• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

Millət vəkili: "Azərbaycan öz istəyinə nail oldu"

08.07.19 09:15 1612
Millət vəkili: "Azərbaycan öz istəyinə nail oldu"
UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi daha bir uğurdur.
Bunu Trend-ə açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.
G.Baxşəliyeva bildirib ki, bu qərarın qəbul edilməsi Azərbaycanın UNESKO çərçivəsində apardığı gərgin fəaliyyət, eyni zamanda ölkə rəhbərliyinin bu məsələyə ayırdığı xüsusi diqqətin nəticəsidir:
"Uzun müddətdir Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılırdı. Çünki bunun üçün Ümumdünya İrs Komitəsi tərəfindən bir sıra şərtlər irəli sürülürdü. Sonunda ölkəmiz tərəfindən görülən işlər öz nəticəsini verdi və Azərbaycan öz istəyinə nail oldu.
Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması ilə bağlı qərarın UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində verilməsi isə xüsusi əhəmiyyət kəsb edir. Çünki İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi Azərbaycana beynəlxalq aləmdə yüksək dəyər verilməsinin, eyni zamanda ölkəmizin ümumdünya mədəni irsinin qorunması istiqamətində gördüyü işlərin dünya tərəfindən qəbul olunmasının göstəricisidir”.
Millət vəkili əlavə edib ki, Azərbaycan dövləti ölkəmizin mədəni abidələrinin qorunması istiqamətində ölkə xaricində də mühüm işlər həyata keçirir:
"Görülən bu işlər nəticəsində Azərbaycanın Dünya İrs Siyahısına daxil edilən abidələrinin sayı artmaqdadır. Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Əlbəttə ki bu, ölkəmizin böyük uğurudur”.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ötən gün keçirilən növbəti iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.
banner

Oxşar Xəbərlər