MİLLİ DƏYƏRLƏRƏ TAPINANDA...
Sənətsevərlər arasında "Azərbaycan rəngkarlığının
kraliçası” ayaması ilə tanınan Vəcihə Səmədova
1965-ci ildə dünyasını dəyişəndə 41 yaşı vardı, o vaxt Şağan kənd məktəbində oxuyan balaca Sənubərin
isə səmisi 10 yaşı vardı. Obrazlı desək,
biri əbədiyyətə qovuşurdu, digəri isə gələcək arzularına doğru gedirdi. Bu bənzətmə bu ilin sentyabr ayında Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova
adına salonunda Sənubər Səmədovanın yubiley sərgisinin açılışında ağlıma gəldi.
Sənubər bizdən bir qədər öndə mikrafon
qarşısında dayanıb sərgiyə gələnlərə təşəkkürünü bildirəndə, onun arxadan görünən
başının məşhur rəssamın burada qoyulmuş mərmər portreti ilə qoşalaşması mənə
yuxarıda qeyd etdiyim müqayisəni xatırlatdı. Belə ki, həmin günü bir Səmədova
digər Səmədovanın qarşısında yaradıcılıq hesabatı verirdi...
Qənaətimizcə, onların əsərlərinin bədii tutumu arasında heç bir anım yaradıcı məziyyət
olmasa da, sənətə münasibətlərində yaxınlıq kifayət qədərdir. Doğrudan da bu
gün heç də asan olmayan ailə qayğılarını da çiynində daşımaqda davam edən Sənubər
xanımın əsərlərində də "kişi biləkli” Vəcihə xanımın yurdumuza və onun çoxsaylı
milli dəyərlərinə yaradıcı münasibəti ilə səsləşən-assosiasiya yaradan bədii-mənəvi
məqamlar kifayət qədərdir...
Əgər həm dünya, həm də Azərbaycan təsviri və tətbiqi
sənətinin çoxəsrlik tarixinə nəzər salsaq, onda onun güzəştsizliyi birmənalı
olan "yaddaş saxlancı”nda yalnız yaradıcılığında milli dəyərlərə tapınmaqla
özünəməxsusluq nümayiş etdirən rəssamların qaldıqlarına əmin olmaq mümkündür.
Sizə haqqında söz açmaq istədiyimiz Sənubər Səmədovanın yaradıcılığının
çoxlarının arzuladığı bu zamansızlığa qovuşacağı da müasir dövrdə nümayiş
etdirdiyi fərdi və fərqli sənətkarlığa görə birmənalıdır, desək, yanılmarıq.
Aşağıda əsərlərinin bədii-estetik dəyərindən söz açanda özünüz də buna əmin
olacaqsınız...
Tanışlıq üçün deyək ki, o, Abşeronda dünyaya göz
açıb. İxtisas təhsilini əvvəlcə məşhur "Əzimzadə məktəbi”ndə, sonra isə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. M.Abdullayev, L.Kərimov,
B.Mirzəzadə, T.Şıxəliyev və R.Rəfizadə kimi tanınmış sənətkarlardan peşəsinin
sirlərini öyrənib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan və uzun
illər ərzində A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında, hazırda isə Azərbaycan
Dövlət Pantomim Teatrında rəssam vəzifəsində çalışan Sənubər Səmədovanın
onların yaradıcılığından və tövsiyələrindən faydalanması
danılmazdır. Bu məşhurların hər birindən
onun sayagəlməz bədii-texniki vərdişləri
əxz edəcəyinin ehtimalı qarşısında, bu gün dəfələrlə ictimailəşən
yaradıcılığında həmin tanınmış simaların əsərlərinin estetikasının milli dəyərlərə
tapınmış işartılarını görmək mümkündür. Odur ki, onun istər rəngkarlıq və
qrafika, istərsə də tətbiqi sənət nümunələrinin qarşısında dayanıb onlarla
mükalimə aparanda hiss edirsən ki, bu əsərlər nə qədər sirr qatına bələnsələr də,
"ünsiyyət dilləri” doğma və anlaşıqlı, bütövlükdə isə duyğulandırıcıdır...
Orta ixtisas məktəbində tərtibat sənətini, ali məktəbdə
isə xalçaçılığı öyrənən Sənubər Səmədova nədənsə bu sahələrin heç birinin
davamçısı olmayıb. Amma yaratdıqlarında bu sənət sahələrinin hər birinin təsirini
görmək mümkündür. Onun Kukla Teatrında tamaşaya qoyulan əsərlərin obrazlarının
milli tutum almalarında heç şübhəsiz xalça sənəti estetikasından qaynaqlanan bəzək
elementləri kifayət qədərdir. Əli
Səmədlinin «Cubbulunun çərpələngi»,Mərkəz Quliyevin «Dovşanın məhkəməsi», Kəmalə Ağayevanın
«Göyçək Fatma», Rəhman Əlizadənin «Eramızdan milyon il əvvəl», «Ələkbər əmi
gülüş planetində», «Ələkbər əmi divin qəsrində», «Dəcəl çəpişlər, belə-belə işlər»,
Əli Səmədlinin «Cik-cik xanım», Özel Arabulun «Dəniz dibində zəng səsi», Qrim
qardaşlarının «Bremen musiqiçiləri», Aygün Bunyadzadənin «Kral», Abdulla Şaiqin
«Tıq-tıq xanım» və sair tamaşaların tərtibatı da bunun təsdiqidir. Əli Səmədlinin «Cik-cik xanım» tamaşasının
quruluşçu rəssamı kimi «Qızıl
Dərviş» mükafatına layiq görülməsi də onun bu sahəyə verdiyi töhfələrin rəsmi dəyərləndirilməsidir.
Elə taxtadan hazırlanmış obrazların tərtibat
örtüyündə də milli mənəvi qaynaqlardan əxz olunan bədii tutum elementləri az
deyil. Qənaətimizcə, müəllimləri ilə yanaşı bu prosesdə onun bənzərsiz
Abşeron-Şağan təbiətinin, mənəvi-estetik dəyərlərinin də danılmaz rolu
olmuşdur, desək, yanılmarıq. Sənubər xanımın rəngkarlıq və qrafik irsinin məna-məzmun
tutumunda məşhur "Abşeronçu” sələflərinin sənətə baxışları arasında müəyyən
oxşarlıq mövcuddur. Belə ki, onun da maraq dairəsində süni pafosdan uzaq,
bilavasitə görünənlərin və yaşananların bər-bəzəksiz bədii əksini görmək
mümkündür. Bu mənada onun "Yun çırpan”, "Sap boyayan”. "Süpürgəçi”, ”Dərviş”,
"Südçü”, "Dəyirmançı”, "Qadın və təndir”, "Yuxa yayan”, "Qadın və bardaqlar”, "Süpürgə
satan” və s. əsərlərinin adını çəkmək olar. Bu əsərlərdə məna-məzmun daşıyıcısı
olan obrazları və onları zənginləşdirən detalları neytral fon-yerlikdə təqdim
edən rəssam, ilk növbədə onların cəlbediciliyinə nail olmuşdur. Bədii şərhinə
görə həm qədim miniatürlərlə, həm də görkəmli qrafika ustası Ələkbər
Rzaquliyevin linoqravürləri ilə anım yaradan bu lövhələrdə bədii şərhin
lakonikliyə və bədii ümumiləşdirməyə bələnməsi, onlara milli çalar bəxş etməklə,
həm də motivlərin sadəliyində hifz olunan estetik qaynaqların
duyğulandırıcılığına nail olmuşdur.
Rəssamın həmin sadə peşə sahiblərinin əhatələndiyi
məkana münasibətində də özünəməxsus bədii şərtilik duyulmaqdadır. Gördüyü adi
motivləri yaradıcı təfsirə məruz qoyan Sənubər xanım müşahidə etdiyi yerlərin
tanınanlığını şərtləndirən səciyyəvi detallı əsərlər yaratmaqla, onların həm də
cəlbediciliyini və düşündürücülüyünü sərgiləmişdir. Onun "Bakı damları”, "Kənd
yolu”, "Nağıl şəhəri”, "Alma bağı”, "Abşeron” və "Payız” lövhələri bu qəbildəndir.
Yaradıcılıq axtarışlarına zaman məhdudiyyəti
qoymayan rəssam, uzaq-yaxın keçmişimizə aid mövzu və motivləri eyni uğurla bədiiləşdirir.
Əgər "Döyüşçü”, "”Prometey”, "Dədə Qorqud”, "Merac”, "Vurğun Şekspir”, "Xosrov
və Şirin”, "Şahzadə”, "Şair”, "Çarmıxda” və "Qala” lövhələri tarixiləşənlərə bədii
münasibətdirsə, "Təcazüzkar”, "Azadlıq”, "Şərə qarşı” və "Qurban” əsərləri
yaşadığımız təzadlarla dolu zamana ünvanlanan bədii suallardır.
Sənubər xanım əski rəssam sələfləri kimi əsərlərində
ifadə yığcamlığına və şərtiliyə meylli olsa da, ən müxtəlif insani yaşantıları
bədiiləşdirmək və obrazlı tutumda təqdim etmək gücündədir. "Yağışın göz yaşları”, "Məhəbbət”, "Tənhalıq”,
"Pıçıltı”, "Sevgi” və digər əsərlərində rəssamın insan talelərinə tutduğu "bədii
güzgü”də bədii ümumiləşdirmələr qabarıq duyulsa da, acılı-şirinli yaşantıların
təsir gücünü də duymaq mümkündür...
Rəssamın taxtadan hazırladığı kiçik kuklaları
"milli tipajların məcmusu” da adlandırmaq mümkündür. Çoxəsrlik tarixə malik
olan dekorativ-tətbiqi sənətimizdə oxşarı olmayan bu nümunələr həm formasına, həm
də bəzək örtüyünə görə çox orijinaldırlar. Qənaətimizcə, ümumi görünüşünə görə
müəyyən qədər məşhur matryoskalarla anım yaradan bu fiqurlar sözün əsl mənasında
milli-bədii atributa çevrilmək gücündədirlər. Belə ki, bədii tutumu çoxdan
kanonlaşan matryoşkalardan fərqli olaraq Sənubər xanımım fiqurlarında Azərbaycan
cəmiyyətini təşkil edən müxtəlif təbəqələri və peşə adamlarının obrazlarını
görmək mümkündür. Onun kişi və qadın
musiqiçiləri, müxtəlif bölgələrə xas geyim növlərini, mətbəximizi,
etnoqrafiyamızı, heyvanat aləmini, təbiət motivlərini özündə yaşadan
fiqurlarında gözoxşayan bədii-estetik məqamlar kifayət qədərdir. Onlardan milli
mənəvi dəyərlərimizin təbliğində çox uğurla istifadə etmək olardı...
Bu gün milli rəssamlıq məkanında dünyaya özünəməxsus
baxışı ilə seçilən Sənubər Səmədovanın sənətinin şöhrəti çoxdan uzaqlara
yayılıb. Ankarada(2003) və Bakıda (2006 və 2016) təşkil olunmuş fərdi sərgilərinin
uğuru, müxtəlif mükafatlara layiq görülməsi,
yaratdığı
müxtəlif qrafik əsərlərin və kuklaların Türkiyədə, Danimarkada, Avstraliyada,
Amerikada və İndoneziyada şəxsi kolleksiyalarda saxlanması da bunu təsdiqləyir.
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
1987-ci ildən
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında quruluşçu rəssam vəzifəsində
çalışır.
1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının
üzvü olanSənubərSəmədovaƏli Səmədlinin «Cubbulunun çərpələngi»,Mərkəz Quliyevin
«Dovşanın məhkəməsi», Kəmalə Ağayevanın «Göyçək Fatma», Rəhman Əlizadənin
«Eramızdan milyon il əvvəl», «Ələkbər əmi gülüş planetində», «Ələkbər əmi divin
qəsrində», «Dəcəl çəpişlər belə-belə işlər», Əli Səmədlinin «Cik-cik xanım»,
Özel Arabulun «Dəniz dibində zəng səsi», Qrim qardaşlarının «Bremen musiqiçiləri»,
Aygün Bunyatzadənin «Kral», Abdulla Şaiqin «Tıq-tıq xanım» və sair tamaşaların
tərtibatçı rəssamı olub.
Əli Səmədlinin
«Cik-cik xanım» tamaşasının quruluşçu rəssamı kimi «Qızıl Dərviş» mükafatına
layiq görülüb.
2003-cü ildə
Ankarada, 2006-cı ildə Bakıda fərdi sərgisi olub.
Bundan savayı
onun bir çox gözəl rəsm əsərləri müxtəlif illərdə respublika və ümumittifaq sərgi
salonlarında nümayiş olunmuş və mükafatlara layiq görülmüşdür. Onun yaratdığı
müxtəlif qrafik listlər və kuklalar Türkiyədə, Danimarkada, Avstraliyada,
Amerikada, İndoneziyada şəxsi kolleksiyalarda saxlanılır.