AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Millət vəkili: “Azərbaycan özünü stabillik adası kimi təqdim etməyi bacardı”

Millət vəkili: “Azərbaycan özünü stabillik adası kimi təqdim etməyi bacardı”

Cəmiyyət
24 May 2017, 17:59 699
"IV İslam Həmrəyliyi Oyunları birinci növbədə bu gün islam coğrafiyasında baş verən xaos, qarşıqlıq fonunda daha əhəmiyyətli bir tədbir kimi diqqəti cəlb etdi. Azərbaycan özünü bu mühitdə stabillik adası kimi təqdim etməyi bacardı”.
 
Bunu APA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
 
F. Mustafa bildirib ki,  IV İslam Həmrəyliyi Oyunlarının uğurlu başa çatması gələcəkdə Azərbaycanda daha mötəbər tədbirlərin keçirilməsi üçün zəmin hazırladı: "Digər tərəfdən, ümumiyyətlə, Azərbaycan öz uğurları ilə islam ölkələrində barışın, sülhün dəyərli bir nemət olduğunu IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələrə bir daha nümayiş etdirdi. Eyni zamanda, Azərbaycan islamın dünyəvi dövlətin dəyərləri ilə necə uzlaşması modelini təqdim etdi. Bu oyunun nəticələri yaxın zamanda müsbət mənada özünü büruzə verəcək. Azərbaycan bu kimi tədbirlərlə təbliğat, tanıtım imanı qazandı. Bu da müsbət bir tendensiyadır” .
 
Millət vəkili Hikmət Babaoğlu isə qeyd edib ki, İslam Həmrəyliyi Oyunları ilk növbədə  ölkənin idman həyatında, mədəni həyatında mühüm hadisələrdən bir kimi yadda qaldı: "Ancaq bu sözləri deyərkən hamımız başa düşürük ki, nəyi isə demədik, nə isə yarımçıq qaldı, ədalətli qiymətləndirmə aparmadıq. Bu böyük hadisəni tam miqyası ilə obyektiv qiymətləndirməyə çalışsaq, yalnız belə ifadə edə bilərik: İslam Həmrəyliyi Oyunları ən yeni tariximizin çox mühüm hadisələrindən birinə çevrildi. Bu hadisə mədəni-iqtisadi sahədən başlamış sosial-siyasi sahəyə qədər, həyatımızın bütün sahələrinə  nüfuz etdi. Hər bir azərbaycanlının qürur və fəxarətlə yad edəcəyi bir tədbir oldu. İctimai mədəniyyətimizin yeni keyfiyyətdə formalaşmasına mühüm təsir göstərdi. Cəmiyyətimizin hər bir fərdinin sosiallaşmasına və cəmiyyətdaxili inteqrasiyanın təmin olunmasına öz töhfələrini verdi. Vətəndaşlarımızın milli dövlətimizlə ozünüidentifikasiyası üçün mühüm mənəvi baza yaratdı .Könüllülərdən ibarət böyük gənclər ordusunda özünəinam yaratmaqla, onların vətənə xidmət  işindən zövq almalarına, özlərini vacib sosial fərd kimi hiss etmələrinə yardım etdi ki, bu da mühüm sosio-psixoloji faktor olmaqla, gəncərin gələcək həyatında stimulverici bir hadisə oldu. İdmançılarımız  özlərini əsl ev sahibi kimi hiss edərək İslamiadada birinciliyi qazandılar. Qalib olan hər bir idmançı ailəsinin ailə büdcəsində və maddi vəziyyətində mühüm dəyişiklik baş verdi. Fərqlənə bilməyən idmançılarımızda daha əzmlə gələcək yarışlara hazırlaşmaq həvəsi oyatdı. Eyni zamanda, ölkəmizin turizm həyatının  canlanmasına  səbəb oldu”.
 
H. Babaoğlunun fikrincə, ən mühüm məqam odur ki, IV İslam Həmrəyliyi Oyunları bu gün beynəlxalq aləmdə küncə sıxışdırılmağa çalışılan müsəlman aləmində yeni və əsaslı inteqrasiya meylləri yaratdı: "Əlbəttə, bütün bunlarla bərabər tədbir Azərbaycanın sözün əsil mənasında modern bir müsəlman ölkəsi kim yeni standartlar yaratmağı bacaran mühüm əməkdaşlıq və tərəfdaşlıq platforması olmasını önə çıxardı. Azərbaycanın bir neft ölkəsindən daha çox bir idman, mədəniyyət, turizm, sənaye ölkəsi olduğunu göstərdi. 50-dən çox ölkədə İslam Həmrəyliyi Oyunları yayımlandı və bu, ölkəmiz haqqında mühüm informasiya təbliğatı rolunu oynamış oldu. İslam Həmrəyliyi Oyunları təşkilat komitəsinin sədri, birinci vitse-prezident Mehriban Əliyeva bir daha nümunəvi təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək sözün həqiqi mənasında idman oyunlarının, beynəlxalq tədbirlərin keçirilməsində bir Azərbaycan standartı yaratdığını sübut etdi. Prezident İlham Əliyev çox haqlı olaraq qeyd etdi ki, "biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, islam elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün islam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi." Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Bu fikirlərdən də göründüyü kimi İslam Həmrəyliyi Oyunları ölkəmizə və islam dünyasına öz töhfələrini verməklə islam sivilizasiyasının nə qədər böyük bir sivilizasiya olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi”.