Millət vəkilləri SKSP-nin fəaliyyəti ilə tanış olublar - Fotolar
Azərbaycan
Respublikası Prezidentinin sənayeləşmə siyasəti çərçivəsində innovativ və
müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələri yaradılır, rəqabətqabiliyyətli
və ixracyönümlü sənaye məhsullarının istehsalı artır.
Qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq
fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın
inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye zonaları mühüm əhəmiyyət kəsb
edir.
Oktyabrın 26-da Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad
Səmədzadə və Komitənin üzvləri Sumqayıt
Kimya Sənaye Parkında olublar. İqtisadiyyat Nazirliyinin (İN) təşkilatçılığı ilə
rellaşdırılan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində
görüş keçirilib, SKSP-də görülən işlər bardə məlumat verilib, təqdimat
keçirilib. İN mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, görüşdə Sənaye və
Sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən
Sumqayıt Kimya Sənaye Parkı, parkda investorlar üçün yaradılmış güzəşt
mexanizmləri və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, sənaye
parkının yeraltı və yerüstü infrastrukturu, o cümlədən yeraltı qalereyalar, ərazidaxili
kommunikasiya xətləri, sosial obyektlər, daxili avtomobil və daxili dəmir yol xətləri
dövlət büdcəsi tərəfindən maliyyəşdirilir. Artıq
sənaye parkında xarici elektrik verilişi və yeraltı kommunikasiya xətlərinin
tikinti-quraşdırma işləri başa çatıb. Hazırda Sənaye Parkının daxili avtomobil
yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin, 110/35/6.3
kV-luq yarımstansiyanın tikinti-quraşdırma işləri davam etdirilir.
Yarımstansiyanın tikintisi bu ilin noyabrında tamamlanacaq. Sumqayıt
Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda
9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb
edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin
cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir. Birinci mərhələ
üzrə SKSP-də 5-7 min yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd olunub ki, sənaye parklarında rezidentlərin qeydiyyatının "bir pəncərə”
sistemi ilə həyata keçirilməsi, rezidentlərin 7 il müddətinə
mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika,
texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad
olması bu parkların üstünlüklərindəndir. Bütün
bunlar isə investisiya layihələrini daha səmərəli edir.
Hazırda SKSP-də geniş infrastrukturun və müasir Sosial zonanın
yaradılması işləri davam etdirilir.
Qonaqlar
Sumqayıt Kimya Sənaye Parkının ərazisində ümumi sahəsi 10660 kv.metr təşkil edən Peşə Tədris Mərkəzi ilə
də tanış olublar. Burada 500 nəfər təhsil alacaq. Mərkəzdə auditoriyalar, fənn
və peşə otaqları, kitabxanalar, yaradıcılıq otaqları, tibb məntəqəsi, təqdimat
otağı, arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq.
Eyni zamanda Mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə (kimya,
inşaat, mexatronika və s.) peşə hazırlığı həyata keçiriləcək. Tədris Mərkəzinin
işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin
kurikulumlarına müvafiq olaraq "Paralel təhsil” ("dual education”) modeli
tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə
həyata keçiriləcək. Mərkəzdə təhsil alanların əldə etdikləri biliklərin
təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılması nəzərdə
tutulub.
Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların
istehsal edəcəkləri məhsullar, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları
haqqında məlumatlar millət vəkillərinin diqqətinə çatdırılıb. Məlumat
verilib ki, ümumilikdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən
istehsal olunacaq müxtəlif sənaye məhsulları, o cümlədən polipropilen, yüksək sıxlıqlı polietilen, şüşə lövhələr, ferroərintilər, yüksək təzyiqə
davamlı xortum və fitinq, inşaat qatqıları üçün xammal və hazır məhsulların
Avropa və MDB ölkələrinə ixracı nəzərdə tutulur.
Sonra qonaqlar sənaye parkının ərazisində aparılan tikinti işləri,
parkın ilk rezidenti olan "Azertexnolayn” MMC-nin istehsalat müəssisələri, Aqrokimya
Azərbaycan” MMC, eləcə də "SOCAR Polymer” layihəsi
çərçivəsində görülən işlərlə tanış olublar. Qonaqlara məlumat verilib
ki, "Azertexnolayn” MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün
mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik polad boru, qofralı
boru, fitinqlər, metal konstruksiya, metal hasar və s. məhsullar istehsal edir.
"Azertexnolayn” MMC-yə məxsus Polad Boru Zavodu, Polietilen Məmulatları Zavodu
və Hidrotexniki Avadanlıqlar zavodlarında 700 nəfər işlə təmin olunub. Hazırda
burada istehsal olunan məhsulların 75 faizi ixrac olunur. Artıq "Azertexnolayn” MMC tərəfindən bu ilin 9
ayında istehsal olunmuş 47 milyon manat həcmində müxtəlif borular, mexaniki və
hidrotexniki avadanlıqlar "Made in Azerbaijan”
brendi ilə xaricə ixrac edilib.
"SOCAR Polymer” MMC tərəfindən isə sənaye
parkının ərazisində polipropilen zavodunun tikintisi davam etdirilir.
Bildirilib ki, artıq ərazidə polipropilen istehsalı üçün lazım olan bütün
obyektlərin tikintisinə başlanılıb. Hazırda tikintidə 1100 nəfər çalışır. Yüksəksıxlıqlı
polietilen istehsal edən zavodun inşasına başlandıqdan sonra isə tikintidə
çalışanların sayı 1500 nəfəri ötəcək. Sumqayıt şəhər sakinlərinin tikinti işlərinə
cəlb edilməsinə xüsusi önəm verilir. Layihənin investisiya dəyəri 750 mln. ABŞ
dollarıdır. Polipropilen zavodunun 2017-ci ilin sonu, yüksəksıxlıqlı polietilen
zavodunun isə 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. "SOCAR Polymer”
layihəsi son 40 ildə bu sahədə miqyasına görə Azərbaycanın neft-kimya sənayesində
həyata keçirilən ilk belə layihədir.
Sumqayıt Kimya Sənaye
Parkının rezidenti kimi "Aqrokimya Azərbaycan” MMC isə Türkiyə, Almaniya, ABŞ və
İtaliya texnologiyası əsasında ildə 57 min ton maye halında və min ton toz
halında pestisidlər istehsalını həyata keçirəcək. Layihə dəyəri 16 mln. dollar
olan zavodun fəaliyyətə başlaması ilə 100 nəfər daimi işlə təmin olunacaq.
Hazırda SKSP-nin 4
rezidenti - "SOCAR Polymer”, "Aqrokimya Azerbaijan”, "Ferro Ərintilər zavodu”,
"MST Engineering” tərəfindən istehsal sahələrinin tikinti-quraşdırma işləri
aparılır.