• cümə, 29 Mart, 17:39
  • Baku Bakı 14°C

Milan presedenti: Azərbaycanı özünə hədəf seçən qüvvələrə tutarlı cavab

16.02.18 11:00 666
Milan presedenti: Azərbaycanı özünə hədəf seçən qüvvələrə tutarlı cavab
İki il əvvəl Avropadakı bəzi anti-Azərbaycan qüvvələri tərəfindən əsassız olaraq ölkəmizə qarşı korrupsiya ittihamının irəli sürülüməsi heç də təsadüfi deyildi. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış məlumatlarda guya Azərbaycanın bir sıra avropalı deputatları ələ aldığı öz əksini tapmışdı. Lakin bir neçə gün əvvəl Milan məhkəməsi şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesinə yekun vurdu və o, bəraət aldı. Buradan da bəlli olur ki, "müstəqil jurnalistlər” adı altında şəbəkələşmiş bir sıra qüvvələrin məqsədi Azərbaycanın sağlam beynəlxalq imicini ləkələmək olub.
Qeyd edək ki, məsələyə münasibət bildirən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətin Milan məhkəməsinin qərarı ilə kifayətlənməyəcəyini və bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlanılacağını deyib. O, əlavə edib ki, məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə bildirdi ki, Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarı ədalətin bərpasıdır: "Uzun müddət gedən bu istintaq pərdəsi altında Azərbaycan dövlətini və bir sıra rəsmilərimizi ittiham edən məqamlar var idi. Milan məhkəməsinin çıxardığı ədalətli qərarı alqışlayırıq. Bu məhkəmənin qərarı ilə istintaqın arxasında görünməyən şəxslərin Azərbaycana qarşı apardığı çirkin oyunlar iflasa uğradı və ədalət bərpa olundu. Haqq nazilər, amma üzülməz deyiblər. Hesab edirəm ki, bu məsələdə də belə oldu. Bilirsiniz ki, beynəlxalq aləm, o cümlədən Avropa İttifaqının rəsmiləri də bu məhkəmə prosesini izləyirdi. Aİ və Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin üzvü kimi qeyd etmək istəyirəm ki, bu həm də Avropa İttifaqında mövqeyimizi bir az da gücləndirəcək. Bir ildir ki, Azərbaycanla Aİ arasında danışıqlar gedir və əməkdaşlığımız mövcuddur. Eyni zamanda vurğulayım ki, Aİ-də Azərbaycanın dostları qrupu yaradılıb. Bütün bu proseslərdən sonra da əminəm ki, Avropa İttifaqında Azərbaycanla dostluq etmək istəyən insanların sayı artacaq. O cümlədən bu qarayaxmaların arxasında duran insanlar az-çox başa düşəcəklər ki, bu cür çirkin əməllər onlar tərəfindən nə qədər qızışdırılsa da, sonda öz təsdiqini tapmayacaq”.
Ç.Qənizadə xatırlatdı ki, məsələ ilə bağlı Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz münasibətini açıqlayıb: "O, doğru olaraq qeyd edir ki, Azərbaycan hakimiyyəti Milan məhkəməsinin qərarı ilə kifayətlənməyəcək və bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindədir. Məhz bu fikirlərin arxasında həm də ölkənin siyasi kursunun istiqamətlənməsi görünür. Qeyd edilən hüquqi prosedurlarla bağlı ölkənin Baş Prokurorluğu ilə müzakirələr aparılacaq. Çünki hüquqi prosedurlardan söhbət gedirsə, bu artıq Baş Prokurorluq səviyyəsində müzakirə predmetidir. Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycan dövlətinin atacağı addımlarla bağlı bir sıra məqamları görəcəyik”.
Millət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, korrupsiya ittihamında adı çəkilən italyan siyasətçi Luka Volonteyə bəraət verilməsi ermənilər və ermənipərəst qüvvələrin yalan və hiyləsini bir daha ifşa etdi: "Məlum olduğu kimi, Avropadakı ermənilər və ermənipərəst qüvvələr daim Azərbaycana qarşı qarayaxma kampaniyaları apararaq müxtəlif beynəlxalq təşkilatlarda çalışırlar ki, Azərbaycanın beynəlxalq arenadakı mövqelərini zəiflətsinlər. Belə qurumlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır ki, burada da ermənilər bizə qarşı şantajlara əl atır. Hətta bu kampaniya o səviyyəyə çatıb ki, italyan deputat Luka Volonteni ittiham edirdilər. Guya Azərbaycan onu pulla ələ alıb və həmin rüşvətin müqabilində L.Volonte Azərbaycanı müdafiə edir. Lakin son nəticə bir daha onu göstərdi ki, bu, ermənipərəst qüvvələrin şər və böhtanıdır. Milan məhkəməsi deputatın günahsızlığını sübuta yetirib, ona bəraət verdi və bu qərar ermənilərə və ermənipərəst qüvvələrə bir matəm oldu”.
E.Nəsirovun vurğuladı ki, bu cür hərəkətlər bir daha sübut edir ki, Azərbaycana qarşı qüvvələr şər-böhtanla məşğuldur, əsassız ittihamlar irəli sürür: "Hesab edirəm ki, bu proseslə artıq Milan presedenti yarandı. Bu, Azərbaycanı özünə hədəf seçən qüvvələrə tutarlı bir cavab oldu”.
Politoloq Ramiz Alıyev isə qeyd etdi ki, lobbilərin təsirində olan bir sıra təşkilatlar hər vəchlə Azərbaycanın imicinə zərər vurmağa çalışırlar: "Müəyyən yollarla ələ ala bildikləri siyasətçilər vasitəsilə bəyanatlar səsləndirmək və ölkəmizə qarşı qarayaxma kampaniyası aparmaq bəzi qüvvələrin məkrli siyasətinin bir parçasıdır. Ancaq həmin qüvvələrin istəklərini yerinə yetirməyərək obyektiv şəkildə Azərbaycana sevgisini bəyan edən siyasətçilərə də bu və ya digər formada təsir etməyə cəhd edirlər. Düşünürəm ki, Prezidentin köməkçisi Əli Həsənovun dediyi kimi, artıq bu cür təşkilat və komissiyalara lazımi formada hüquq müstəvisində cavab verilməlidir. Onların bəzi lobbi təşkilatlarının təsir dairəsində olduqları bəyan edilməlidir”.
R.Alıyev əlavə etdi ki, kimliyindən və hansı təşkilat olmasından asılı olmayaraq, Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan hər bir şəxsə, o cümlədən təşkilatlara qarşı hüquq müstəvisində adekvat cavab verilməlidir: "Hesab edirəm ki, bu qarayaxma kampaniyası yalnız Azərbaycan dövlətinə və hansısa bir dövlət orqanına deyil, bütövlükdə Azərbaycan xalqına qarşı aparılır. Bu kampaniyaların başında isə erməni lobbisi və onun maliyyəsi ilə hərəkət edən təşkilatlar dayanır”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər