• çərşənbə, 24 Aprel, 21:53
  • Baku Bakı 23°C

Millət vəkilləri Ramiz Mehdiyevin mövqeyini dəstəklədi

29.10.13 08:05 1522
Millət vəkilləri Ramiz Mehdiyevin mövqeyini dəstəklədi
«Belə çıxır ki, Azərbaycanın Avropa Birliyi ölkələri ilə əməkdaşlığı və tərəfdaşlığının səviyyəsi ABŞ Dövlət Departamentindəki müəyyən dairələrin kaprizlərindən asılı olmalıdır. Vaşinqtondakı ayrı-ayrı məmurlar azlığın (ATƏT DTİHB və ABŞ DD) mövqeyini çoxluğa (ATƏT, AŞPA, Avropa Parlamenti) sırımaq cəhdlərindən əl çəkmirlər, hətta baxmayaraq ki, çoxluq Azərbaycanın seçki prosesindəki tərəqqini, azad və şəffaflığı yekdilliklə qeyd edib. İdeal seçki heç yerdə, o cümlədən Qərbdə də yoxdur. Lakin kimlərinsə əsassız, subyektiv mövqelərindən qaynaqlanan faktların şişirdilməsi və ya qəsdən təhrif olunması qətiyyən qəbul edilə bilməz». Bu fikirləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində səsləndirib.
Azərbaycandakı siyasi ekspertlər də Prezident Administrasiyası rəhbərinin bu fikirlərini şərh edərkən ABŞ Dövlət Departamentindəki bəzi dairələrin səhv yolda olduğu qənaətini bölüşdülər.
Millət vəkili Zahid Oruc qəzetimizə açıqlamasında bildirdi ki, Ramiz Mehdiyev dövlət idarəçiliyində kifayət qədər mühüm və təcrübəli bir simadır. Bu baxımdan onun açıqlamaları həmişə geniş müzakirələrə səbəb olur. Administrasiya rəhbəri ABŞ-ın 9 oktyabr seçkiləri ilə bağlı mövqeyini tənqid edərkən Azərbaycanın milli maraqlarını nəzərə alıb: «Adətən bir çox siyasi qurumlar və şəxslər fraqmental mülahizələri ümumi gerçəklik kimi qələmə verməyə çalışırlar. Bunun üçün demokratiya, insan haqları prinsiplərinə istinad olunur. Bu baxımdan cənab Ramiz Mehdiyevin açıqlamaları həm siyasi-politoloji dairələrimiz üçün bir mənbədir, həm də dövləti və milli maraqlarımızın qorunması üçün yaxşı bir əsasdır». Z.Orucun fikrincə, ABŞ rəsmilərinin Azərbaycana münasibətinin dəyişməsində bir neçə ay bundan öncə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana etdiyi səfər xüsusi rol oynayıb. Çünki həmin səfər ətrafında böyük ajiotaj yaranmışdı. Bəziləri iddia edirdilər ki, Rusiya prezidentinin səfərindən sonra Azərbaycanın geostrateji addımlarında dəyişikliklər olacaq:
«Görünür ki, ABŞ da bu prosesləri izləyib və səhv nəticəyə gəliblər. Diqqət yetirsək, ABŞ-ın və bəzi Avropa dövlətlərinin Azərbaycanla bağlı mövqeyində məhz bu səfərdən sonra dəyişikliklər müşahidə olunmağa başladı. Onlar ikili standartlara əsaslanan, bəzən bir-birini təkzib edən qarışıq rəylərlə çıxış etdilər. Onlar hansısa informasiyalara əsaslanaraq Putin-İlham Əliyev görüşünün bölgənin geosiyasi konfiqurasiyasına təsir edəcəyini, müəyyən dəyişikliklərin olacağını, bunun isə Qərbin siyasi-iqtisadi maraqlarına ziddiyyət təşkil edəcəyini düşünməyə başladılar. Bu baxımdan ABŞ-ın və bir sıra Avropa dairələrinin Azərbaycandakı seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyləri ilə üst-üstə düşən münasibətləri heç də seçki prosesi ilə əlaqələndirilməməlidir. Bu mövqe açıq şəkildə Azərbaycana təzyiq göstərmək və rəsmi Bakını bölgədə Qərbin maraqları ilə hesablaşmağa məcbur etmək məqsədi daşıyırdı».
Z.Oruc hesab edir ki, ABŞ və onun Avropadakı müttəfiqləri Azərbaycanla bağlı mövqelərində bu dəfə də yanılırlar. Çox keçməyəcək ki, bu gerçəklik tam çılpaqlığı ilə hamıya aydın olacaq. Müsahibimizin fikrincə, qısa müddətdən sonra Azərbaycanın ABŞ və Avropa ölkələri ilə münasibətləri tam qaydasına düşəcək. İndi İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edən Avropa ölkələrinin rəhbərləri onu səfərlərə dəvət edəcək, onunla müxtəlif siyasi-iqtisadi məzmunlu müzakirələr aparacaqlar: «İndiki gerçəklikdə verilən bəyanatlar cənab Ramiz Mehdyevin də qeyd etdiyi kimi müəyyən mənada Azərbaycanın maraqlarını zədələyir. Bu mövqe Azərbaycanın seçdiyi Avrointeqrasiya xəttinin motivləri ilə uyğunluq təşkil etmir. Biz son illər ərzində apardığımız balanslı siyasətə görə bölgə dövlətlərinin çox kəskin təzyiqlərini hiss etmiş, hətta, dövlət çevrilişi cəhdləri ilə üzləşmişik. Amma yolumuzdan dönməmişik. İndi bunun müqabilində ABŞ və Avropadan da təzyiqlər görürüksə, bu, özü-özlüyündə bizi düşünməyə vadar edir. Amma mən düşünmürəm ki, Dövlət Departamentindəki bəzi dairələrin, ABŞ-ın ATƏT-dəki səfirinin, Avropa Parlamentindəki həmfikirlərinin bu cür səthi yanaşması Bakı ilə Vaşinqton arasındakı münasibətlərə təsir edəcək». Z.Oruc hesab edir ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Qərblə inteqrasiya kursundan daşınmayacaq. Yaxın gələcəkdə Azərbaycanın xarici siyasətində hər hansı kardinal dəyişiklik olmayacaq. Millət vəkilinin fikrincə, prezident İlham Əliyevin bir neçə gün öncə Minskdə keçirilən MDB dövlət başçılarının sammitində nümayiş etdirdiyi mövqe də bunu deməyə əsas verir. «Həmin tədbirdə prezidentin qətiyyətli şəkildə Azərbaycanın suverenlik xəttini müdafiə etməsi göstərdi ki, biz Qərbi nə iqtisadi-siyasi məsələlər, nə də neft-qaz layihələri ilə şantaj etmək niyyətində deyilik. Əminəm ki, Azərbaycan ABŞ-a və Avropaya etibarlı və sabit tərəfdaş olduğunu bir daha sübut edəcək» - deyə Z.Oruc vurğuladı. O əlavə etdi ki, Azərbaycan vətəndaşları bilməlidirlər ki, Qərbin ölkəmizə son təzyiqləri heç də demokratiya naminə deyil.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də qeyd etdi ki, Azərbaycanla ABŞ strateji müttəfiqdirlər. İki dövlət arasındakı bu xoş münasibətlər təbii ki, Azərbaycanı sevməyən dairələr, o cümlədən Rusiya və Ermənistana sərf etmir. Onlar imkan daxilində Azərbaycan-ABŞ münasibətlərinə kölgə salmağa çalışırlar. F.Quliyevin fikrincə, Azərbaycanı sevməyən bu qüvvələrin təbii ki, ABŞ-da da təsir imkanları var. Onlar okeanın o tayında lobbiçilik fəaliyyəti ilə məşğul olurlar. Bunun nəticəsində Dövlət Departamentində və digər strukturlarda Azərbaycan-ABŞ münasibətlərini pozmağa müəyyən səylər olur. Seçkidən sonra ABŞ-ın nümayiş etdirdiyi mövqeyi də bu konteksdən qiymətləndirmək lazımdır.
Müsahibimiz qeyd etdi ki, ümumilikdə ABŞ-ın rəhbərliyinin Azərbaycana münasibəti normaldır və onlar seçkilərin nəticələrini şübhə altına almırlar: «Məncə bu bizə kifayət etməlidir. ABŞ-dakı müəyyən qurumların tərkibindəki bəzi qruplaşmaların indi meydana çıxan münasibəti bizdə təəccüb doğurmamalıdır. Bu, gözləniləndir. Belə hallarla bağlı ciddi narahatlığa da əsas yoxdur. Hesab edirəm ki, bu dairələr Azərbaycanla ABŞ arasındakı münasibətləri heç bir vəclə poza bilməyəcək. Bütün bunlar Azərbaycanı sevməyən, ölkəmizi dünyadakı proseslərdə söz sahibi olaraq görmək istəməyən qüvvələrin lobbiçilik fəaliyyətinin nəticəsidir».
İlham QULİYEV
banner

Oxşar Xəbərlər