyin də öz qanunları vardı. Tələb olunmayan bilgilərə bəzən ciddi əhəmiyyət verilmirdi, ağır seminarlar, ciddi sorğular, imtahanlar tənəffüslərdə söylənilən söhbətləri ara sözləri kimi, çox halda unutdururdu. Dərsliklərdə yazılanları, mühazirələrdə deyilənləri öyrənirdik. Yaddaşımıza ilişənlər isə mürgüləyirdi. Dövlət müstəqilliyimizin bərpası, arxivlərin açılması qaranlıq mətləblərə aydınlıq gətirdi. Gizlədilmiş həqiqətlər üzə çıxdı. Hansı dolaylardan, keşməkeşlərdən keçdiyimiz bəlli oldu. Mürgülü bilgilərimiz də oyandı...

1881-ci ildə işıq üzü görmüş "Kaspi”nın indi 135 illiyidir. 38 yaşında fəaliyyəti dayanmış (dayandırılmış - daha doğrusudur-F.X.) və nəhayət 80 ildən sonra yenidən bərpa edilən bu üç əsrin qəzeti günümüzün məhz üç qəzetindən biridir. İstər-istəməz Əli bəy Hüseynzadənin çox sevdiyim misraları  məni yenidən uzaqlara apardı, hansı mənəvi-siyası ovqatdan keçdiyimizi bir daha yada saldı:

                             Ucundadı dilimin,
                             Həqiqətin böyüyü,
                             Nə qoydular deyəyim,
                             Nə kəsdilər dilimi...

Əlbəttə, "Kaspi” rusdilli qəzet olduğundan əvvəllər redaktorları da qeyri millətin nümayəndələri seçilib. Amma onun və mətbəəsinin H.Z.Tağıyev  tərəfindən alınması və nəşrinin Əlimərdan bəy Topçubaşov kimi bir millət aşiqinə etibar edilməsi qəzeti milli-düşüncəmizin tribunasına çevirdi. "Kaspi”nin müqəddəs vəzifələrindən biri təkcə Azərbaycanı deyil, Ə.B. Topçubaşovun təbirincə desək millətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün Qafqaz əhalisinin maarifləndirilməsiolmuşdu. "Tarıxı şəxsiyyətin tarixi” adlı kitabdan oxuyuruq: " ...Gündəlik bir qəzet olaraq "Kaspi”  Ə.B. Topçubaşovun redaktorluğu dövründə Həsən bəy Zərdabi kimi köhnə qəzetçini, Əhməd bəy Ağayev, Firidun bəy Köçərli, Haşım bəy Vəzirov, Rza bəy Xəlilov kimi mükəmməl təhsil görmüş, bacarıqlı qələm sahiblərini, işıqlı ziyalıları öz ətrafına toplayaraq rus dilli, milli düşüncəli mətbuat orqanına çevrildi”. Əli bəy Hüseynzadə də İstanbuldan "Kaspi”yə müxtəlif imzalarla yazılar göndərirdi. İsmayıl bəy Qaspıralı isə Əlimərdan bəy Topçubaşova görün nə yazırdı: " Yadda saxla ki... bütün müsəlman dünyasının gözü səndədir”.

Ə.B.Topçubaşovdan sonra qısa bir zaman kəsiyində qəzetin redaktorluğu Əli bəy Hüseynzadəyə tapşırılıb. 1907-ci ildən süqutuna qədər isə "Kaspi”nıin redaktorluğunu A.Veynberq yerinə yetirib. Təbii ki, qəzetin istiqaməti, ideyası, məqsədi dəyişməyib. Bir fakt da var ki, 1918-ci ildə erməni daşnakları Bakıda törətdikləri qırğınlar zamanı ilk top atəşinə tutduqları ünvanlardan biri də məhz "Kaspi”nın yerləşdiyi bina olub. İstər-istəməz 20 Yanvarda sovet-erməni əsgərlərinin ana televiziyamızın enerji blokunu necə vəhşiliklə dağıtmaları yada düşür. Eyni xətt, eyni məqsəd-əhali məlumatsız qalsın...

Tədqiqatçılar "Kaspi”ni həm də yarandığı gündən Azərbaycan mədəniyyətinin güzgüsü missiyasını yerinə yetirən mətbuat orqanı kimi dəyərləndiriblər. Qəzetə uğur gətirən  məsələlərdən əsası bu sayılırdı ki, "Kaspi”nin oxucu dairəsi geniş idi. Müxtəlif millətlər Azərbaycanın mənəvi-siyasi səhnəsində baş verən yeniliklərdən, ziyalılarımızın düşüncələrindən, bütövlükdə millətimizin ovqatından xəbər tuturdular. Təbii ki, dövrün abı-havasından, bir də məqalə müəllifinin xarakterindən asılı olaraq təzadlı yazılar da dərc edilirdi. Eyni nömrədə eyni sənətkar həm təriflənirdi, həm də tənqid atəşinə tutulurdu. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsərlərilə bağlı belə, yazılar "Kaspi” də yer alıb. Xalq yazıçısı  Mirzə İbrahimovun "Tufanlar kömək edən bir qələm” adlı kitabında Üzeyir Hacıbəylinin şəxsiyyət və yaradıcılığı böyük ehtiramla qələmə alınıb. Kimsə "Kaspi” qəzetində bəstəkarın əsərlərini tənqid edib ki, xalqla musiqi dili ilə deyil, onun başa düşəcəyi sadə bir dildə danışmaq lazımdır. Maraqlıdır ki, qəzet eyni zamanda opera və operetta yazmağın və tamaşaya qoymağın vacibliyini təsdiqləmək üçün Üzeyir Hacıbəylinin də cavablarını dərc edib. Fikir müxtəlifliyinə yer verməyi, oxucunu düşündürməyi və maarifləndirməyi bacardığı üçün də "Kaspi” ziyalıların diqqət mərkəzində idi.

İstər XIX əsrin sonlarında, istərsə də XX əsrin əvvəllərində (Yəni "Kaspi”nin fəalliyyət göstərdiyi zamanlarda - F.X.) yaşamış millətsevər, maarifpərvər, yaradıcı şəxsiyyət çox az tapılar ki, bu qəzetlə bağlılığı olmasın. Görünür, qəzetin ideyası, kütləviliyi, səviyyəsi, tərəfsizliyi, eləcə də cəsarət və dürüstlüyü  hər kəsi özünə çəkə bilirmiş. Mətbuat tariximizin "Kaspi” erası xüsusi dəyərə və əhəmiyyətə malikdir, desək yanılmarıq. "Mən millətimi sevirəm, çünki anamı sevirəm” deyən unudulmaz yazıçı və ictimai xadim Nəriman Nərimanovun məşhur "Nadanlıq” əsəri ilk dəfə 1895-ci ilin yanvarında tamaşaya qoyulmuşdu. "Kaspi” qəzeti bunu "müsəlmanların arasında görünməmiş bir hadisə” adlandıraraq yazırdı: ""Nadanlıq” dramı o qədər tamaşaçı cəlb etmişdi ki, teatra zorla yerləşirdi, hətta əlavə stullar da qoyulmuşdu”. Filologiya elmləri doktoru, professor Şamil Qurbanov "Nəriman Nərimanov” adlı əsərində qeyd edir ki, "Kaspi” bu böyük ziyalımıza həmişə səxavətlə  yer ayırıb. Ya onun əsərləri barəsində rəyləri, ya da öz yazılarını dərc edib.

Azərbaycanın ilk ali təhsilli, ziyalı xanımlarından olan Sona Axundova həm də adını ədəbiyyat tariximizə lirik şeirlər müəllifi kimi də həkk etdirib. Onun "Səda” qəzetində dərc edilmiş "Vətənim, vətənim...” xitablı şerini A.Vaynberq rus dilinə tərcümə edərək qəzetdə dərc etdirmişdi:

     Vətənim bəxtinə hər dəm çəkirəm həsrəti mən,
     Sevirəm Vətənimə sərf edilən qeyrəti mən.
     Nə səadət  Vətənimlə qazanam şöhrəti mən,
     Olmaram razı əgər cəhldə qalsa Vətənim,
     Vətənim qalsa əgər cəhldə yansın bu tənim.

Bu şerin "Kaspi”də dərcindən sonra Sona xanımı şəxsən tanımayan rus şairləri ona müxtəlif şeirlər, nəzirələr yazıblar.

Mətbuata qabaqcıl ideyaların aparıcı qüvvəsi kimi baxan, görkəmli publisist, tərcüməçi  Hüseyn Mınasazov ötən əsrin əvvəllərində yaşayıb yaratmışdır. "Publisistika onun əsas fəaliyyət sahəsi olduğundan mahir bir jurnalist, mübariz və yenilməz bir qələm sahibi kimi özünü dövrünün ədəbi ictimaiyyətinə tanıtmışdır” ("Açılmamış səhifələr” kitabından -F.X.). Qori Müəllimlər Seminariyasını bitirmiş, müəllimlik və publisistik fəaliyyətini qoşa aparan Hüseyn Minasazov bir müddət (təqribən 1903-cü ildən) "Kaspi qəzetində korrektor işləmişdir.

"Kaspi” sadəcə bir qəzet yox, həmdə dövrün bir sıra hadisələrindən, olaylardan xəbər tutmaq üçün çox dürüst və dəqiq mənbədir. Mətbuat tariximizdə mühüm yeri olan "İşıq” adlı ilk qadın qəzetini çox halda səhv olaraq qadın jurnalı kimi təqdim edirlər. Hətta bəzən tədqiqatçılar da bu yanlışlığa yol verirlər. Halbuki qəzetin ilk səhifəsində də qəzet sözü yazılıb. Elə bu barədə "Kaspi”də də məlumat var: " Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan "İşıq " qəzetinin ilk nömrəsi tatar dilində çapdan çıxmışdır. Qəzetə müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”( 22 yanvar, 1911-ci il).

...Nə xoş ki, bu gün "Kaspi” yenidən oxucuların görüşünə gəlir. Bir neçə missiyanı boynuna götürən qəzet söykəndiyi şərəfli ənənəni ləyaqətlə yerinə yetirir. Hətta qəzet içində qəzet də çıxarır "Kaspi”çilər. Bir dəfə demişəm, indi də təkrar etməkdən bir qələm sahibi kimi zövq aliram: qəlibsiz və qərəzsiz qəzetdir yenı "Kaspi”miz. Ona görə də "Kaspi”yə yazmaqdan qürur duyuram.  Müəllifləri də çoxdur, əhatə dairəsi də genışdir. Ənənəni yaşada bilmək ustalıqdır. Müasir "Kaspi”miz də ustadların və peşəkarların redaktəsindən, millət və vətən sevgisindən keçir. Təsisçisini də, redaktorunu da - bir sözlə bütün kollektivini alqışlayıram. Bu 135 illikdə onların da öz əməkləri var. Olmuşları xatırlatmaq, yaşatmaq təkcə vətəndaşlıq deyil, həm də qələmdaşlıq sədaqəti və borcudur.
 
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020