Millət vəkili Naqif Həmzəyev: Gənclərimizlə qürur duyuruq
"Biz gələcək Azərbaycanın
qurucuları kimi böyük ümidlərlə baxdığımız gənclərimizlə qürur duyuruq. Onların
ulu öndər Heydər Əliyev idealları ilə ölkəmizin daha işıqlı gələcəyinə inamlı
addımları, dövlətçiliyə, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinə sədaqəti
buna zəmin yaradıb”.
Bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri, millət
vəkili Naqif Həmzəyev gənclərlə görüşündə deyib. Mütəmadi
olaraq gənclərlə görüşən, onların problemləri, təklifləri ilə maraqlanan millət
vəkili YAP Gəncə şəhər təşkilatının qərargahında keçirilən görüşdə ölkədə gənclərlə
aparılan işlərdən ətraflı bəhs edib. Qeyd edib ki, Azərbaycan gəncliyinin önündə
böyük qapılar, yollar açılıb. Gənclərin indi əsas vəzifəsi bu imkanlardan
layiqincə yararlanıb, həm öz inkişaflarını təmin etmək, həm də dövlətimizin mənafeyini
etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə
ilə çalışmaqdır.
Gəncədə gənclərin fəallığını təmin
etmək, onların öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə
etmək üçün böyük imkanlar yaradıldığını qeyd edən millət vəkili şəhərdə yüzlərlə
yerli və beynəlxalq səviyyəli tədbirlər həyata keçirildiyini, həmin tədbirlərdə
fəallıqları ilə seçilən minlərlə gəncin iştirak etdiyini vurğulayıb.
Naqif Həmzəyev həmçinin bildirib
ki, hər zaman gənclərin yanında olan, onlara kömək və dəstəyini əsirgəməyən YAP
Gəncə şəhər təşkilatında gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi,
dünyagörüşünün zənginləşməsi, intellektlərinin formalaşması, asudə vaxtlarının
səmərəli təşkil edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dəyirmi
masalar, seminarlar, diskussiya, debat və treninqlər, Təlim və Resurs Mərkəzinin
dil kursları, "Cine Club”da nümayiş olunan filmlər gənclərin inkişafında, gələcək
arzularını gerçəkləşdirməkdə və perspektivlərini müəyyənləşdirməkdə əsaslı rol
oynayır.
Aruz Kəsəmənli, Orxan Mehtizadə,
Canbaba Süleymanov, Səmayə Məmmədova, Şəfa Həsənova, Ofeliya Mirzəyeva, Əfsanə
Məmmədova, Mədinə Əsgərova çıxış edərək, onlara göstərilən diqqət və qayğını
yüksək qiymətləndirib, dövlət, xalq qarşısında öz vəzifə və məsuliyyətlərini
yaxşı dərk etdiklərini bildiriblər. Ölkəmizin gələcəyini quran insanların içərisində
onların da payının olmasını çox istədiklərini qeyd ediblər. Bildiriblər ki,
Yeni Azərbaycan Partiyasına üzv olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin
inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə edəcək, ölkəmizin
inkişafına öz töhfələrini vermək imkanı qazanacaqlar.
Millət
vəkili gənclərin çoxsaylı suallarını cavablandırıb və görüş müzakirə şəklində
davam edib.