• cümə, 19 Aprel, 20:24
  • Baku Bakı 24°C

Millət vəkilləri Neftçala Sənaye Məhəlləsi ilə tanış olublar

06.10.17 17:21 1413
Millət vəkilləri Neftçala Sənaye Məhəlləsi ilə tanış olublar
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Neftçala Sənaye Məhəlləsində olublar.
İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, adıçəkilən qurumun təşkilatçılığı ilə reallaşdırılan səfər zamanı Neftçala Sənaye Məhəlləsinin ofisində görüş olub və sənaye məhəlləsində görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib.
Görüşdə vurğulanıb ki, Azərbaycan prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə bu ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Sənaye Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələr mövcuddur. Hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 mln. manat investisiya yatırılıb.
Bundan başqa, Sənaye Məhəlləsinin rezidentləri olan müəssisələr dövlətin güzəştli krediti və investisiya təşviqi sənədi kimi dəstək mexanizmlərindən də istifadə ediblər. Belə ki, Neftçala Sənaye Məhəlləsinin 2 iştirakçısına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə ümumilikdə 6,5 mln. manat dövlətin güzəştli krediti verilib. Sənaye məhəlləsinin 5 iştirakçısına isə investisiya təşviqi sənədi təqdim edilib ki, bu, həmin müəssisələrin ümumilikdə 3,6 mln. manat vəsaitə qənaət etməsinə imkan yaradıb.
Neftçala Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, "startup"lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.
Hazırda iş adamlarının Sənaye Məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək.
Sonra millət vəkilləri Neftçala Sənaye Məhəlləsinin rezidentlərinin fəaliyyəti ilə əyani tanış olublar. Bildirilib ki, Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "Azərmaş" ASC - "İran Khodro" birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Müəssisədə "İran Khodro" şirkəti 25%-lik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda bəzi avtomobil modelləri istehsal ediləcək.
Müəssisənin ildə 2 min avtomobilin ixracı planlaşdırılır. Müəssisədə 300 nəfər işlə təmin ediləcək. Zavodun 2017-ci ilin dekabrında istifadəyə verilməsi planlaşdırılır.
Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən balıq yemi istehsalı müəssisəsinin illik istehsal gücü 25 min tondur. Müəssisədə balıq yemi ilə yanaşı, gələcəkdə mal-qara üçün və digər növ yemlərin istehsalı da nəzərdə tutulur. Müəssisənin yaradılmasına 12 milyon manat investisiya yönəldilib. Müəssisədə 26 nəfər işlə təmin ediləcək.
"Metak" MMC-nin Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar istehsalı müəssisəsinin illik istehsal gücü 2 milyon taradır. Müəssisəyə 1,35 mln. manat investisiya qoyulub. Müəssisənin məhsulları daxili bazarda, xüsusilə kənd təsərrüfatında qablaşdırmaya olan tələbatın ödənilməsində əhəmiyyətli rol oynayacaq.
"Gilan PİVOT" MMC Neftçala Sənaye Məhəlləsində müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri istehsal edilir. Ümumi investisiya dəyəri 1 mln. manat olan müəssisənin illik istehsal gücü 60-80 suvarma sistemidir. Müəssisədə 15 nəfərin işlə təmin olunması planlaşdırılır. Müəssisə 2017-ci ilin noyabrında fəaliyyətə başlayacaq.
Neftçala Sənaye Məhəlləsində kiçik sahibkarlar üçün emalatxana da yaradılıb. Bu emalatxanada müxtəlif məmulatlar hazırlanır. Burada kiçik sahibkarlar üçün hər cür şərait yaradılıb və 10 nəfər daimi işlə təmin olunacaq.
Qeyd edək ki, bundan əvvəl millət vəkilləri Sumqayıt Kimya Sənaye Parkında, Balaxanı Sənaye Parkında və "Yalama Aqroparkı"nda da olublar.
banner

Oxşar Xəbərlər