• şənbə, 20 Aprel, 08:58
  • Baku Bakı 14°C

Millət üçün yaranan mahnılar ölməz

19.12.13 10:30 2051
Millət üçün yaranan mahnılar ölməz
Tanınmış türk sənətçisi Əhməd Şəfəq dekabrın 21-də Opera və Balet Teatrında “Azərbaycan-Türkiyə” adlı solo konserti ilə çıxış edəcək. Sənətçi konsert öncəsi “Kaspi”nin suallarını cavablandırıb.
Musiqi əyləncə deyil
- Millətin mədəniyyətini yaşatmaqda mahnılar mücadilə üçün yetərlidirmi?
- Hər bir sənətçi çalışmalı və öz işini əməli ilə göstərməlidir. Kitablar yazmalı, mahnı bəstələməlidir. Bu, bizim işimizdir. Hər hansı bir millət mədəniyyəti ilə nəfəs alır, yüksəlir. İnsanlar mədəniyyəti bu yolla yaradırlar. Mən də mədəniyyətimizin dünyada uduzmaması üçün çalışıram. Mən böyük türk millətinin övladıyam. Millətin mədəniyyətini yaşatmaq üçün mücadilə edirəm. Şeirlər, kitablar yazır, mahnılar oxuyuram. Millətin mədəniyyətini fərqli bölümlərdə ifadə edirəm. Mən bu millətin mənsubu olmaq məsuliyyətini yaşayıram və bundan qürur duyuram. Ona görə də həm Türkiyə, həm Azərbaycan sənətçilərinə səslənirəm ki, şöhrətpərəst olmasınlar. Millətin mədəniyyətini yaşatmaq üçün mücadilə etmək gərəkdir.
- Amma sizin mücadiləniz nədənsə bəzən lazımınca dəyərləndirilmir. Məsələn, Azərbaycanda tanındığınız qədər Türkiyədə tanınmırsınız...
- Etiraf edim ki, mən Türkiyədə o qədər də şöhrətli, tanınan bir müğənni deyiləm. 2006-cı ildə mənə Kral Tv mükafatı verildi. Amma heç kim məndən müsahibə almadı. Türkiyədə ən çox konsert verən on sənətçidən biri mənəm. Bununla belə, ictimaiyyətdə, mediada fəaliyyətimlə bağlı geniş məlumatlar verilmir. Xüsusilə də 2007-ci ildən bəri mahnılarım efirlərdə, radiolarda səsləndirilmir. Bunun səbəbi isə mənim türk milləti davasından vaz keçməməyimdir. Musiqi dediyimiz şey bu millətin mədəniyyətinin bir parçasıdır. Mənim üçün musiqi əyləncə vasitəsi deyil. Əyləncə sənəti Bizans sənətidir. Bizanslar musiqini əyləncə vasitəsi kimi görürlər. Bizanslı sənətçilər əyləndirirlər, amma türk mədəniyyətində sənətçilər bilgi verirlər. Ona görə də Dədə Qorqudun adı Oğuzun bilicisi kimi düşüb tarixə. Halbuki Dədə Qorqud sənətçidir, əlində qopuzu var. O, qopuz çalıb, söz söylərdi. Bu gün bir çox şairlər Dədə Qorqudun sözlərindən ilham alıb yeni şeirlər yazırlar.
Şöhrət sənəti öldürür

- Tanınmış türk sənətçisi Sezen Aksu bizim “Sarı gəlin” xalq mahnısını erməni mahnısı kimi təqdim etdi. Müğənninin mahnını erməni dilində oxuması ilə bağlı media qarşısında hər hansı etirazınız oldumu?

- Mən özüm bu hadisənin şahidi olmamışam, amma dostlarımdan eşitdim ki, belə bir hal yaşanıb. Bütün hallarda nəyəsə etiraz etməyim üçün mütləq o hadisəni görüb, eşitməyim lazımdır. Məsələn, bildiyiniz kimi, bir neçə il əvvəl Türkiyə hökuməti tərəfindən bir “kürd acılımı” məsələsi ortaya qoyulmuşdu. Adını çəkdiyiniz xanım gecənin bir aləmində baş nazirə telefon edib, belə bir söz deyib ki, bu açılımı dəstəkləyənlər iki cahanda da ləkəsizdir. O zaman mən buna etiraz edərək dedim ki, siz türk millətindən üzr istəməlisiniz. Çünki bu millətin bir qismi AKP-yə səs verirsə və bu səs verənlər “kürd açılımını” dəstəkləyirsə, siz “bu açılımı dəstəkləməyənlərin üstündən keçəkmi” deyirsiniz? Bu o deməkdir ki, Türkiyədə xalqın yarıdan çoxu ləkəlidir. Sizin dediyiniz məsələ də çox üzücüdür. Təəssüf ki, Türkiyədəki ictimai rəy ölkə ictimaiyyətinin çoxluğunun mövqeyini əks etdirmir.
- Bu gün şou-biznes bütün dünyada ciddi sənəti küncə sıxışdırıb. Sizcə, bu rəqabətdə əsl sənətin sıradan çıxma təhlükəsi varmı?

- Bu mənim yaralı yerimdir. Mən beş il əvvəl “Şöhrət sənəti öldürdü, cinayəti mən gördüm” adlı bir kitab yazdım. Bir dəfə sənətçilərə “həqiqətən də şöhrət sənəti öldürürmü?” sualı verildi. Onların əksəriyyəti “öldürməz” deyə cavab verdilər. Çünki məsələ şöhrətli olmaq məsələsidir. Türkiyədəki və dünyadakı anqlosakson sistem sənəti öldürür. Bütün dünyada şou-biznes əsl sənətə təsir etdir, sənəti öldürür. Onlar üçün yeni şeylər lazımdır. “Kral öldü, yaşasın yeni kral! Sənətkarlar öldü, yaşasın yeni sənətkarlar! Mahnı öldü, yaşasın yeni mahnılar!” Ancaq millət üçün yaranan mahnılar ölməz. Məsələ şöhrətli olmaq məsələsidir. Şöhrət sənəti öldürür. Türkiyədən tez-tez Azərbaycana müğənnilər qonaq gəlir. Onların əksəriyyətinə nə Azərbaycanın, nə də Türkiyənin öz problemləri maraqlı deyil. Siz onların konsertlərinə can atırsınız, amma Türkiyənin həssas nöqtələrində onlar heç vaxt görünmürlər. Onların məqsədi yalnız şöhrət qazanmaqdır. Mən Türkiyədə ictimai rəydə o qədər məşhur deyiləm. Ancaq orada ən çox konsert verən sənətçilərdən biriyəm. Türk milləti davasından vaz keçməyəcəyəm. Musiqi millətin bir parçasıdır. Mən də bu millətin övladı olaraq musiqimizi paylaşıram. Bir düşünün, niyə hələ də Üzeyir Hacıbəylidən danışırıq? Əlbəttə, gənc dostlarımıza bundan yüz il əvvəl baş verən hadisələr o qədər də maraqlı görünmür. Sıradan insanlar ancaq sadə günlərini yaşayır, hər gün qarşılaşdıqları məsələlərə baxırlar. Amma qeyri-adi insanlar sabaha baxar. Sabahın güclü və uğurlu olmasının ən əhəmiyyətli yolu isə keçmişdən ilham almaqla mümkündür. Çünki keçmiş gələcəkdir. Üzeyirlə, Cavidlə hələ də maraqlanmağımızın səbəbi də budur. Onlar böyük bir sənət, mədəniyyət binası tikdilər. İndi şou-biznes bu binanı yıxmaqla məşğuldur. Bu, Türkiyədə də belədir. Eyni zamanda, dünyada da bu proses gedir.
Vəsait tapan kimi...

- Siz bir neçə il əvvəl Qarabağ haqqında film çəkməyə başladınız. Ancaq film yarıda qaldı. Səbəb nədir?

- Qarabağ haqqında film maliyyə məsələsinə görə dayanıb. Biz bu filmi öz imkanlarımızla çəkməyə başladıq, ancaq maliyyə sıxıntısını həll edə bilmədiyimizdən hər şeyi yarıda saxladıq. Bu barədə danışmaq məni ağrıdır. Filmin ssenarisi hazırdır, hətta filmin Azərbaycanda çəkiləcəyi yerlər də müəyyənləşib. Aktyor heyəti də ilə də müəyyən razılıqlar əldə edilib. Həmin filmi çəkmək mənim əsas ideallarımdan biridir. İnşallah, maliyyə məsələsini həll edən kimi filmi ərsəyə gətirəcəyik.
- Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qeyd edib ki, Qarabağla bağlı çəkilən istənilən filmə dövlət dəstək verməyə hazırdır. Əgər dövlət dəstək göstərməyə hazırdırsa, nə üçün müraciət etmədiniz?

- Açığı, ssenarini dövlət qurumlarına təqdim etməmişəm. Ancaq bu fürsətdən istifadə edib çox hörmətli Nizami Cəfərova səslənirəm: rica edirəm, bizim ssenarimizlə maraqlansın. Əslində, dövlət qurumlarına fikrimi bildirməməyimin bir səbəbi də ssenarimin içərisində olan proseslərlə bağlıdır. Dövlət bunu qəbul etməyə bilər. Mən isə daha azad davranmağı sevirəm. Qarabağla bağlı çəkiləcək bu filmin ssenarisinin içərisindən bir cümləmin belə çıxarılmasını istəmərəm. Mən burdan həm də iş adamlarına səslənirəm ki, bu məsələyə laqeyd yanaşmasınlar. Axı Qarabağ təkcə Əhməd Şəfəqin dərdi deyil. Həm də bu film təkcə Azərbaycan üçün çəkilmir. Film gələcəkdə Avropa və dünya ölkələrində nümayiş etdirilmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün nəzərdə tutulub.
- Azərbaycana növbəti gəlişlərinizdə Qarabağ torpaqlarında yaşayan məcburi köçkünlər qarşısında konsert proqramı ilə çıxış etmək planınız varmı?

- Bu, əslində yaxşı ideyadır. Mən Azərbaycana ilk gəlişimdə Qarabağda yaşayan məcburi köçkünlərlə görüşə getdim. Əsgərlərlə görüşdüm. İnşallah, gələn ilin aprel-may aylarında Qarabağda solo-konsertlə çıxış etmək haqqında düşünürəm. Xocavəndə gedəndə orada çəkilən bir video-çarxı mənə seyr etdirdilər. Orada oğlu şəhid olan bir ana var idi. O, «İnsan müvəqqətidir, ancaq Vətən daimidir!» - dedi. Onun sözləri qulağımdan heç çəkilmir. Biz hər bir işi Vətən üçün görməliyik. Mənim bu yaxınlarda işıq üzü görən albomumun adı da “Vətən gözlüm”dür. Dünyada insanın ən çox sevdiyi Vətəndir. O üzdən, mən albomumu «Vətən gözlüm» adlandırdım.
- Türkiyədə yenidən Ermənistanla sərhədlərin açılması məsələsi gündəmə gəlib. Bu günlərdə xarici işlər naziri Əhməd Davudoğlu da Ermənistana səfər edib. Beynəlxalq güclər bu mövzuda hökumətə təsir göstərməkdədir. Sizcə, onlar məqsədlərinə çatacaqlarmı?

- Biz hörmətli hökumətimizi bu fikrindən döndərə bilmədik. Niyə döndərə bilmədik, onu da bilmirəm. Xatırlayırsınızsa, bir neçə il öncə İsveçrədə bir sazişə imza atdılar, amma alınmadı. Mənim fikrimcə, beynəlxalq səviyyədə anqlosakson siyasətçilər Türkiyə siyasətçilərinə təzyiq göstərirlər ki, Ermənistana bir şəkildə güzəştə getsin. Fikrimcə, bu yenə alınmayacaq.
- Dekabrın 21-də keçiriləcək solo-konsertiniz haqqında nə deyərdiniz? Tamaşaçıları hansı sürprizlər gözləyir?

- Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə konsert proqramımı təqdim edəcəyəm. Konsertə hazırlıqlar uzun müddətdir gedir. Budəfəki repertuarıma yeni mahnılar daxil edilib. Konsert zamanı ümumilikdə 22 mahnı ifa olunacaq. Mahnılar əsasən «Vətən gözlüm» albomundan olacaq. Bu albomda isə 14 mahnı yer alıb. Konsert günü bir sürprizim də olacaq. Bir mahnım var ki, onu ilk dəfə Opera Teatrının səhnəsində oxuyacağam. Çünki mən Əhməd Şəfəqəm, mən çərçivəyə sığmıram.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər