• cümə axşamı, 25 aprel, 10:20
  • Baku Bakı 14°C

Mikayıl Cabbarov korrupsiya hallarından danışdı

28.08.13 11:06 1213
Mikayıl Cabbarov korrupsiya hallarından danışdı
Bu il Azərbaycanda orta məktəbləri bitirən hər bir şəxs attestat əldə edə bilib.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib ki, nəticə etibarı ilə bu il Azərbaycanda orta məktəbləri bitirən 99,3% şagird attestat alıb. Nazirin sözlərinə görə, yerdə qalan 0,7% şagirdlərin yekun sənəd ala bilməməsi obyektiv səbəblərdən irəli gəlir: “Onların arasında orduya cəlb olunanlar, ailə həyatı quran, müəyyən obyektiv səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən şagirdlər var. Bu ildən etibarən orta məktəbi bitirən bütün məzunlara şəhadətnamə və attestatların verilməsi isə bir sıra məsələlərin həllinə xidmət edirdi. Açıq bildirməliyəm ki, bir çox hallarda attestatın verilməsində korrupsiya üçün bir səbəb kimi istifadə olunurdu. Həqiqətən bəzən mənfi hallar baş verirdi, attestat verilmirdi və ya qiymət mənfi olurdu. Belə olduğu halda qiymət və attestatdan mənfi alət kimi istifadə edilir, müzakirə predmetinə çevrilirdi. Təhsil Nazirliyinin həyata keçirdiyi siyasət ondan ibarətdir ki, məktəblər və şagirdlər sağlam mühitdə oxumalıdır və burada hər hansı bir riyakarlıq məqbul sayılmamalıdır. Əgər şagirdin qiyməti “2”dirsə, deməli, ki o, “2” qiyməti almalıdır”.
M. Cabbarov, son illərin statistikasına əsaslanaraq deyib ki, böyük bir qisim şagirdlər 9-cu sinifdən sonra şəhadətnamə və ya 11-ci sinifdən sonra attestat almayıb. Onun sözlərinə görə, bu rəqəmlər son illərdə hətta buraxılış siniflərində olan şagirdlərin 20%-nə qədərini əhatə edib: “Attestat və ya şəhadətnaməsi olmayan şagirdlərin gələcəkdə sosial həyatda iştirak imkanları da dərhal məhdudlaşırdı. Onların hətta qəbul imtahanları vermək hüquqları yox idi. Bunu da ədalətli hesab etmirəm, çünki bir çox hallarda bu və ya hansısa fənn üzrə yaxşı nəticə göstərə bilməyən şagirdlər digər fənlər üzrə istedadlı olur və yaxşı nəticələr əldə edə bilirlər. Ona görə də qərarın verilməsində əsas amillərdən biri də o idi ki, məzunlar arasında bərabər imkanlar yaradılsın. Hesab edirik ki, burada həm konstitusiya hüquqlarını, həm də obyektivliyi təmin edə bilmişik. Bu qərarın qəbul edilməsində əsas dəstək prezident İlham Əliyevə məxsus idi. Onun dəstəyi ilə tədris ilinin sonuna az qalmış müddətdə qərar qəbul edildi və təmin olundu”.
banner

Oxşar Xəbərlər