• cümə, 29 Mart, 02:41
  • Baku Bakı 7°C

Millət vəkili: “Özünü və ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır”

30.07.21 14:11 301
Millət vəkili: “Özünü və ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır”
"Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı, Prezident İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Eyni zamanda, qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyalar yaradıldı və hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş 20-dən çox xəstəxanası koronavirus xəstələrini müalicə etmək üçün ayrılıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibbi müəssisələrdə müalicə alır”.
Kaspi.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Millət vəkili bildirib ki, Nazirlər Kabinetinin 2021-ci il 16yanvar tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub: "Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur”.
Deputat Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, peyvəndlənmə fərdin sosial məsuliyyətidir: "Özünü və ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar. Həmçinin, COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı” verilir. "Peyvənd sertifikatı” müddətsizdir. Dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddətinin müəyyən olunması istiqamətində elmi tədqiqatlar da davam etdirilir”.
Millət vəkili əlavə edib ki, vaksinasiya pandemiyadan xilas olmağın yeganə yoludur: "Çünki vaksinasiya ilə həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Xüsusilə də, vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır”.
banner

Oxşar Xəbərlər