• şənbə, 20 Aprel, 12:22
  • Baku Bakı 23°C

Millət vəkili: “Vəziyyət daim nəzarət altında saxlanılır”

14.05.20 11:45 730
Millət vəkili: “Vəziyyət daim nəzarət altında saxlanılır”
Müşfiq Cəfərov: "Gəncədə karantin rejimi ilə əlaqədar reydlər keçirilir, əhali ilə maarifləndirici söhbətlər aparılır”
"Karantinin ilk günlərindən etibarən Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi gücləndirilmiş iş rejimində çalışır. Şəhər rəhbərinin tapşırığına uyğun olaraq Gəncədə fəaliyyət göstərən kiçik həcmli ictimai nəqliyyat vasitələri böyük tutumlu avtobuslarla əvəzlənib. Həmçinin ictimai-nəqliyyat vasitələri hər günün sonunda dezinfeksiya olunur. Bununla yanaşı avtobuslar sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlullarla təmin edilib. Sürücülərin tibbi maskalardan istifadə etməsinə də xüsusi nəzarət olunur”.
Bu barədə "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov bildirib. Qeyd edib ki, xüsusi karantin rejiminin tələblərinin icrasını təmin etmək məqsədi ilə şəhərdə 800-dən çox polis və hərbçi iş başındadır.
Millət vəkilinin sözlərinə görə, bank, ödəmə terminalları, eləcə də böyük market və apteklərin qarşısında, o cümlədən əhalinin sıx toplaşdığı ərazilərdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları vəziyyəti daim nəzarət altında saxlayırlar: "Gəncənin giriş-çıxışlarında quraşdırılan yoxlama-buraxılma postlarına nəzarət gücləndirilib və bu postların sayının artırılması tövsiyyə olunub. Tibb sahəsində də gücləndirilmiş iş rejimi tətbiq edilib. Tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVID-19 testləri aparılır. Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin canlı qüvvəsi və texnikası vasitəsilə xidməti ərazilərdə, yəni yeraltı piyada keçidlərində, dayanacaqlarda, parklarda, meydanlarda, eyni zamanda yaşayış binalarının ətrafında, girişlərində, liftlərin içərisində və ümumilikdə əhalinin təmas etdiyi bütün ərazilərdə dezinfeksiya tədbirləri görülüb. Bundan başqa şəhərin müxtəlif küçə və prospektləri də xüsusi avtomobillərlə dərman vasitələri ilə yuyulur. Dezinfeksiya işlərinə Daxili İşlər Nazirliyinin xüsusi nəqliyyat vasitələri də cəlb olunub”.
Deputat deyib ki, karantin dövründə əhali ilə maarifləndirici söhbətlər aparılır, polis əməkdaşları şəhər sakinlərinə mümkün qədər evdən çıxmamağı, zəruri hallarda çıxıldıqda tibbi maska, spirt və əlcəkdən istifadə etməyi tövsiyə edirlər: "Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Baş Polis İdarasinin rəisi Əkbər İsmayılov reydlər keçirir, şəhərdə fəaliyyət göstərən ərzaq və geyim mağazalarında xüsusi karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edildiyi ilə yerində tanış olurlar. Həmçinin şəhər rəhbəri apteklərdə kifayət qədər tibbi maska, spirt və əlcəklərin olub-olmaması ilə maraqlanır. Bank və ödəmə terminallarının qarşısında dayanan vətəndaşlarla söhbət aparılır, növbə zamanı 2 metrlik ara məsafəsinin gözlənilməsinin vacibliyi vurğulanır. İctimai nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlərinə də maskadan istifadənin zəruriliyi xatırladılır”.
Millət vəkili M.Cəfərov koronavirus pandemiyasının təhsil sahəsinə də təsirsiz ötüşmədiyini dilə gətirib. Deyib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da karantin rejiminin tələblərinə uyğun olaraq universitetlərin, kolleclərin, məktəblərin və bu qəbildən olan bütün təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb: "Mövcud vəziyyətə əsasən, evdən çıxmadan da təhsil almaq mümkündür. Müasiryönümlü müxtəlif proqram təminatlarından yararlanmaqla onlayn dərslərə qoşulmaq olur. Hansı ki, karantin dövründə universitetlər, orta və idman məktəbləri, eləcə də ayrı-ayrı kurslar tərəfindən bu işlər həyata keçirilir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər