AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Millət vəkili: “Heç bir çətinlik bizim əzmimizi qıra bilməz”

Millət vəkili: “Heç bir çətinlik bizim əzmimizi qıra bilməz”

Cəmiyyət
10 İyul 2020, 22:26 368
Eldəniz Səlimov: "Vətəndaşlarımız nizam-intizama tam məsuliyyətlə riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq”

"Dövlətin qüdrəti və rəhbərlərin dərin idarəetmə fəlsəfəsi özünü əsasən ağır şəraitlərdə və çətin zamanlarda göstərir. Əslində bütün çətinliklərinə rəğmən pandemiya dövrü dövlətlərə və onların liderlərinə imkan yaratdı ki, onlar böhranlı vəziyyətin idarə edilməsi ilə bağlı öz təcrübələrini və gücünü ortaya qoysunlar. Cənab Prezident İlham Əliyev tərəfindən atılan addımların təhlili və görülən işlərin miqyası onu deməyə əsas verir ki, dövlətimiz böhranlı vəziyyətlərin peşəkarcasına idarə edilməsi üzrə yetərli təcrübəyə və gücə malikdir”.

Bu barədə deputat Eldəniz Səlimov "Kaspi” qəzetinə açıqlamasında bildirib.

"Məqsəd ən pessimist ssenariyə belə, hazır olmaqdır”

Millət vəkilinin sözlərinə görə, həyata keçirilən işlər bir daha ölkə başçımızın dəfələrlə qeyd etdiyi "bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” bəyanatının təsdiqidir: "Heç bir çətinlik bizim mübarizəmizi dayandıra, əzmimizi qıra bilməz. Koronavirusa yoluxmaqdan sığortalanan ölkə yoxdur. Bu gün nümunəvi səhiyyə sisteminə malik olan, əhalisinin sayı isə Azərbaycanla müqayisə olunacaq bir sıra qabaqcıl ölkələrdə belə yoluxma sayı 60-70 min, ölüm sayı isə on minlərlə ölçülür. Dövlətimiz pandemiyanın ortaya çıxdığı ilk günlərdən onunla mübarizə aparmaq məqsədilə zəruri addımların atılmasına başlayıb və bu gün də yoluxma sayının artmasını nəzərə alaraq lazımi tədbirləri davam etdirir. Bu tədbirlərin əsas məqsədi koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmaqdır. Artıq 800 çarpayılıq xəstəxana istifadəyə verilib və yaxın zamanda 1300 çarpayılıq yeni modul tipli xəstəxana da istifadəyə veriləcək. Ümumilikdə ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə və biri Abşeronda olmaqla beş modul tipli xəstəxana fəaliyyətdədir. Daha beş modul tipli xəstəxanın isə inşası təmin ediləcəkdir”.

"Xüsusi qaydalara qeyd-şərtsiz riayət olunmalıdır”

Deputat E.Səlimov deyib ki, ölkəmizin 45 xəstəxanasında da koronovirus xəstələri müalicə alırlar. Onun fikrincə, bu xəstəxanaların 36-sı məhz cənab Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib: "Dövlət öz üzərinə düşən öhdəliklərin lazımi qaydada icrasını, o cümlədən ölkə daxilində və beynəlxalq səviyyədə səylərini davam etdirir, hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Lakin bütün bunlarla yanaşı vətəndaşlarımız da sosial məsuliyyət göstərməlidirlər. Pandemiya dövründə xüsusi qaydalara qeyd-şərtsiz riayət olunmalıdır. Vətəndaşlarımız nizam-intizama tam məsuliyyətlə riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. Ölkəmiz bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığını da uğurla davam etdirir. Təşkilatın direktoru iyulun 9-da bu əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Qarşılıqlı əməkdaşlıq və məsləhətləşmələr bundan sonra da davam etdiriləcəkdir”.

"İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub”

Millət vəkili söyləyib ki, mövcud şəraitdə ön planda insanların sağlamlığı dayanır. Qeyd edib ki, pandemiya şəraitinə baxmayaraq, dövlətimiz sosial və iqtisadi tədbirlərin icrasında da fəallıq göstərir: "Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikilməsi və 7 mindən çox köçkün ailəsinin yeni mənzillə təmin edilməsi nəzərdə tutulur. Şəhid ailələrinə 1500, qüsursuz xidmət edən hərbçilərə 400 mənzilin verilməsi təmin ediləcəkdir. Həmçinin, bu il 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Son beş ayın yekunları göstərdi ki, iqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub. Azərbaycan iqtisadiyyatı bu müddətdə cəmi 1,7 faiz tənəzzülə uğrayıb ki, bu da ciddi sayılmayacaq dərədəcə cüzi göstəricidir. Bununla belə, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, heç bir sosial layihə təxirə salınmayıb və ixtisar edilməyib. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr ötən ilə nisbətdə daha effektiv olub. Son illər ərzində yaradılmış iqtisadi-maliyyə potensialı imkan verir ki, neftin qiyməti hətta 14 dollar da olsa, dövlətimiz istənilən böhrandan ciddi təsirə məruz qalmadan çıxa bilsin”. 

"Beynəlxalq arenada mövqeyimiz gündən-günə güclənir”

E.Səlimov Azərbaycanın mövcud maliyyə potensialı sayəsində indiyə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərməsinə də diqqət çəkib. Onun sözlərinə görə, bütün bunlar piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edilir: "Bu cür yardımlar, xeyirxahlıq və dəstək hesabına Azərbaycan daha çox dost qazanır və beynəlxalq arenada onun mövqeyi gündən-günə güclənir. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının "COVİD-19”a həsr olunmuş Xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə verilən dəstək dövlətlərin Azərbaycana olan böyük inamını ifadə edir. Xüsusi sessiyanın keçirilməsinin əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Bu təşəbbüsün dünya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini bir daha artıracağını yaxşı bildiyinə görə, Ermənistan buna etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı. Ermənistan işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparır, kilsələr tikir, şəhərlərimizin tarixi adlarını dəyişdirir ki, nə vaxtsa həmin ərazilərin erməni torpağı olduğunu iddia etsin. Xatırladım ki, Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərib. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokratik ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Demokratiyanın, insan haqlarının pozulması halları bu gün Ermənistanın daxilində də geniş vüsət alıb”.

"Minsk qrupu adekvat cavab vermir”
 
Millət vəkili təəssüflə vurğulayıb ki, Ermənistanın daim bu cür işğalçı, qərəzli siyasət aparmasına baxmayaraq, demokratiya və insan hüquqlarından ağızdolusu danışan Avropa təşkilatları buna göz yummaqda davam edir: "Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Münaqişənin həlli üçün hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən başqa heç bir diplomatik səy göstərilmir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Ermənistandakı mövcud rejimin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə də münasibət bildirmirlər. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” deyəndə yalnız Azərbaycan buna layiqincə cavab verdi. Halbuki, Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu isə buna adekvat cavab vermir. Azərbaycan bütün bunlara baxmayaraq, öz məqsədyönlü fəaliyyəti ilə Ermənistanın faşist mahiyyətini daim ifşa edib və edəcək”.

"Qarabağ Azərbaycandır və nida işarəsi”

Deputat E.Səlimov hazırki Ermənistan rəhbərliyinin əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxardığını xatırladıb. Deyib ki, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiyini Paşinyan hakimiyyətinin özü dilə gətirir: "Əslində ermənilərin əsl mahiyyəti hələ çox əvvəllərdən də aydın olmuşdu. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarmışdı. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxarıb. BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil və əlbəttə ki, BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar verməsi dünyada mövqeyimizi daha da gücləndirir. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Biz tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanırıq. Bu səbəbdən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur və ola da bilməz. Ölkə başçımızın da dediyi kimi: Qarabağ Azərbaycandır və nida işarəsi”.

Rufik İSMAYILOV