• cümə, 29 Mart, 03:14
  • Baku Bakı 7°C

Millətə xidmətin salnaməsini yaradan Parlaman sədri - CÜMHURİYYƏT-100

14.02.18 12:00 992
Millətə xidmətin salnaməsini yaradan Parlaman sədri  - CÜMHURİYYƏT-100
Şəxsiyyətləri, heç bir hakimiyyət və onun amansız "qayda-qanunlar”ı tarixdən silə bilmir. Çünki onlar tarixin şəxsiyyəti olaraq tarixi yaradır. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və qurucularından biri olan Əlimərdan bəy Topçubaşovla bağlı tarix milli dirilik fəlsəfəsini özündə yaşadan bir tarixdir. O, tarix ki, Əlimərdan bəyi Rusiya müsəlman xalqlarının lideri və Azərbaycan tarixinin ən önəmli və nadir şəxsiyyəti kimi yetişdirərək "azərbaycanlıların ümmətdən millətə keçid prosesini öz çiynində apara bilən” aydınlardan birinə çevirdi.
"Millətə xidmətin canlı bir salnaməsini yaradan” Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov(Topçubaşi) 1863-cü ildə bir yaz axşamı Tiflisdə dünyaya gəlib. Valideynləri körpəyə ulu babası Əlimərdan Topçuoğlunun adını vermişlər ki, o da babası kimi cəsur, xeyirxah olsun. Baba Əlimərdan bəy bir neçə il gürcü çarının sarayında yüksək dövlət qulluğunda xidmət etmiş, topçu alayının rəisi olmuş və bu nəslin Topçubaşov soyadı da elə burdan qaynaqlanır.
Əlimərdan bəyin atası Ələkbər bəy də çar ordusunda xidmət etmiş, 1845-ci ildə müsəlmanlardan ibarət taqımının komandiri təyin edilmişdi.
Arxiv sənədlərindən və tədqiqat əsərlərindən belə aydın olur ki, Əlimərdan bəyin 5-6 yaşı olanda (1868-ci ildə) atası Ələkbər kişi dünyasını dəyişir, az sonra da anası Sevər xanım ömrünü övladlarına bağışlayır. Körpə Əlimərdan qəlbini ovsunlayan və yüksək mənəvi keyfiyyətlərə malik olan nənəsinin qayğısı ilə böyüyür. İlk mədrəsə təhsili alan Əlimərdan bəy sonra rus dilində fəaliyyət göstərən Tiflis Birinci Klassik Gimnaziyasında təhsilini davam etdirib.
1884-cü ildə Gimnaziyanı əla qiymətlərlə başa vuran Əlimərdan bəy həmin ilin yayında Peterburq İmperator Universitetinin tarix-filologiya fakültəsinə daxil olur. Əlimərdan bəy Peterburqda təhsilə başlayanda Topçubaşov soyadı paytaxtın elmi və siyasi dairələrində tanınmış bir familiya idi. Topçubaşıoğlu nəslindən olan Mirzə Cəfər Topçubaşov yalnız Peterburq Universitetində deyil, Rusiya arxeoqrafiya komissiyasında və imperiyanın Xarici İşlər Nazirliyinin Asiya departamentindəki fəaliyyətlərinə görə, çox məşhur idi və dəfələrlə hökumət tərəfindən yüksək mükafatlarla təltif edilmişdi. 1885-ci ilin yanvar ayının 25-də Əlimərdan bəy universitetin rektoruna müraciət edərək, tarix-filologiya fakültəsindən hüquq fakültəsinə keçməsinə icazə verməsini xahiş edir və həmən ilin 29 mayından hüquq fakültəsində təhsilini davam etdirir.
Ə.Topçubaşovun təhsilinin son illərində Rusiyada həm siyasi, həm iqtisadi vəziyyət gərginləşir. İmperator II Aleksandrın vəfatının ildönümündə - 1887-ci ilin mart ayının 1-də rus çarı III Aleksandra qəsd edilməsi bütün imperiyanı lərzə salır. Qəsdin izlərinin Peterburq Universitetinə gəlib çıxması bütövlükdə bu təhsil ocağını ağır repressiya və təqiblərə məruz qoyur. Bu, Əlimərdan bəydən də yan keçmir. Gizli dərnəklərdə iştirakına görə, III kurs tələbəsi Ə.Topçubaşov 1887-ci ildə universitetdən xaric edilərək, paytaxtda yaşamaq hüququndan da məhrum edilir.
Bu haqsızlıqla heç cür barışmayan Əlimərdan bəy, dəfələrlə universitet rəhbərliyinə müraciət edir. O, uzun-uzadı yazışmalardan, xüsusən də müəllimi, professor Nikolay Lvoviç Dyuvernuanın himayəsi nəticəsində 1888-ci ildə universitetdə təhsilini davam etdirərək sonuncu semestri də uğurla başa vurub, buraxılış işi kimi yerli özünüidarə haqqında dövlət hüququndan namizədlik işi müdafiə edir. Müəllimləri onun universitetdə saxlanmasını təklif etsələr də, bu baş tutmur. Çünki ona dinini dəyişmək təklif edilir. Əlimərdan bəy isə xristianlığı qəbul etməkdən imtina edir.
Əlimərdan bəy Peterburq Universitetində qala bilmir və 1889-cu ildə Tiflisə dönür. Millətinin hüquqlarını müdafiə edən, sonralar "milli mübarizənin vəkili” kimi tanınan Əlimərdan bəy, ilk olaraq Tiflis Dairə Məhkəməsində işə başlayır. Çox qısa vaxtda məhkəmə katibliyindən müşavir rütbəsinə ucalan Əlimərdan bəy millətinin maraqlarının müdafiəçisinə çevrildiyi üçün hakimiyyət idarələrinin təhdidlərinə dözməli olur.
Əlimərdan bəy Tiflisə budəfəki dönüşündə həm də "xilaskar mələyi”nə qovuşur. O, 1893-cü ilin dekabrında Həsən bəy Zərdabinin Tiflis Gimnaziyasında oxuyan qızı Pəri xanımla ailə həyatı qurur. Maddi durumu Əli Mərdan bəyə el adətincə toy etməyə imkan verməsə də, xoşbəxtlikdən bu izdivac uğurlu olur. 1896-cı ildə Əlimərdan bəy ailəsi birlikdə Bakıya köçür. Bəzi tədqiqat əsərlərində 1894-cü il qeyd edilir. Bu tarix yanlışdır. Tədqiqatçı alim C.Həsənli yazır: "Əlimərdan bəyin böyük oğlu Ələkbər bəyin tərcümeyi-halında onun 1896-cı ilin sentyabr ayının 30-da Tiflisdə doğulduğu bildirilir”. Bu özü də Əlimərdan bəyin ailəsinin 1896-cı ilin payızında Bakıya köçdüyünə dəlalət edən bir faktdır”. Onun Bakıya gəlişi yerli əhali üçün əvəzsiz bir tapıntı olur. Şəhərin bütün ictimai-siyasi işlərində yaxından iştirak edən Əlimərdan bəy, 1897-ci ilin oktyabr ayında Həsən bəy Zərdabi ilə birlikdə Bakı Şəhər Dumasının üzvü seçilir. Bu o zaman idi ki, Bakı tədricən gənc Azərbaycan ziyalılarının cazibə mərkəzinə çevrilirdi. Az bir vaxtda Əlimərdan bəy rusdilli "Kaspi” qəzetinin redaktoru və "Nicat” Maarif Cəmiyyətinin sədri kimi yalnız Bakıda deyil, Qafqazın digər şəhərlərində də xeyirxah bir insan kimi tanındı” və Azərbaycandakı yeniləşmə hərəkatının önündə addımladı. Məhz Əlimərdan bəyin "Kaspi”yə redaktorluğu dövründə qəzet Azərbaycanın siyasi-iqtisadi və mənəvi həyatında mühüm rol oynamış, milli ruhlu ziyalıları ətrafına toplaya bilmişdir.
Əlimərdan bəy qısa müddətdə milli hərəkatın liderinə çevirdi və o, Rusiyada yaşayan bütün türklərin, müsəlmanların azadlığı uğrunda mübarizəyə qalxdı. Bu mübarizə onu siyasi təqiblərə məruz qoydu. 1907-ci ilin fevral ayında onun Bakı Şəhər Duması üzvlüyündən azad edilməsi məsələsi müzakirəyə çıxarıldı. Bir sıra deputatların müqavimətinə baxmayaraq, bu göstəriş hökumət dairələrindən gəldiyi üçün Əlimərdan bəyi şəhər Dumasından çıxartdılar. Hökumət ona daha möhkəm "dərs” vermək üçün "Krest” həbsxanasına saldı. Amma bunlar Əlimərdan bəyi milli mücadilə yolundan döndərə bilmədi.
1917-ci il. Rusiyada baş verən hadisələr Azərbaycanda vəziyyəti gərginləşdirdi. Artıq Bakı tədricən Qafqaz türklərinin siyasi və mədəni mərkəzinə çevrilirdi. 1917-ci il aprelin 15-də Bakıda Qafqaz müsəlmanlarının Bakı qurultayı keçirildi və qurultaya rəhbərlik Əlimərdan bəyə həvalə edildi. Qurultaydan dərhal sonra Əlimərdan bəy sədri olduğu Cənubi Qafqaz Müsəlman Milli Komitəsinin xüsusi missiyası ilə Moskvaya yola düşdü və Ümumrusiya Müsəlmanlarının Moskva Qurultayı 1917-ci ilin may ayının 1-də keçirildi.
1917-ci ilin oktyabrında Rusiyada baş verən inqilab Bakıda hərtərəfli "çevriliş”ə səbəb oldu. Bu qarma-qarşıqlıqdan istifadə edən ruslar və ermənilər silahlanaraq 1918-ci ilin mart ayının son günlərində Bakıda və ətraf rayonlarda müsəlmanlara qarşı soyqırımı törətdilər. Yerli müsəlman bolşeviklərinin də bu hadisələrdə yaxından iştirakı Əlimərdan bəy üçün gözlənilməz oldu. Çünki, bəzilərinin bir gecədə "bolşevik”ə çevrilməsi Əlimərdan bəyi, sözün tam mənasında, sarsıtdı.
Bəzi mənbələrdə qeyd edilir ki, 1918-ci ilin mart faciəsində Əlimərdan bəy iki dəfə ermənilər tərəfindən həbs edilir və hər ikisində də onu həbsxanadan Bakıda uzun müddət andlı iclasçı işləmiş Yakov Nikolayeviç Smirnov zaminə götürür. Lakin professor Ş.Hüseynov "Nadir şəxsiyyət, qeyri-adi nazir və Parlaman sədri” sərlövhəli məqaləsində yazır: "...bakılılar öz himayədarlarını gizlətməyi və qorumağı bacarmışdılar. Bir versiyaya görə, o, Şamaxıda sığınacaq tapmışdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan istiqlalı elan edilərkən Topçubaşov Bakı quberniyasında gizlədilmişdi... Yalnız 1918-ci il avqustun ortalarında türk-Azərbaycan silahlı qüvvələri bolşevik-daşnak ordusunu sıxışdıraraq Bakı quberniyası sərhədlərinə yaxınlaşdığı vaxt, Əli Mərdan bəy düşmənlərin gözündən yayınıb türk ordu hissələrinin nəzarəti altında olan əraziyə keçməyi bacarmış və Gəncəyə gəlmişdi”.
Və nəhayət, 1918-ci ilin qızmar avqust günləri. Bakı uğrunda amansız döyüşlərin getdiyi zaman, Əlimərdan bəy müstəqil milli dövlətin dünyada tanınması üçün mübarizəyə qalxdı. Yeni hökumət onu Osmanlı imperiyası ilə diplomatik əlaqələrin bərqərar edilməsi üçün Fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərdi. Nazirlər Şurasının qərarı ilə hökumətin üzvü kimi ona bütün səlahiyyətlər və hüquqlar verildi. O, İstanbulda 1918-ci ilin 2 oktyabrından 1919-cu ilin 16 yanvarına kimi 36 rəsmi görüş keçirmiş, danışıqlar aparmışdır. Ən əsası, Ə.Topçubaşov İstanbulda yaratdığı "Azərbaycan Mətbuat Bürosu” ölkə haqqında məlumat toplamaq, yaymaq və Azərbaycanı xaricdə tanıtmaq işində mühüm işlər görmüşdür. 1918-ci il 7 dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti elə ilk iclasında M.Ə.Rəsulzadənin təklifi ilə bu zaman İstanbulda olan Ə.Topçubaşovu, qiyabi olaraq Parlamentin sədri seçmişdir. Dekabrın 28-də Azərbaycan Hökumətinin və Parlamentin ağsaqqallar şurasının birgə iclasında Ə.Topçubaşov Paris Sülh Konfransına (1919-20) göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olundu və İstanbuldan birbaşa Parisə yola düşdü.
Çox böyük çətinliklərlə Parisə gəlib çatan nümayəndə heyəti məhz Ə.Topçubaşovun rəhbərliyi ilə aparılan danışıqların, görüşlərin nəticəsi olaraq İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsinin gündəliyə salınaraq, müzakirə olunduğu yığıncaqda, bilavasitə ABŞ prezidenti Vilsonun Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanıması və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifi qəbul edilmişdir. Bu, nümayəndə heyətinin böyük qələbəsi idi.
27 aprel 1920-ci il. Azərbaycanın Sovet Rusiyasının XI Qırmızı ordusu tərəfindən işğal edildiyi gün. Bu işğal onlarla, yüzlərlə Azərbaycan aydınlarını yenidən azad Azərbaycan uğrunda mübarizəyə sövq etdi. Onlar vətənindən, doğmalarından uzaq düşərək mühacirətdə məhrumiyyətlərlə dolu bir ömür yaşasalar da, bu müqəddəs işi davam etdirdilər. Ə.Topçubaşov da onların arasında idi. O, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak etmiş, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunması və bolşeviklərin törətdikləri cinayətlər haqqında geniş məlumat vermişdir.
1927-ci il Əlimərdan bəy üçün ilk gündən yaxşı olmadı. İlin ilk ayı 25 yaşlı oğlu Rəşidi itirir. Lakin onun ölümü belə Əlimərdan bəyi məqsədindən döndərə bilmir. "İstərdim ki, mənim şəxsi dərdim ümumi işlərdən hər hansının yubanmasına səbəb olmasın. Ona görə də yaşadığım matəm günlərinin bütün ağırlığına baxmayaraq, mən nümayəndəliyin işlərini aparmağa hazır olmağı öz borcum hesab edirəm” deyirdi. Əslində Əlimərdan bəyin nümayəndə heyətində də işləri qaydasında deyildi. Heyətdəki bəzi narazılıqlar "Azərbaycan Sülh Heyəti”ni iki yerə parçalamışdı. Xüsusilə 1928-ci ilin dekabr ayının 18-də keçirilmiş səs-küylü iclasdan sonra heyət üzvləri müxtəlif mövqelərdə dayandılar. Bu qarşıdurmalar, Rəşidin ölümü ilə barışa bilməməsi, ailənin maddi çətinliklərə məruz qalması Əlimərdan bəyin səhhətində ciddi problemlər yaratdı. "Bilmirəm bu arzuolunmaz vəziyyətdən necə çıxacağam. Təpədən-dırnağacan borcun içindəyəm. Bütün gücümü toplayıram ki, dözüm və soyuqqanlılıqla silahlanmağa səfərbər olum” - söyləyən Əlimərdan bəyin yeganə təsəllisi "xalqa xidmətdə mən təsəlli tapıram” deməsi idi.
1934-cü ilin 5 noyabrı. "Bütün həyatını Azərbaycanın, o cümlədən bütün Qafqaz xalqlarının azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşov qərib diyarda, vətən həsrətilə əbədi olaraq gözlərini yumdu. Həyata "dava vəkili” olaraq girmiş Əlimərdan bəy, xalqının yaddaşında "milli davanın vəkili” olaraq qaldı. Azərbaycanın Avropada ilk təmsilçisi. O, bu missiyanı elə şərəflə, ləyaqətlə yerinə yetirdi ki, yüzilliklər keçsə belə, onun adı yaddaşlardan silinməz!
Ə.Topçubaşovu son mənzilə yola salarkən, M.Ə.Rəsulzadə nitqinin sonunda demişdir: "Çox çəkməz, məmləkət qurtular: və o zaman mütəşəkkir (minnətdarlığını bildirən) millət ilk parlamentinin rəisini, istiqlal davasının vəkilini xatırlar”. Bəli, bu gün canını fəda etdiyin məmləkətin azaddır. Rahat uyu, milli davanın müdafiəçisi!
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər